AZ

Tarixi ədalətin təntənəsi, milli ləyaqətin bərpası və dövlət gücünün nümayişi  

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında etdiyi çıxış Azərbaycan xalqının tarixi yaddaşına, ədalət mübarizəsinə və milli iradəsinə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir. Bu çıxış həm keçmişin ağrılarını xatırladan, həm də qazanılmış Zəfərin və təmin edilmiş ədalətin təntənəsini nümayiş etdirən mühüm tarixi müraciət kimi dəyərləndirilə bilər.

Dövlət başçısı iki il əvvəl təməli qoyulan Memorial Kompleksin məhz Xocalıda açılmasını xüsusi vurğulayaraq bunun rəmzi və tarixi əhəmiyyətini ön plana çıxardı. Əvvəllər Bakıda inşası nəzərdə tutulan memorialın azad edilmiş Xocalıda ucaldılması Azərbaycanın qətiyyətinin, inamının və Zəfərə olan əminliyinin təntənəsidir. Bu, sadəcə bir abidənin açılışı deyil, ədalətin öz yerini tapmasının simvoludur.

Prezident  İlham Əliyev çıxışında Xocalı soyqırımını Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayət kimi xarakterizə edərək bu faciənin məsuliyyətinin konkret şəkildə Ermənistanın üzərinə düşdüyünü bildirdi. 600-dən çox günahsız mülki şəxsin, o cümlədən qadın və uşaqların qəddarcasına qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirildi. Dövlət başçısının bu mövqeyi tarixi həqiqətlərin açıq və qəti şəkildə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışda Heydər Əliyev Fondunun və xüsusilə “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti yüksək qiymətləndirildi. Leyla Əliyevanın təşəbbüsü ilə illər ərzində dünyanın müxtəlif ölkələrində aparılan sistemli maarifləndirmə işi nəticəsində artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması Azərbaycanın prinsipial və ardıcıl siyasətinin bəhrəsi kimi təqdim olundu. Bu, informasiya müharibəsində qazanılmış mühüm diplomatik uğur kimi xüsusi təqdirə layiqdir.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq təşkilatların biganəliyinə baxmayaraq, Azərbaycan ədalət uğrunda mübarizədən geri çəkilmədi. 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin mərhələli şəkildə təmin olunmasının real təzahürüdür. “Ədaləti biz özümüz təmin etdik” fikri çıxışın əsas ideya xəttini təşkil edir və Azərbaycanın müstəqil iradəsini, gücünü və qətiyyətini əks etdirir.

Dövlət başçısının işğal dövründəki təzyiqlərə baxmayaraq geri çəkilməməsi, danışıqlar nəticə vermədiyi təqdirdə ərazi bütövlüyünün hərbi yolla bərpa ediləcəyi barədə verdiyi vədin gerçəkləşməsi liderlik iradəsinin bariz nümunəsidir. 44 gün ərzində qazanılan tam və mütləq Qələbə, ardınca həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın suverenliyinin tam təmin olunması ilə nəticələndi. Bu, təkcə hərbi uğur deyil, həm də siyasi uzaqgörənliyin, iqtisadi gücün və milli birliyin nəticəsi kimi qiymətləndirildi.

Memorial Kompleksin açılışında Xocalı sakinlərinin iştirakı xüsusi rəmzi məna daşıyır. 30 il ərzində ağrı və kədər içində yaşayan, lakin inamını itirməyən insanların iradəsi Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil, indi Azərbaycan güclü iqtisadiyyata, peşəkar orduya və müstəqil siyasətə malik qüdrətli dövlətdir.

Prezident İlham Əliyevin çıxışı həm də gələcəyə yönəlmiş mesajlarla yadda qaldı. Güclü dövlət, güclü ordu və milli birlik amillərinin qorunmasının vacibliyi vurğulandı. Eyni zamanda, Azərbaycan Ordusunun müharibəni beynəlxalq humanitar hüquq normalarına uyğun apardığı, mülki əhaliyə qarşı heç vaxt müharibə aparmadığı qeyd edilərək xalqımızın mənəvi üstünlüyü ön plana çəkildi.

Nəticə etibarilə, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə bir xatirə mərasimi deyil, həm də tarixi ədalətin təntənəsi, milli ləyaqətin bərpası və dövlət gücünün nümayişidir. Prezident İlham Əliyevin çıxışı Azərbaycan xalqının yaddaşına, şəhidlərin xatirəsinə sədaqətin və ədalət uğrunda aparılan mübarizənin qətiyyətli yekununun parlaq ifadəsi kimi yüksək qiymətləndirilməlidir.

Vasif Qafarov,

Milli Məclisin deputatı

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr