AZ

Rusiya "sülh masası"nı dağıdır, yenə şantaja başlayır: Qərb Ukraynaya nüvə silahı verəcəkmi?

Mövcud qəliz situasiyada hər hansı Qərb ölkəsinin Ukraynaya nüvə silahı ötürə biləcəyi ilə bağlı ehtimal qətiyyən inandırıcı görünmür... Ona görə də, Rusiyanın "nüvə şantajı" indi siyasi-diplomatik "pəncərə"ni daha da daraldır və hərbi-psixoloji "təzyiq alətləri"ni ön plana keçirir...

Hakimiyyet.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının dayandırılması üzrə "sülh prosesi" tədricən iflasa doğru yaxınlaşır. Rusiya "sülh masası"nda öz şərtlərini diqtə olunmasında, qarşı tərəfə qəbul etdirməkdə çətinlik çəkir. Rəsmi Kiyev ABŞ-ın bütün açıq və səhnəarxası təzyiqlərinə baxmayaraq, Ukrayna ərazisilərinin Rusiyaya güzəştə gedilməsindən qətiyyətlə imtina edir. Və ona görə də, indi Kreml növbəti dəfə"nüvə şantajı" yeni mərhələsinə start verməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, əvvəllər Kreml "nüvə şantajı"nı daha çox Qərb ölkələrinə qarşı təhdidkar ritorika üzərində qururdu. Ancaq bu dəfə Rusiya bəzi Qərb ölkələrini nüvə silahı ilə bağlı “qırmızı xətləri” keçməkdə ittiham edir. Belə ki, Kremlin son təhdidkar bəyanatları fərqli məzmun daşısa da, Ukrayna savaşını yeni və daha təhlükəli mərhələyə keçirir.

Məsələ ondadır ki, Rusiyanin yüksək rütbəli təmsilçiləri israrla iddia edirlər ki, France və Böyük Britaniya guya Ukraynaya nüvə texnologiyası, hətta nüvə silahı ötürməyi planlaşdırır. Kremlin Rusiya Xarici Kəşfiyyat Xidməti üzərindən irəli sürdüyü bu iddialar həmin ölkələrə qarşı açıq nüvə təhdidləri ilə paralelləşdirilib. Və indi artıq Rusiya Fransa və Böyük Britaniyanı nüvə zərbəsi ilə hədələyir.

Belə ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə bəyan edib ki, əgər, həmin ölkələr Ukraynaya nüvə silahı transfer edərlərsə, buna “qeyri-strateji nüvə silahı da daxil olmaqla, istənilən vasitədən istifadə olunmaqla, cavab veriləcək”. Üstəlik, Rusiyanın nüvə zərbələri yalnız Ukrayna ilə məhdudlaşmaya və həm də “təchizatçı ölkələrə” qarşı da yönələ bilər. Və Kremlin bu təhdidkar strateji mesajı Qərbi Ukrayna savaşının arealını genişləndirmək hədəsi ilə şantaj etmək məqsədi daşıyır.

Eyni zamanda, Kreml "nüvə şantajı"nın növbəti mərhələsi ilə NATO ölkələrini birbaşa savaş riskinin təsiri altına salmaq niyyəti də güdür. Çünki Rusiya siyasi dairələri bunun "sülh masası"nda Qərblə danışıqlarda təzyiq aləti formalaşdıra biləcəyinə ümid bəsləyirlər. Hər halda, Dmitri Medvedev son illərdə Kremlin ən sərt ritorikasını ötürən fiqurdur. Və onun təhdid bəyanatları çox vaxt “Kremlin rəsmi mövqeyindən də daha sərt test siqnalı” funksiyası daşıyır.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynaya "nüvə transferi" barədə kəşfiyyat məlumatları "sülh danışıqları"nda mütləq nəzərə alınacaq. Bu isə onu göstərir ki, Rusiya mövzunu yalnız hərbi deyil, həm də siyasi-diplomatik təzyiq vasitəsi kimi də istifadə etməyə çalışır. Yəni, Rusiyanın savaş və diplomatiya narrativləri artıq dəyişməyə başlayıb. Hər halda, “xüsusi hərbi əməliyyat” artıq yalnız Ukrayna deyil, kollektiv Qərbə qarşı da savaş kimi təqdim olunur. Bu çərçivədə isə Fransa və Böyük Britaniya əsas hərbi hədəf olaraq göstərilir.

