AZ

İran Qərbin dostuna çevrilsə...- TƏHLİL

Şiəliyə və İrandakı molla rejiminə qarşı mənfi münasibətim barədə dəfələrlə yazmışam. Amma hər məsələyə obyektiv, adil və maraqlarımız baxımdan soyuqqanlı yanaşmağa çalışıram.
1. 4 ildir ki, Ukrayna xalqının qəhrəman mübarizəsi bizi valeh edir. Ukraynaya bütün Qərb dəstək verir. İran xalqı isə 50 ilə yaxındır ki, təkbaşına Rusiyadan daha güclü olan ABŞ-a və onun əlaltısı İsrailə və bütün Qərbə qarşı mübarizə aparır. Son həftələr ərzində İran Trampın təkliflərinə razı olsaydı, müharibə olmayacaqdı. Amma başda Xamenei olmaqla İran rəhbərliyi prinsiplərindən dönmədi və ölümü göz önünə alaraq sonadək getmək qərarına gəldi. Onların əqidəsini bəyənməyə bilərik, amma qəhrəmanlıqları, kişilikləri da göz önündəir. Müasir dövrdə belə misallar demək olar ki, yoxdur (əvvəllər olub: məsələn, Babək, Cavadxan, Şeyx Şamil). Dudayev dövründə çeçenler bir neçə il belə vuruşdular yalnız. 50 ilə yaxın sanksiyalar altında olan bu dövlət ABŞ və İsraillə layiqli texnoloji mübarizə aparır (zatən ABŞ və İsrail İranla yalnız texnoloji mübarizə apara bilir, ərazisinə girməyə cürət etmirlər). Son iki gün göstərdi ki, İran adekvat hərbi cavabları verməyə də qadirdir. Nəhayət, İran qədim dövlətçilik ənənələrinə uyğun olaraq elə bir siyasi sistem qurub ki, orada fərdi diktatura yoxdur. Məhv edilən hər vəzifəlinin yerinə dərhal yenisi gəlir. Bu sistemi bəyənməyə bilərik, amma hörmət etməmək də mümkünsüzdür. Belə sistemin daxili dayaqları güclü olmasaydı, duruş gətirə bilməzdi bu qədər həmləyə.
2. Təbii, rejimə qarşı daxildə güclü etiraz da var. Amma bu qədər xarici müdaxilədən sonra rejim çökmürsə, deməli, etirazçılar bizə sırınan rəydəki kimi elə də çox deyil. Eyni zamanda İrandakı rejimə qarşı mübarizə aparanlar da rejim rəhbərləri kimi prinsipial və fədakardır. Onları edam edirlər və s., amma mübarizəni aparırlar. Görünür, bu, İran xalqının təbiətindən irəli gəlir. İstedadlı və maksimalist xalqdır. Məhz xalqdır, millət yox. Çünki İran xalqı təkcə farslardan ibarət deyil.
3. Bəli, İran rejiminin xeyli mənfi cəhəti var. Amma guya ABŞ-da etirazçılarla daha mülayim davranırlar. Elə bu yaxınlarda polisin orada etirazçılarla davranışını gördük də! İran heç bir meyara görə dünyanın ən qəddar rejimi hesab oluna bilməz. Qadınlara münasibət pisdir? Təkbaşına istənilən xarici ölkəyə gedə bilirlər. Hicab tələbi də çox yumşaqdır. Məsələn, Səudiyyə Ərəbistanında xeyli sərtdir, amma nədənsə ABŞ-ı bu, narahat etmir. İranda hətta real seçkilər də var. Yəni hamı başa düşür ki, ABŞ və İsrailin həmləsi nə nüvə silahı, nə də iranlıları azad etməklə bağlı deyil. Məqsəd neft və qaz və İranın tranzit ərazisidir. İrandan ərəb dilli və türk dilli ölkələrə qarşı istifadə edəcəklər.
4. Əlbəttə, həmlə davam etdiyi təqdirdə rejim əvvəl-axır çökəcək. Bizə düşən bu çöküşü və nəticələrini qiymətləndirməkdir. Bu regionda ondan qat-qat güclü işğalçıya qarşı heç Babək də bu qədər vuruşmamışdı, amma sonda onun da Bəzz qalası kül olmuşdu. ABŞ və İsrail də Xilafətdən də amansızdır. Hətta məktəbli qızları da kütləvi həlak etdilər.
