AZ

“Bravo”da oğurluq edən şəxsi həbsdən azad etdirmə adı ilə 50 minlik dələduzluq etdi - HÖKM

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Dilqəm Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

İttihama əsasən, Dilqəm Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq) maddəsi ilə məhkəmə istintaqı aparılan Ə.Həsənovu 50 000 manat müqabilində həbsdən azad etdirəcəyinə dair yalan vəd verib.

 

Materiallara görə, o, həmin şəxsin oğlu və qaynı - zərərçəkmiş Anar Quliyevi (soyadı şərtidir) inandıraraq pul tələb edib. 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “BazarStore” mağazasının qarşısında zərərçəkmiş şəxs tərəfindən tanışı vasitəsilə göndərilən 36 480 manat pulu qəbul edib. Daha sonra 2024-cü ilin avqust ayının sonlarında həmin küçədə yerləşən “Xəmsə” kafesində şəxslə görüşərək əvvəlcədən razılaşdırılmış 50 000 manat məbləğin qalan 13 520 manatını da alıb.

 

Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 50 000 manat məbləğində vəsaiti vahid niyyətlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədə əməl etməyib. Nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.

 

Məhkəmə iclasında Dilqəm Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O ifadəsində göstərib ki, Anarı köhnə tanışı vasitəsilə tanıyıb. Təxminən 2024-cü ilin iyul ayında Rusiya Federasiyasında yaşayan İlham adlı şəxs ona zəng edərək yaxın qohumunun atasının Bakı şəhərində həbs edildiyini və azad olunmasına köməklik göstərilməsini xahiş edib. Həmin şəxsin “Bravo” marketdə ekspeditor işlədiyini və malların mənimsənilməsi ilə bağlı həbs olunduğunu bildirib.

 

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, 50 000 manat qarşılığında bu məsələni “həll edə biləcəyini” deyib və razılıq əldə olunub. Avqust ayında Nərimanov rayonu ərazisində gecə saatlarında iki naməlum şəxsdən 36 480 manat pulu avtomobildə qəbul etdiyini, daha sonra isə 10–20 gün sonra “Xəmsə” kafesində qalan 13 520 manatı aldığını deyib. O, ümumilikdə 50 000 manatı aldıqdan sonra şəxsi məqsədləri üçün xərclədiyini etiraf edib.

 

Dilqəm Məmmədov əməlindən peşman olduğunu, zərərçəkmişə 3 000 manat ödədiyini və azadlıqda olacağı təqdirdə qalan məbləği tam şəkildə qaytaracağını deyib.

 

Zərərçəkmiş Anar Quliyev isə məhkəməyə mülki iddia təqdim edərək, təqsirləndirilən şəxsdən onun xeyrinə 50 000 manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş edib. Dilqəm ona dəymiş zərərdən 3 000 manat ödədiyini və qalan borcun tam ödənilməsini tələb edib və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib.

 

Kamal Məmmədov

 

Tarix: 2 Mart 2026, 08:17   
Seçilən
32
pravda.az

1Mənbələr