Hava limanı, liman infrastrukturu və turizm obyektlərinə hücumlar Körfəz regionunda gərginliyi yeni mərhələyə daşıyıb...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Məlumata əsasən, İranın cavab zərbələri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin əsas iqtisadi və turizm mərkəzi olan Dubayda bir sıra strateji obyektlər zərər görüb. Hücumların hava limanlarını, hərbi obyektləri, limanları və hotel komplekslərini əhatə etdiyi bildirilir ki, bu da region üçün indiyədək görünməmiş eskalasiya kimi qiymətləndirilir.
Bildirilir ki, hava məkanında baş verən insident zamanı Dubay Beynəlxalq Hava Limanı zədələnib. Eyni zamanda, Yaxın Şərqin ən böyük logistika mərkəzlərindən biri hesab olunan Cəbəl-Əli limanında yerləşən körpülərdən birində yanğın baş verib. Hadisə nəticəsində liman əməliyyatlarında fasilələr yaranıb, bəzi yük gəmilərinin hərəkəti müvəqqəti dayandırılıb.
Zərbələr Dubay Marinası və Palm Cumeyra ətrafındakı yaşayış zonalarına da təsir göstərib. Palm Cumeyrada yerləşən “Fairmont The Palm” hotelində yanğın qeydə alınıb, şəhərin simvollarından biri olan “Bürc əl-Ərəb” binasına isə ziyan dəyib. Dubay uzun illərdir regiondakı münaqişələrdən kənarda qalmaqla təhlükəsiz investisiya və turizm mərkəzi imici formalaşdırmışdı. Son hadisələr isə bu reputasiyaya ciddi zərbə kimi qiymətləndirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Fairmont The Palm” hoteli yaxın zamanda 325 milyon ABŞ dollarına satılmışdı. Bu satış Körfəz ölkələrində hotel sektoruna artan tələbin göstəricisi hesab olunurdu. Analitiklərin fikrincə, məhz bu obyektin zədələnməsi regionun turizm iqtisadiyyatına dəyən ziyanın ən simvolik nümunələrindən biridir.
Hadisələr Ramazan ayına təsadüf edib. Bu dövrdə təşkil olunan korporativ iftar və sahur mərasimləri biznes əlaqələrinin qurulması və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik riskləri və logistika problemləri isə həm beynəlxalq tədbirlərə, həm də turizm axınına birbaşa təsir göstərə bilər.
Ekspertlər bildirirlər ki, Dubayın iqtisadi modeli sabitlik, təhlükəsizlik və açıq bazar prinsipləri üzərində qurulub. Hava limanı və liman infrastrukturunun zədələnməsi yalnız turizm sektoruna deyil, eyni zamanda maliyyə xidmətləri, ticarət və nəqliyyat-logistika sahələrinə də uzunmüddətli təsir göstərə bilər. Mövcud vəziyyətin regionda daha geniş geosiyasi gərginliyə səbəb olub-olmayacağı isə yaxın günlərdə aydınlaşacaq.
Poliqon.info