5. Təsəvvür edin ki, əclaf qonşunuz var. Quldurlar evinə basqın edir, körpə uşaqlar qarışıq hamını öldürürlər. Sevinəcəksiz? Ola bilər. Amma həm də qorxacaqsız ki, sabah sizin də başınıza bu gələ bilər. Buna görə də dövlətdən, polisdən qayda-qanunun yaradılmasını istəyəcəksiz. Məhz buna görə də ABŞ-la İsrailin quldur və vəhşi fəaliyyəti hamımızı qorxutmalıdır. Beynəlxalq hüququn süqutu sərhdələrimizə qədər gəlib çıxıb. Qlobal quldurlar üçün biz də heç nəyik. İsrail nəinki Fələstinə, az qala bütün qonşularının ərazisinə iddialıdır. İddiasını da Bibliya ilə əsaslandırır. Növbəti hədəflərindən biri də Türkiyədir, deməli, həm də bizik. Sadəcə düşünün: ABŞ və İsrailin nəyinə lazımıq axı biz? Bizdən istifadə etməkdən başqa heç nəyə görə. Oyun qaydaları isə artıq yoxdur. Baş verənlər göstərdi ki, nüvə silahı olmayan dövlət daim təhlükədədir. Odur ki, bundan sonra hamı onu əldə etmək istəyəcək. Deməli, bəşər daha böyük təhlükədədir.
6. Tutaq ki, İranda rejim çökdü. Sonra nə baş verəcək? Bizdə bəziləri Cənubi Azərbaycanın müstəqilliyini arzulayır. Pis olmazdı, əlbəttə, amma real görünmür. Çünki mövcud İran onsuz da fars dövləti deyil. Şiə dövlətidir və əsasən elə azərbaycanlılar tərəfindən idarə olunur. Təbii, hər dövlətdə etnik azlıqlar arasında separatçılar da var. Amma İranda bu, əsasən kürdlərdir. İran parçalansa ilk növbədə Kürd dövləti yarana bilər və bu da qardaş Türkiyə üçün təhlükədir. Digər tərəfdən, İranın parçalanması Liviya və Suriya sayağı terrorçu qrupların artması deməkdir. Bizə cənub sərhdələrimizdə lazımdırmı bu? Untumayaq ki, rejimin tərəfdarları da az deyil. Xameneinin Ramazan ayında bu cür öldürülməsi onu qəhrəmana çevirdi. Deməli, fanatiklər artacaq. 500 il əvvəl şiə fanatikləri qisas zəminində uzun mübarizədən sonra Səfəvi dövlətini qurdular. Bu dəfə nə olacaq?
7. Odur ki, İranın vahid dövlət kimi qalması təhlükəsizlik baxımdan bizim üçün ən yaxşı variantdır. Amma bunun da siyasi və iqtisadi mənfi cəhətləri var. Bu yaxınlarda yazmışdım ki, Tramp ABŞ-ın sonuncu böyük prezidentidir. Necə ki, Romada bu imperator Septimiy Sever olmuşdu. Həmin imperator Romanın əbədi düşməni olan İran Parfiyasını çökdürmüşdü. Amma yerində daha möhtəşəm Sasani imperiyası yarandı. Odur ki, İranda daha güclü dövlət yarana bilər (özü də bu dəfə məhz millətçi fars dövləti). Hətta ABŞ və İsrailin loyal olsa da, bizim üçün və Türkiyə üçün bu, əlverişli deyil. İran nefti və qazı dünya bazarına sərbəst çıxsa, qiymət kəskin düşəcək. Üstəlik İran ərazisi ən rahat və ucuz nəqliyyat dəhlizi olacaq. Deməli, biz Qərb üçün indiki əhəmiyyə malik olmayacağıq. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, İran İsrailin təbii müttəfiqidir. Çünki digər müsəlman dövlətlərindən fərqli olaraq nə ərəb dilli, nə də türk dillidir. Yəni regionda təkdir. İsrail kimi. Bu da onları təbii olaraq yaxınlaşdıracaq. İndiki ideoloji sədd götürülən kimi İran sürətlə inkişaf edəcək və böyük ehtimalla regionun lideri olacaq. Təsəvvür edin ki, 50 ilə yaxın Qərb texnologiyalarından təcrid edilməsinə baxmayaraq, onunla rəqabət aparan bu ölkə Qərbin dostuna çevrilsə, nələrə nail ola bilər...
Əkrəm Həsənov, hüquqşünas
Seçilən
11
news365.az

1Mənbələr