AZ

“Qan içində olduğum üçün uşaqlarım məni tanımadılar” – Zərərçəkənlər Xocalı soyqırımının dəhşətlərini danışır

Bakı, 2 mart, Göyçək Mahmudlu, operator Ceyhun Mustafayev, AZƏRTAC

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və erməni əsirliyində olmuş Hüseynağa Quliyev 34 il əvvəl ermənilərin törətdikləri hadisələrin şahidlərindəndir.

AZƏRTAC-ın əməkdaşı onlarla görüşərək, gördüklərini və başlarına gələn dəhşətləri qələmə alıb.

Xocalı od tutub yanırdı

Şamil Sabiroğlu deyib ki, o zaman “Səhər” qəzetində işləyib, “İki sahil” qəzeti ilə əməkdaşlıq edib, baş verənlərin şahidi olub: “Həmin vaxt Xocalıda böyük işlər görülür, müdafiə arxa plana keçmişdi. Düşünürdülər ki, insanları oraya köçürəcəklər və yaşayış hesabına ermənilərin qarşısını alacaqlar. Ermənilər isə tez-tez deyirdilər ki, tikin, onsuz da bizə qalacaq. Düşünürdüm ki, ermənilər belə deyirlərsə, deməli, arxalarında hansısa qüvvələr var və bizi təhlükə gözləyir. Biz dəfələrlə Prezident Aparatına yazdıq ki, Xocalı işğal olunacaq. 1992-ci il fevralın 21-22-də Ağdamda idik, özümüzlə müdafiə üçün silahlar götürmüşdük. Yollar bağlı olduğundan həmin silahları Xocalıya keçirə bilmirdik. Mən şahid olduqlarımı qəzetə ötürüb, xəbərdarlıq edirdim. Qaz, işıq, çörək yox idi, insanlar əziyyət çəkirdilər. Beş-on kisə un gətirib, 2 mindən çox insana paylayırdılar. Faciə baş verəndə Ağdamdan Əsgəranın yaxınlığına keçmişdik. Şelli, Qaraqaya tərəfdə idik. Aramızda 4 kilometr məsafə var idi. Fevralın 25-i gecə saat 11-12-də artıq yaralılar gəlirdi. Xocalı od tutub yanırdı. Bizə Xocalıdan gələnləri qarşılamaq haqqında xəbər gəldi. Fevralın 26-sı axşam saat 5-6-ya qədər 120-yə qədər yaralı daşımışam. Meyitlər isə Ağdam məscidinin yanındakı yerə aparılırdı. O zaman mobil telefon yox idi. Fevralın 26-sı axşam Ağdam rabitə şöbəsinə gələrək, məni Bakı ilə əlaqələndirmələrini xahiş etdim. Redaksiyamıza bu barədə məlumat verəndə mənə dedilər ki, məlumatlara görə Xocalıda cəmi 2 nəfər ölüb. Onlara ölənləri adbaad sadaladım. “Səhər” qəzetində 100-dək Xocalı sakininin qətlə yetirildiyini qeyd etmişdik. Qəzetin bu xəbəri ciddi rezonans doğurdu. Mənim Bakıda baş verənlərdən xəbərim yox idi. Martın 3-4-də çəkdiyim fotoları redaksiyaya göndərdim. Həqiqəti xalqdan gizlətmək istəyirdilər, lakin faktlar danışırdı. Sonradan hər şey üzə çıxdı və düzgün xəbər yaydığımız məlum oldu”.

