AZ

“Paylaşımı silin” çağırışından “həll edək” deyənlərə: “Azərbaycan Universitetləri” 15 yaşında

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Globalinfo.az 15-ci illiyinin tamam olması münasibətilə “Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Sülymanla müsahibəni təqdim edir:

– Azərbaycanda 15 il sosial şəbəkə səhifəsi idarə etmək və bunu xüsusilə təhsil sahəsində xəbər mənbəyinə çevirmək asan deyil. “Azərbaycan Universitetləri” həm də təhsil iştirakçıları (müəllim, şagird, tələbə, valideyn) və müvafiq qurumlar arasında bir növ körpü rolundan çıxış edir. Belə bir səhifənin yaranması ideyası necə ortaya çıxdı?

– 15 ilin əvvəlini götürsək, ümumi sosial medianı ciddi qəbul etməyən düşüncələri, son dövrlərdə isə ciddi kontent yaratmağı bacarmayanları görürük. Bunların fonunda uzun-uzadı məlumatları oxumayan bir nəsil yetişdiyini müşahidə edirik. Görün vəziyyət nə həddədir ki, adi videolar belə insanların “səbr sayğacın”a uyğun çəkilir, 30-40 saniyəni keçmir. Bunun özü ciddi problemdir. Cəmiyyət olaraq ciddilikdən əziyyət çəkirik. Tez həzm olunan məlumatlar sevilir. Bütün bunların fonunda ciddi təhsil səhifəsi işlətmək olduqca çətindir. “Ana səhifə”də bir istifadəçinin bayağı bir paylaşımın ardınca xaricə tam təqaüdlə qəbul alan azərbaycanlı tələbənin xəbərini görüb bəyənməsi, biz adminlərin də bununla reytinq yığa bilməsi çətin olsa da, mümkünsüz deyil . Biz bunu göstərə bilirik. “Azərbaycan Universitetləri” cəmiyyətə faydalı məlumatlar verməyi özünə bir borc bilir.

2011-ci ildə sadəcə tələbələrin boş vaxtlarını keçirmək üçün yaratdığı bir səhifə idi. O zaman “Facebook” yeni-yeni populyarlaşmağa başlamışdı, bayağılıq vardı, ancaq indiki qədər deyildi. O dövrün tək problemi sosial mediadan 18 yaşlı yeniyetmələrin istifadəsində olan problem idisə, bu gün bu yaş aralığı 30-40-ın üzərindədir. “Universitetlərarası like yarışması” ilə məşhurlaşan bir sosial media səhifəsi bu gün faydalı kontentlər yaradır.

– Səhifədə təhsilin bütün pillə və istiqamətlərini əhadə edən məlumatlara yer verilir. Bura tənqidlər, narazılıqlar da daxildir. Hətta bəzən yerli KİV-də yayılmayan məlumatlar ilk olaraq “Azərbaycan Universitetləri”ndə paylaşılır. Ölkənin təhsil müəssisələri ilə bu dərəcədə yaxın koordinasiya necə formalaşıb?

–  Əvvəllər səhifə yalnız universitetlərə aid olsa da, karantindən sonra bütün ölkə təhsilini əhatə etdi. Çünki ali təhsilə gedən yol ibtidai və orta təhsildən keçir. Bünövrə nə qədər güclüdürsə, ali təhsil bir o qədər keyfiyyətli olacaq. Mən pedaqoji cəhətdən dedim, ancaq sosial medianın da bu baxımdan öz qaydaları var. Biz arada boşluq buraxıb “problem universitetlərdədir” deməklə səhv edirik. Təhsilin bütün pillələri, xüsusilə orta təhsil çox önəmlidir, zəncirvaridir. Məsələn, hər hansı bir rayonda olan kənd məktəbində şəraitsizlik varsa, mentalitet qızların 11-ci sinfi bitirməsinə imkan vermirsə, biz bunları görməzdən gəlib həmin məktəbin yalnız uğursuz qəbul nəticələrini ictimailəşdirə bilmərik. Problemin kökü haqda danışılmalıdır. Son illərdə çalışırıq bunu edək. Ancaq bir nüansı da bildirim ki, son 3 ildə Elm və Təhsil Nazirliyi ilə “yenilənən məktəblər” layihəsi başlayıb. Vaxtilə paylaşdığımız baxımsız məktəblər yeniləndikcə, illər əvvəlin paylaşımlarını indi yenilənən şəkillərlə uzlaşdırıb yayımlayırıq. Bu, gələcək üçün böyük ümidlər verir. O ki qaldı KİV-də olan təhsil məlumatlarının ilk səhifədə yayımlanmasına, mənim admin olaraq qeyri-rəsmi bir devizim var: “Bir xəbəri ya ilk biz veririk, ya da ümumiyyətlə vermirik”. Koordinasiya isə bir ayın, bir ilin məqsədli işi deyil. İllərlə formalaşan ümumi münasibətlərin, kommunikasiyaların məcmusudur.

– Qeyd etdiyim kimi, səhifədə o cümlədən narazılıq və tənqidlər də paylaşılır. Burada əsasən tələbələrin universitetlərlə bağlı fikirləri, onları narahat edən məqamlar öz əksini tapır. Heç olubmu ki, hər hansı paylaşımı müvfiq qurum, yaxud müəssisə sildirmək istəsin?

