Fars Agentliyi: Ölkənin cənubunda yerləşən qızlar üçün ibtidai məktəbə raket zərbəsi endirilib...
İranın cənubunda yerləşən Minab şəhərində qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəb binasına endirilən raket zərbəsi nəticəsində həlak olanların sayı 165 nəfərə çatıb.
Poliqon xəbər verir ki,bu barədə Fars xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 28-də, şənbə günü İsrail və ABŞ İran ərazisində hərbi əməliyyatlara başladıqlarını elan ediblər. “Şir nəriltisi” və “Epik qəzəb” adlandırılan əməliyyatlar çərçivəsində İranın bir sıra şəhərlərinə, o cümlədən paytaxt Tehran və Buşehrə raket zərbələri endirilib. İran tərəfinin bildirdiyinə görə, Minab şəhərində yerləşən məktəb binasına raketin birbaşa düşməsi nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının artacağı istisna edilmir.
İran prezidenti Məsud Pezeşkian hadisəni kəskin şəkildə pisləyərək məktəbə edilən hücumu “vəhşilik aktı” adlandırıb. O, mülki obyektlərin və xüsusilə də uşaqların hədəfə alınmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib və beynəlxalq ictimaiyyəti baş verənlərə reaksiya verməyə çağırıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokins isə Vaşinqtonun məktəbə endirilən raket zərbəsinin hallarını araşdırmağa başladığını açıqlayıb. Onun sözlərinə görə, mülki şəxslərin qorunması ABŞ üçün prioritet olaraq qalır və mümkün “qeyri-ixtiyari” zərərin minimuma endirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır. İran rəsmiləri hücumların davam edə biləcəyi ehtimalını istisna etmir, beynəlxalq müşahidəçilər isə Yaxın Şərqdə qarşıdurmanın daha geniş miqyas alması riskinin artdığını bildirirlər.
Poliqon.info