AZ

ADPU-nun Quba filialında “Qəlb cəbhəsi” kitabı maraqla qarşılanıb

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev açıb. O, Azərbaycanın keçdiyi uzun və qətiyyətli qələbə yolundan bəhs edib, icra olunan layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük təsir göstərdiyini, “Qəlb cəbhəsi” kitabının dəyərli bir nümunə olduğunu diqqətə çatdırıb.

ADPU-nun Quba filialının əməkdaşı Nəhayət Şirinovanın moderatorluğu ilə davam edən tədbirdə layihə haqqında məlumat vermək üçün söz DGTYB başqanı İntiqam Yaşara verilib. O, rəhbərlik etdiyi təşkilatın beynəlxalq layihələrlə yanaşı Azərbaycanın regionlarına dair fəaliyyətləri də diqqətdə saxladığını bildirib. Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin cəmiyyətin ruhuna böyük təsir etdiyini vurğulayıb və layihə haqqında geniş məlumat verib.

44 günlük Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova bu cür layihələrin gənclərin formalaşması üçün vacib amil olduğunu, kitabda yer alan nümunələrin təsirini vurğulayıb.

Sonra 44 günlük Vətən müharibəsinin iştirakçı şairləri Oğuz Alparslan, Təhməz Türkoğlu çıxış edərək cəbhə xatirələrindən danışıb, qələbənin əldə olunmasına xalq və ordu birliyinin səbəb olduğunu vurğulayıblar.

Daha sonra 44 günlük Vətən müharibəsi iştirakçıları Ağadadaş Dadaşov, Ramin Yunusov, Vurğun Qəniyev, İsmət Əhmədov, ADPU Quba filialının tələbələri, gənc şairlər Günəş İskəndərov və Əli Daşdəmirov çıxış edib, şeirlər səsləndiriblər.

DGTYB-nin “Diplom” və “Təşəkkürnamə”ləri ilə təltifi ilə davam edən tədbir imza mərasimi ilə başa çatıb.

Daha sonra Bakı şəhərindən gələn qonaqlar filialın şəhid qəhrəmanlarımızın adlarını daşıyan auditoriyalarında və kitabxana və elektron resurslar şöbəsində tələbələrlə görüşüb, layihə çərçivəsində çap olunmuş kitabları hədiyyə ediblər.

Seçilən
42
1
azertag.az

2Mənbələr