Məsələ ondadır ki, əgər, hər hansı nüvə dövləti nüvə silahını başqa ölkəyə ötürərsə, bu, nüvə silahının yayılmasını qadağan edən beynəlxalq sazişin açıq şəkildə pozulması deməkdir. Fransa və Böyük Britaniya həmin sazişə imza atmış rəsmi nüvə dövlətləridir. Ukrayna isə 1994-cü ildə Budapest Memorandumu əsasında nüvə arsenalından rəsməm imtina edib. Ona görə də, nüvə silahının Ukraynaya transferi Qərb üçün həm hüquqi, həm siyasi, həm də strateji baxımdan, son dərəcə yüksək riskli və faktiki olaraq, qeyri-real görünür. Və üstəlik, Rusiya kəşfiyyatına istinadən Kremlin gündəmə gətirdiyi iddialarda heç bir rəsmi təsdiqlənmiş fakt da yoxdur.

Təbii ki, bu təsdiqlənməmiş iddialara sığınan Rusiyanın “qeyri-strateji nüvə silahı”ndan istifadə ehtimalı nəzəri olaraq, mövcuddur. Ancaq bu addım Rusiyanin NATO ilə birbaşa həu qarşıdurma riskini maksimum həddə çatdırar. Eyni zamanda, bu, 1945-ci ildən sonra Avropada ilk nüvə silahından istifadə presedentini yaradar. Kollektiv Qərbin Rusiyanın beynəlxalq təcridini kritik həddə çatdırmasına ciddi səbəb verər. Və bu, Rusiya üçün həm də Çin, eləcə də digər neytral aktorlarla münasibətlərdə əlavə risklər demək olardı.

Bütün bunlara baxmayaraq, əgər, Kreml "nüvə şantajı"nı davam etdirərsə, bu, NATO-nun şərq cinahında hərbi mövcudluğun daha da gücləndirilməsinə də səbəb ola bilər. Halbuki, hələlik NATO üçün əsas prinsip - Ukraynaya dəstək vermək, ancaq Rusiya ilə birbaşa savaş təhlükəsindən yayınmaq taktikası dəyişməz qalır. Və belə bir situasiyada ABŞ-ın Rusiyanın "nüvə şantajı"na verə biləcəyi reaksiya da həlledici xarakter daşıya bilər.

Ona görə də, Kremlin "nüvə şantajı"nı reallığa çevirməyə cəsarət edəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Ancaq bununla belə, Rusiyanın Fransa və Britaniyanı ayrıca olaraq, hədəfə çıxarması da qətiyyən təsadüfi deyil. Çünki bu iki Qərbi Avropa dövləti Ukraynaya hərbi dəstək məsələsində daha fəal mövqe tutur. Bu baxımdan, Kreml üçün nüvə dövlətiləri olan Böyük Britaniya və Fransa üzərindən "nüvə şantajı"nı inkişaf etdirib, dramatikləşdirmək daha əlverişlidir. Və Kreml nüvə savaşı ilə bağlı təhlükəni növbəti dəfə ön plana çəkməklə, "sülh masası"nda Rusiyanın mövqeyini gücləndirməyə cəhd göstərir.

Halbuki, indiki qarşıdurma mərhələsində hər hansı Qərb ölkəsinin Ukraynaya nüvə silahı ötürməsi ilə bağlı ehtimal qətiyyən inandırıcı görünmür. Ona görə də, Rusiyanin bu barədə təsdiqedici faktlardan uzaq iddianı gündəmə gətirməsi özü belə, olduqca riskli davranışdır. Əsas təhlükə isə real nüvə istifadəsi ilə bağlı ehtimal deyil, məhz yanlış hesablamalar və əsassız təhdidkar mesajlardır. Çünki Rusiyanın "nüvə şantajı" siyasi-diplomatik "pəncərə"ni daha da daraldır və hərbi-psixoloji "təzyiq alətləri"ni isə ön plana keçirir.

Seçilən
13
3
hakimiyyet.az

4Mənbələr