AZ

Ombudsman Aparatında “Susmayan həqiqətlər” adlı sərgi açılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ombudsman Səbinə Əliyeva çıxış edərək bildirib ki, “Susmayan həqiqətlər” sərgisi xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə dinc insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb. Ombudsman bu hadisələrin sülh və insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri – soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər. Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından bəhs edilib. Bildirilib ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqları kobud şəkildə pozulub.

Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materialların tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərin ombudsman tərəfindən sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına və insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir. Sərgi martın 31-dək ziyarətçilər üçün açıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
7
azertag.az

8Mənbələr