Vəhşiliyi daha çox meşədə törətmişdilər

İctimai Birlik sədrinin sözlərinə görə, Xocalıdan gələnləri qarşılayanda onlarla danışmağa çalışıb, eşitdikləri və gördükləri isə dəhşətli olub: “Meyitlər vahiməli idi, əzalar kəsilmişdi. Onları o vəziyyətdə doğmalarına təhvil vermək çətin idi. Vəhşiliyi daha çox meşədə törətmişdilər. Xocalıda məktəb direktoru Cəfər Cəfərov var idi, ermənilər onu girov götürmüşdülər. Qərbi Azərbaycandan Xocalıya pənah gətirmişdi. Orada da doğmalarını itirmişdi, burada da itirdi. Ermənilər iti bıçağı onun boğazına dirəyib deyiblər ki, “Cəfər müəllim, siz uşaqlara yaxşı dərs keçməmisiniz. İndi deyin ki, balalarım, səhv etmişəm Qarabağ ermənilərindir”. Cəfər müəllim həmin ifadələri demədiyinə görə, onun başına bir oyun açıblar ki...”.

Onlar hamını məhv edirdilər

Erməni əsirliyində olmuş Xocalı sakini Hüseynağa Quliyev isə o dövrdə post komandiri olduğunu, camaata Xocalıdan çıxmaları barədə xəbər göndərdiklərini deyib: “Fevralın 25-i səhər bütün postları gücləndirmək barədə xəbər gəldi. Tabeliyimdə 32 nəfər və 1 avtomatımız var idi. Belə necə döyüşmək olardı? Xəbər verdim ki, hamı posta çıxsın. Fevralın 25-i saat 8-də tankların səsi eşidildi. 366-cı motoatıcı alay Xocalını mühasirəyə aldı. Saat 9-10 aralığında atəş açmağa başladılar. Yanan güllələr atırdılar ki, qaranlıqda daha vahiməli olsun. İki saat ərzində yuxarı postlarda 200-ə yaxın şəhid oldu. Tanklara, BMP-lərə qarşı avtomatla döyüş gedirdi. Onlar hamını məhv edirdilər. Qarşılarına uşaq çıxsa belə, ya üstündən tank sürürdülər, ya da güllə ilə vururdular. Artıq gücümüz çatmırdı. Şəhər od tutub yanırdı. Dedik ki, camaatı meşəyə çıxarın. İslanmaması üçün anamı belimə alıb, onu çaydan keçirdim. Bildirdilər ki, camaatın keçməsi üçün dəhliz açılıb. Dedim ki, aldanmayın, camaatı qıracaqlar. Hava çox soyuq idi. Camaat iki yerə bölünmüşdü. Xocalı sakinlərinin bir hissəsi dəhliz vasitəsilə Ağdama getmək istədi. Biz isə yuxarıya qalxmağa başladıq. Aradan yarım saat keçməmiş atəş səsləri eşitdik. Oradakıların hamısını öldürdülər”.

O qədər şəhid var idi ki...

Hüseynağa Quliyev gecə doğmaları ilə birlikdə ermənilərin mühasirəsinə düşür. O, həmin anları belə xatırlayır: “Meşəyə girməyə az qalmış elə bil yer ayağımın altından qaçdı, BMP və minaatanlarla vurdular. Dalğa məni olduğum yerdən 20 metr aşağı atdı. Heç nə hiss etmirdim, yalnız havaya baxırdım. Durub getmək istəyəndə ikinci zərbə oldu. Ayıldım ki, qaraltı gəlir. Hərbçi paltarında idim. Məndən çox adamın adını soruşdular, tanımadığımı bildirdim. Məni nə hala saldılar? Səhər duranda gördüm ki, əynimdə paltar yoxdur, üstümə benzin töküblər. Əsirlikdə olanlar yanmamağım üçün paltarımı çıxarıblar. Mənimlə birlikdə olanlara dedim ki, onsuz da öləcəyik, nə etsələr də, heç kim danışmasın. Hamıya işgəncə verirdilər, mənə isə daha çox zülm edirdilər. Səhərə kimi buzlu yerə qoydular, ağacla döydülər, bədənimdən qan axırdı. Növbəti gün özümə gəlib dururdum. Nə soruşsalar deyirdim ki, fəhləyəm, bilmirəm. Deyirdilər ki, necə fəhləsən ki, hərbi geyimdəsən? İki əkiz oğlumu qarşıma gətirdilər, məni onlarla sınamaq istəyirdilər. Düşünürdülər ki, onlara görə nəsə deyərəm, lakin uşaqları da qurban verdim. Tale üzümə güldü ki, qan içində olduğum üçün uşaqlarım məni tanımadılar, əksinə, qorxub qaçdılar. O qədər şəhid var idi ki, mən hətta övladlarımdan keçib, kimisə satmayacaqdım. Hər kəs bilməlidir ki, kim olur olsun, Vətəni satmaq olmaz. Mənə dedilər ki, başını kəsəcəyik, bıçağı boğazıma dirədilər. Elə bilirdilər, bizdə silah var, silah anbarının yerini soruşurdular. Ağzıma silah salırdılar, damağımı dağılıb, dişlərim qırılmışdı. Hətta bir dəfə birinin silahını ələ keçirib, bir neçəsini öldürmək istədim. Qaydasız döyüş üzrə məşq keçmişdim. Sadəcə çox döyüldüyümdən gücüm yox idi. Məni armaturla vurdular...”.

Əsirlərə dözülməz əzab verirdilər

Xocalı sakini bildirib ki, sonra ermənilər siyahı ilə gəlib, onun geri qaytarılmasının tələb olunduğunu deyiblər: “Başımı su ilə yudular, qan dayanmadı, məcbur papaq geyindirdilər. Məni postda düşürəndə bir-iki dəqiqə ayaq üstündə durandan sonra komaya düşmüşəm. Ağdamda meyitxanaya qoyublar, iki gün orada qalmışam. Dayım gəlib baxıb, şəxsiyyətimi təsdiqləyib. Anam üzümü açıb baxanda görüb ki, burun hissəmdə su var, sağ olduğumu bildirib. Dərhal həkimləri çağırıblar, nəbzim yoxlanılıb. Baxıblar ki, nəbzim zəif vurur, dayanır. Deyiblər ki, hələ dəfn etməyin, Bakıya aparın. Bir neçə aydan sonra özümə gəlmişəm”.

Hüseynağa Quliyev deyib ki, 8 gün əsirlikdə olub, həmin müddətdə ermənilər ona dəhşətli əzablar veriblər:”Hər gün ölümü gözləyirdim. 88 yaşlı babamın başının dərisini soymuşdular. Qurban kimi 17 yaşlı qaynımın başını erməni qəbrinin üstündə kəsmişdilər. Deyirdilər ki, nə vaxtsa ölən oğluma qurban lazımdır. Gəlib seçib aparırdılar. Bunu erməni qadınlar edirdilər. Bir gündə 11 nəfərin başını kəsdilər. Onlardan ən böyüyünün 22-23 yaşı var idi. Elə adam var idi ki, ona 32 güllə vurmuşdular... Anam o stresdən sonra xərçəngə tutuldu və dünyasını dəyişdi...”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ailəsi iki ay girovluqda qalıb: “Uşaqları gələcəyin əsgəri kimi bizə qarşı döyüşmək üçün saxlayırdılar. Amma sonradan hansısa erməninin yerinə oğlanlarımı qaytardılar. Həyat yoldaşımı buraxanda ona kağız vermişdilər. Kimsə vacib adam idi”.

Nəhayət, o günü görmək qismət oldu

Həm Şamil Sabiroğlu, həm də Hüseynağa Quliyev həmişə Xocalının işğaldan azad ediləcəyinə inandıqlarını vurğulayıblar.

”Nəhayət, o günü görmək qismət oldu. 2023-cü ildə Xocalı antiterror əməliyyatı nəticəsində azad edildi”, - deyə Şamil Sabiroğlu qeyd edib.

Hüseynağa Quliyev isə işğaldan azad olunandan sonra Xocalıya getdiyini, hazırda isə səbirsizliklə doğma torpağına orada yaşamaq üçün qayıdacağı günü gözlədiyini söyləyib.

Seçilən
71
1
azertag.az

2Mənbələr