AZ

“Bizim evdə Səməd Vurğuna aid nadir eksponatlar var, yaxın günlərdə...” - şairin nəticəsi - FOTO+ÖZƏL

“Bizim evdə Səməd Vurğuna aid olan çox vacib, maraqlı, bəzi nadir eksponatlar var. Bu bizim ailə tərəfindən qorunub saxlanılıb. Hələ ki, ictimaiyyətə və muzeyə təqdim olunmayıb. Həmin o mirvariləri yaxın gələcəkdə düşünürəm ki, nümayiş etdirim. Bunlar diplom və orden xarakterli bir neçə eksponatdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Səməd Vurğunun nəticəsi, ev muzeyinin direktoru, tanınmış pianoçu Vurğun Vəkilov deyib.
 
O daha sonra bildirib ki, şairin “Azərbaycan” poemasının orijinalı da bir müddət əvvəl nümayiş etdirilən eksponatlar sırasına daxil edilib:
“Muzeydəki əşyaların xüsusi saxlanma qaydaları var. Biz belə bir qədimi, vacib bir mədəni dəyəri, irsi qoruyub saxlamışdıq. Uzun illər idi “Azərbaycan” poemasının sürətini nümayiş etdirirdik. Mən muzeyə direktor gələndən sonra həmin əlyazmaya özüm baxdım və qərara gəldim ki, bu bir neçə müddət nümayiş oluna bilər. Təbii ki, həmin otaqda işıq və havalandırma sistemi nəzərə alınmalıdır. Cüzi işıq dayanmadan o əlyazmaya düşsə artıq onun korlanmasına səbəb ola bilər. Bu muzeyə gələn ziyarətçilər üçün də çox önəmli və vacib eksponatdır”.
 
Vurğun Vəkilov bildirib ki, muzeylərə insanların, xüsusən də gənclərin marağı böyükdür.
“Səməd Vurğunun ev muzeyinə 2022-ci ildə direktor təyin olunmuşam. Muzeydə müxtəlif istiqamətlərdə yeniliklərə doğru işlər gedir. Muzey öz fəaliyyətini uğurla davam etdirir. Mən bura gəlməmişdən öncə belə bir müəmmalı düşüncəm var idi ki, ziyarətçilər çox olmaz. Bizim cəmiyyətdə təəssüf ki, belə bir anlayış var ki, gənclər muzeylərə çox getmirlər, kitab oxumurlar. Mən bura direktor gələndən sonra gördüm ki, hər şey tam əksinədir. Həqiqətən də muzeyə gələnlərin əksəriyyəti gənclərdir. Bu da çox sevindirici haldır. Xaricdən də bizdə ziyarətçilər olur. Muzey öz aktuallığını qoruyub saxlayır. İldə iki dəfə-həm muzey günündə, həm də gənclər günündə muzeylərə açıq qapı elan edilir və bu zaman daha çox ziyarətçi olur”, - deyə direktor bildirib.
Seçilən
14
moderator.az

1Mənbələr