AZ

İrandakı əməliyyat neçə gün davam edəcək?

Xəbər verdiyimiz kimi, İran ilə ABŞ və İsrail arasında bu gün hərbi qarşıdurma baş verib. 

Bu baxımdan Azərbaycan dövləti bu prosesi diqqətlə izləyir.

Hazırda hamını bu sual düşündürür, bu, uzunmüddətli bir müharibədi, yoxsa göstərişli güc təhdididir? Diplomatik həll imkanları varmı, yoxsa tərəflər artıq qarşıdurma mərhələsinə keçiblər?

Politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, ABŞ və İsrailin İrana bu gün həyata keçirdiyi hücum əslində 12 günlük savaşın davamı kimi qiymətləndirilməlidir:

"Nəzərə alsaq ki, həmin qarşıdurma başa çatdıqdan sonra tərəflər bir-birinə qarşı təhdidləri davam etdirirdi və son dönəmlərdə bu təhdidlərin səviyyəsi xeyli artmışdı. Faktiki olaraq tərəflər diplomatik danışıqlar formatından daha çox zaman qazanmaq və hərbi güclərini səfərbər etmək məqsədilə istifadə etdilər.

Hesab edirəm ki, ABŞ və İsrail tərəfindən qısa müddətli planlaşdırılmış hərbi əməliyyat kimi nəzərdə tutulur. Amma həmin qısa müddət ərzində bu savaş hədəflərinə çatacaqmı bunu demək çox çətindir".

O qeyd edib ki, savaşın ilk saatlarından İranın müxtəlif istiqamətlərdə verdiyi cavablar, təkcə İsrail ərazisini deyil, eyni zamanda ABŞ-nin bölgədə olan hərbi bazalarını hədəfə alması diqqət çəkir:

"Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən hərbi bazalara raket hücumlarının həyata keçirilməsi onu göstərir ki, İran da bu savaşa hazırlaşıb və cavab verməkdə tərəddüd etməyəcək. Savaşın qısa müddətdə dayanması, region üçün faydalı nəticə ola bilər.

Lakin görünən odur ki, münaqişənin ilk anından etibarən proses regional savaşa çevrilmək üzrədir. Belə ki, İran artıq yalnız İsrail və ABŞ-ni deyil, eyni zamanda bölgə ölkələrindəki hədəfləri də vurmaqla münaqişəni daha geniş coğrafiyaya yaymağa çalışır. Bu isə uzunmüddətli savaş deməkdir”. 

Politoloq əlavə edib ki, uzunmüddətli savaş Donald Trampın maraqlarına uyğun deyil:

"Trampa qısa müddətdə effektiv nəticə verən savaş lazımdır ki, həm beynəlxalq arenada Amerikanın təsir imkanları artsın, həm də daxili auditoriyaya bunu uğurlu nəticə kimi təqdim edərək noyabr ayında keçiriləcək aralıq seçkilərdə qələbə qazansın. Bu bir savaşdır hansısa bir güc nümayişi deyil".

O vurğulayıb ki, tərəflər məsələnin həlli ilə bağlı çox fərqli, bir-birinə daban-dabana zidd mövqelərə malikdir:

"Diplomatik həll yolu məsələsinə gəldikdə isə və diplomatik təmaslar ötən il də həyata keçirilib. Bu ay ərzində də bir neçə dəfə görüşlər keçirildiyi bildirilib. Hətta danışıqların konstruktiv keçdiyi də qeyd olunub. Lakin bütün bunlara baxmayaraq, konkret nəticə əldə olunmayıb.

Bu baxımdan, burada diplomatik yolla çözüləsi bir məqamın qaldığını düşünmürəm. Çünki diplomatik razılaşma ABŞ-nin tələblərini qəbul qəbul etmək faktiki olaraq İranın kapitulyasiyası anlamına gəlir kimi bir anlayış mövcuddur. Məhz buna görə İran geri addım atmır".

O bildirib ki, bu, yalnız ABŞ–İran qarşıdurması deyil:

"İsrail faktoru da prosesdə mühüm rol oynayır. Bundan əlavə, bu savaş təkcə enerji resursları uğrunda mübarizə deyil. Bu, həm də strateji dəhlizlər və kommunikasiya xətləri üzərində nəzarət uğrunda aparılan mübarizədir. Buna görə də üzdə olmasa da Çin amili də nəzərə alınmalıdır. Arxa planda Çin İrana dəstək verir və prosesdə dolayı yolla iştirak etdiyini deyə bilərik".

Seçilən
0
cebheinfo.az

1Mənbələr