Azərbaycan daha bir böyük oyunun həyəcanını yaşayır. Əslində “böyük oyun” ifadəsi “Neftçi” – “Xəzər Lənkəran” duellərinə aiddi, vaxtilə “Futbol+” bu adı qoydu, 2007-ci il fevralın 16-da “Bəhramov”da keçirilən oyunu 25 min azarkeş izlədi. İndi isə “Qarabağ” – “Sabah” duellərinə ad qoymaq lazımdı. Bunun üzərində düşünərik, indi məsələ başqadı.
Görəsən, Azərbaycan bu komandalardan hansına azarkeşlik edəcək? Veteranların ağzını aradıq, stadiona gedib-getməyəcəklərini, simpatiyalarının hansı komandadan yana olduğunu soruşduq.
Vaqif Sadıqov: “Qarabağ”ın xal itkisinə məruz qalmaq şansı yoxdu”
Neytral insanlarıq. Mütləq belə oyunlara gedirik, izləyirik. Hamımız orda olacağıq. Azarkeşlər də komandalarını tək qoymayacaq. Dərk edirik ki, bu oyundan sonra gələn mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanı hardasa tapa bilərik. Hər iki komandaya uğurlar arzulayıram. Məncə, şanslar bərabərdi. “Qarabağ” artıq ÇL-lə vidalaşıb. Bundan sonra bütün fikrini çempionata yönəldəcək. Xal itkisinə məruz qalmaq şansları yoxdu. Güclü olan qalib gəlsin. Əsas odu ki, ölkəmizi Avropada uğurla təmsil etsinlər, layiq olan qələbə qazansın.
Şahin Diniyev: “Qarabağ” qalib gəlsə, çempionluq mübarizəsi daha da gərginləşəcək”
Mən futbolu ekrandan izləməyi sevirəm. Stadiondan izləyəndə hansısa epizodu qaçırırsan, diqqətlə izləyə, təkrara baxa bilmirsən. Bu vacib oyundu. “Qarabağ” qalib gəlsə, çempionluq mübarizəsi daha da gərginləşəcək. “Sabah” udsa, xal fərqi 10-a yüksələcək. Amma bu da o demək deyil ki, sondu. Demək olmaz ki, bu oyunla çempion bəlli olacaq. Amma hər iki komanda özümüzündü. Xarici komanda olsaydı, azarkeşlik edərdik. Futbol mütəxəssisləri, jurnalistlər neytral olmalıdı.
Arif Əsədov: “Hər iki komanda mənim üçün doğmadı”
Qarşıda bizi maraqlı oyun gözləyir. Son vaxtlar ilk pillə uğrunda belə gərgin mübarizənin şahidi olmamışdıq. Stadiona getməyəcəm, evdən izləyəcəm. Rəsmi təklif olsaydı, stadiona məmnuniyyətlə gedərdim. Simpatiyaya qalanda hər iki komanda mənim üçün doğmadı. “Qarabağ”da uzun illər futbolçu kimi oynamışam. “Sabah”da isə yeni yarananda məşqçi kimi çalışmışam. Əsas odu ki, sürətli, dinamik oyunun şahidi olaq.
Mahmud Qurbanov: “Heç bir komandaya azarkeşlik etməyəcəm”
Oyuna baxacam, amma dəqiq bilmirəm ki, ekrandan, yoxsa stadiondan. Heç bir komandaya azarkeşlik etməyəcəm, etmirəm. Çempionatda oyun əsnasında yaxşı oynayan komandaya azarkeşlik edirəm. Hər iki komandanın öz oyun dəst-xətti var. Hər ikisi birinci yer uğrunda mübarizə aparır. Heyətlərində maraqlı futbolçular var. Oyun maraqlı, gərgin keçəcək. Ümid edirəm ki, yaxşı mübarizə görəcəyik.
Xatırladaq ki, “Qarabağ” – “Sabah” oyunu sabah saat 19.00-da start götürəcək. Hər kəs stadiona!
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta