
Fransa, Böyük Britaniya və Almaniya (E3) İranın pilotsuz uçuş aparatı (PUA) və raket buraxılış potensialını yox etməyə yönəlmiş fəaliyyətlər də daxil olmaqla, İrana qarşı zəruri və mütənasib müdafiə tədbirlərinə hazır olduqlarını bildiriblər.
AFN.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kantsleri Fridrix Mers ABŞ və İsrailin hücumlarına cavab verən İranla bağlı birgə bəyanat yayıblar.
Bəyanatda vurğulanıb: "E3 liderləri İranın ABŞ və İsrailin ilkin hərbi əməliyyatlarında iştirak etməyən ölkələr də daxil olmaqla, region dövlətlərinə qarşı başlatdığı fərq qoymayan və qeyri-mütənasib raket hücumlarından dəhşətə gəliblər. İranın ehtiyatsız hücumları yaxın müttəfiqlərimizi hədəf alıb, bölgədəki hərbi heyətimizi və mülki şəxslərimizi təhdid edir".
İranı hücumları dərhal dayandırmağa çağıran liderlər qeyd ediblər ki, E3 ölkələrinin və regiondakı müttəfiqlərinin maraqlarını qorumaq üçün İranın raket və PUA buraxılış potensialını mənbəyində yox etməyə yönəlmiş zəruri və mütənasib müdafiə tədbirlərinin dəstəklənməsi də daxil olmaqla, müvafiq addımlar atılacaq.