Universitet tələbələrinin bir qismi 90 dəqiqəlik akademik dərs saatının 60 dəqiqəyə endirilməsinin tərəfdarıdırlar. Tələbələrin bu istəyinə qoşulan müəllimlər də az deyil. Onların fikrincə, dərsin ilk yarım və ya bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər.
Nəticədə yorğunluq və diqqət dağınıqlığı, informasiya itkisi tədrisin keyfiyyətinə mənfi təsir göstərir. “Mühazirə dərsləri 80, seminar və praktika dərsləri isə 60 dəqiqə təşkil edilə bilər”, - kimi təkliflər səslənir.
Ancaq bu keçidə hələ hazır olmadığımızı, keçid üçün ciddi araşdırmalara və müzakirələrə ehtiyac olduğunu söyləyənlər də var.
“Tələsməməli və işin asanına qaçmamalıyıq”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu cür qərarlar qəbul edərkən ciddi düşünmək lazımdır: “Çünki belə qərarların qəbulu bəzi problemlər də yarada bilir. Ona görə biz maksimal dərəcədə tələsməməli və işin asanına qaçmamalıyıq. Son vaxtlar tendensiya odur ki, hər şey asanlaşsın. Universitetlərə qəbul daha asanlaşdırılsın, dərs saatları daha da azaldılsın və s. Mən düşünürəm ki, bu, gələcəkdə bizə yaxşı heç nə vəd etmir. Özüm də universitetdə dərs deyirəm və 90 dəqiqəni çox hesab etmirəm”.