NASA rəhbərliyi “Artemis” Ay proqramını yenidən strukturlaşdırdığını açıqlayıb. Məlumata görə, ilkin planlaşdırılan “Artemis III” missiyası Ay enişi üçün deyil, Yer orbitində texnoloji və birləşmə testlərinə yönəldiləcək.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni plana əsasən Ayda astronavt enişi 2028-ci ildə “Artemis IV” missiyası çərçivəsində həyata keçiriləcək.
Bu dəyişiklik texniki çətinliklər və təhlükəsizlik səbəbləri ilə izah olunur. NASA mütəxəssisləri bildirirlər ki, 2027-ci ildə Yer orbitində baş tutacaq “Artemis III” uçuşu gələcək Ay missiyaları üçün mühüm sınaq olacaq, kosmik gəminin birləşmə və digər texniki prosedurlarını yoxlayacaq.
NASA-nın sözçüsü qeyd edib ki, missiya ardıcıllığının dəyişdirilməsi Ay proqramının təhlükəsizliyini artırmaq və missiyaların uğur şansını maksimuma çatdırmaq üçün atılan strateji addımdır. Yeni planlaşdırmaya görə, 2028-ci ildə iki Ay enişi həyata keçiriləcək və bu da “Artemis” proqramının əsas məqsədlərindən biridir.