Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İrana qarşı başlanan hərbi əməliyyatın gözlənilən fəsadlarından biri də neft qiymətlərinə təsiridir. Əksər ekspertlər hesab edirlər ki, bu əməliyyat qlobal neft qiymətlərində qısamüddətli də olsa artıma səbəb olacaq. Sonrakı proses isə hərbi əməliyyatın gedişatından və onun nə qədər sürməsindən asılı olacaq.
Lakin bu hərbi əməliyyatı düşünənlər mümkün kəskin bahalaşmanın qarşısını almaq üçün müəyyən tədbirlər də görüblər. İlk olaraq, hücum şənbə gününə, yəni, birjaların bağlı olduğu vaxta təyin olunub ki, yaranan ajiotaj qiymətləri dərhal kəsin şəkildə yuxarı çəkməsin. Bundan əlavə, martin 1-də OPEK ölkələrinin iclası keçiriləcək və orada neft ixrac edən ölkələrin hasilatı artırmağa qərar verəcəyi gözlənilir. Əgər bu qərar qəbul edilərsə, hərbi əməliyyatın neft qiymətlərinə təsiri müəyyən dərəcədə yumşaldıla bilər. OPEC iclası tezliklə keçirilməsəydi, bu, neft qiymətlərində böyük bir artıma səbəb olardı. Odur ki, mütəxəssislərin fikrincə, OPEC rəhbərliyi sabah neft hasilatının artırılması ilə bağlı kifayət qədər güclü açıqlamalar verəcək və bu, qiymət artımını bir şəkildə kompensasiya edəcək.
Lakin buna baxmayaraq, neft bazarı yenə də bazar ertəsi günü işə başlayanda qiymət artımı qaçılmaz olacaq. Çoxları qiymətlərin birdən-birə azı 3-5 dollar arası artacağını gözləyir. Bu artımın nə qədər dayanıqlı və miqyasca çox olması əvvəldə qeyd etdiyimiz kimi, hərbi əməliyyatın bitmə tarixindən və onun nəticələrindən asılı olacaq.
Bu arada qeyd edək ki, hələlik neft nəqlində mühüm rol oynayan Hörmüz boğazının bağlanması, yaxud minalanmasıyla bağlı hər hansı məlumat yoxdur. Bu, o deməkdir ki, hələlik hərbi kampaniya plana uyğun gedir və neft nəqlində kəsinti nəzərə çarpmır.
Əksər ekspertlərə görə, münaqişə iki həftədən artıq davam edərsə, neft bazarında köklü dəyişiklik, artım gözləmək olar. Əgər daha qısa müddətə bitərsə, qiymətlər qısa vaxtda əvvəlki səviyyələrə qayıda bilər.
Göründüyü kimi, son illər dünya iqtisadiyyatı, bazar qiymətləri, fond bazarları və s. hansısa iqtisadi yeniliklər, kəşflər və texnologiyalardan çox ordular, hərbi təyyarələr, gəmilər, PUA-lar, “Tomoqavk”, “İskəndər” raketlərİ və s. tərəfindən müəyyən olunur. Bu isə yaxın gələcəkdə bəşəriyyətə yaxşı heç nə vəd etmir…
E.Qüdrətoğlu
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.