– “Azərbaycan Universitetləri”nin illərlə qarşılaşdığı əsas problem məhz hər hansı bir təhsil məlumatının silinməsidir. Hesab edirəm ki, təhsillə bağlı neqativ bir xəbəri silmək o problemi daha da böyütməkdir. Təhsil heç vaxt bitmir. Ömür boyu davam edir. Ona görə də problemi silmək yox, onun həllinə çalışılmaq lazımdır. Son dövrlərdə isə bunun da çarəsini tapmışıq. Universitetlərin KİV-ləri ilə sıx işləyirik. Onlara isə yaxşı xəbərlərdən daha çox problemləri göndərir, onların ən qısa zamanda həllinə çalışırıq. Beləliklə, nə universitetin şəxsi nüfuzuna ziyan gəlir, nə də biz paylaşımı silmək məcburiyyətində qalırıq. Bu günün universitet rəhbərləri daha əlçatan olduqlarına görə bəzən KİV-dən də öncə problemi görüb, səssiz şəkildə həllinə maraq göstərirlər. Bu, çox yaxşı əlamətdir.

Zöhrab Süleyman

– Paytaxt və bölgələrdəki tədris şəraitindən xəbərdarsız. Ölkədə elm və təhsilin vəziyyətini necə görürüsüz? Ümumiyyətlə, ən çox razı və narazı qalınan məqamlar nələrdir?

– Digər sualların hər birində problemlərə az-çox bu və ya digər şəkildə toxunduq. Təhsildə son illərdə qazanılan uğurları görməzdən gəlmək olmaz. Mən 90-ların uşağı olduğumdan rahatlıqla deyə bilərəm ki, bizim dövrdə şagird və tələbələrə indi yaradılan qədər şərait yaradılmırdı. İndi şagirdlər rahatlıqla dünya miqyasında tanınmağa can atır, təhsildə olan uğurları ilə xaricdə dövlət hesabına oxumağa gedir, universiteti bəyənmədikdə evdə oturmaqlaali təhsil müəssisəni, ixtisasını dəyişə bilir, dünya universitetlərinin seminarlarına qoşulur, olimpiadalarda maneəsiz iştirak edir, qalib gəlir, universitetlərə imtahansız qəbul olur, problemini rəhbərliyə çox rahatlıqla bildirə bilir, təhsil kreditindən faydalanaraq tədris həyatını davam etdirir, ödənişə görə yarıda kəsmir, təhsilverənlər tapşırıqla yox, şəffaf şəkildə məktəblərə qəbul olur, hətta müəllimlər də məsuliyyətli olublar, onlar da vaxtaşırı imtahanlardan keçir, şagirdlərin dil öyrənməklə bağlı heç bir sıxıntıları olmur, hətta nazirlə də rahatlıqla ünsiyyət qura bilirlər. Bunlar bizim dövrdə həsrət qaldığımız anların kiçik bir hissəsidir. Dövlətin təhsil siyasəti indi özünü daha qabarıq, daha peşəkar formada göstərir. Biz hər həftə savadı, zəkası ilə uğur qazanan insanları paylaşırıq. Buna “camaatın uşağı” adını vermişik. Sadə xalqın içindən çıxan azərbaycanlılar Avropanın, ABŞ-ın ən nüfuzlu universitetlərinə, transmilli şirkətlərinə qəbul olursa, bu, mövcud təhsilimizin uğurlarıdır. Jurnalistlərimizin qarşısına hər ay çıxıb istənilən suala cavab verə bilən, heç bir problemdən qaçmayan nazirimiz varsa, deməli ölkədə təhsil var, olub, olacaq. Sadəcə bunları PR etmək lazımdır.

– Səhifənin fəaliyyəti müddətində sizi ən çox çətinə salan məqamlar, yaxud paylaşmaqdan ən çox qürur duyduğunuz məlumatlar hansılardır? “Azərbaycan Universitetlərinin” adında qeyd olunduğu kimi sadəcə ali təhsillə məhdudlaşmadan təhsilin bütün pillələrindən olan iştirakçıların diqqətini bu qədər çəkməsinin səbəbi nədir?

– Sosial media yeni-yeni populyarlaşanda bunu qəbul etməyən o dövrün universitet rektorları bizim ən çox əziyyət çəkdiyimiz məqamlar sırasında idi. Zaman keçdikcə yeni dövrün rektorları gəldi və bu problem aradan qalxdı. Artıq hər rektor sosial mediada tələbələrlə danışır, problemlərini, qayğılarını dinləyir. Bu, müsbət irəliləyişdir, belə də olmalıdır. Avropanın ən böyük bankına qəbul olan azərbaycanlı, dünya universitetlərinin reytinq lideri olan Massaçussets Texnologiyalar İnstitutuna qəbul olan azərbaycanlı qızlarımız, buraxılış və qəbul imtahanlarında maksimal nəticə göstərənlərin son illər daha çox qızlardan ibarət olması, “Google”, “Meta” kimi dünya nəhənglərinə azərbaycanlıların işə qəbul olması, həmyerlilərimizin ucqar kənddən çıxıb ABŞ-ın, Avropanın nüfuzlu universitetlərində təhsil almaq haqqı qazanması, regionlarda olan məktəblərin yenilənməsi, bölgə universitetlərində qəbul və tədris keyfiyyətinin yüksələn xətlə inkişaf etməsi, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əməkdaşlığa başlamaları və s. bu kimi onlarla xoş hadisələr var ki, onları paylaşmaqdan qürur duyuruq. Biz ümumi orta təhsil müəssisələrinin də, kollec və peşə məktəblərinin tələbələrinin də uğurlarını, qayğılarını paylaşdığımıza görə onların da diqqətini çəkə bilmişik. Bir daha təkrar edirəm ki, dövlətin təhsil siyasətini prioritet sayaraq bu yolda yorulmadan işimizə davam edəcəyik. Hər şey təhsilimiz üçündür.

Ayşən Mustafa

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr