AZ

Professor: Bakıda təşkil olunan konfrans türkoloji araşdırmaların gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır

Ankara, 2 mart, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda təşkil olunan beynəlxalq konfrans yalnız keçmişin xatırlanması deyil, eyni zamanda türkoloji araşdırmaların yeni mərhələyə keçidi üçün konseptual əsasların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və şübhəsiz ki, bundan sonrakı elmi fəaliyyətlərə də güclü stimul verəcəkdir.

Bu fikirləri AZƏRTAC açıqlamasında Türkiyənin Kafkas Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları (Azərbaycan türkcəsi və ədəbiyyatı) departamentinin müdiri professor İlkin Qulusoy deyib.

Onun sözlərinə görə, 1926-cı ilin fevralın 28-dən martın 6-dək Bakıda keçirilən I Türkoloji Qurultayı keçmiş SSRİ ərazisində yaşayan türk xalqlarının dili, ədəbiyyatı, əlifbası, tarixi, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm qərarlar qəbul edib. “Bu Qurultay XX əsrdə türk xalqlarının, xüsusilə Azərbaycan xalqının mədəni həyatında dərin iz qoyan ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb”, - deyən alim, sovet məkanından olan alimlərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş qonaqların da yer aldığı qurultayın işində, ümumilikdə 131 elm və mədəniyyət xadiminin təmsil olunduğunu xatırladıb.

Professor İ.Qulusoy bildirib ki, I Türkoloji Qurultayı türk xalqları arasında mədəni yaxınlaşma və inteqrasiyanın güclənməsinə mühüm təkan verib, geniş coğrafiyada yaşayan türk toplumları üçün ortaq problemlərin müzakirə edildiyi və gələcək istiqamətlərin müəyyənləşdirildiyi mühüm elmi müzakirə meydanına çevrilib.

O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Marmara Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransda ortaq əlifba təşəbbüsləri, dil birliyi, mədəni inteqrasiya və türk xalqları arasında elmi əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çəkilib.

Plenar iclasda Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Beynəlxalq Türk Akademiyası və digər nüfuzlu qurumların rəhbərləri məruzələrlə çıxış etdi. Məruzələrdə 1926-cı il Bakı Qurultayının ortaq əlifba ideyasına verdiyi töhfələr, sovet dövründə türk xalqlarının dil siyasəti, eləcə də müasir dövrdə ortaq terminologiya və ədəbi dil məsələləri geniş şəkildə təhlil edilib.

“Mənim də rəhbərlik etdiyim iclasda 1926-cı il Qurultayının sənədləri, iştirakçıların taleyi, dil və əlifba islahatlarının tarixi nəticələri, eləcə də müasir dövrdə ortaq türk əlifbası istiqamətində atılan addımlar müzakirə edilib və yeni təkliflər irəli sürülüb”, - deyə o bildirib.

Alim hesab edir ki, bu gün türkologiyanın, eləcə də Azərbaycan dilçilik elminin gəlib çatdığı yüksək səviyyə, 100 il əvvəl ağır siyasi və ideoloji şəraitdə, həyatlarını təhlükəyə ataraq Birinci Türkoloji Qurultayı təşkil edən alim və ziyalıların fədakarlığının nəticəsidir: “Biz onların uzaqgörənliyinə, elmi cəsarətinə və milli məsuliyyət hissinə borcluyuq. Onların qoyduğu möhkəm elmi bünövrə sayəsində türkoloji fikir bu gün də qlobal miqyasda nüfuzlu bir elmi istiqamət kimi inkişafını davam etdirməkdə, yeni tədqiqat sahələri, metodoloji yanaşmalar və elmi perspektivlərlə zənginləşməkdədir.

Məhz bu tarixi məsuliyyət və elmi ənənənin davamlılığı kontekstində, Türkiyənin Kafkas Universitetində fəaliyyət göstərən və Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr və magistratura səviyyəsində təhsil verən yeganə bölmənin rəhbəri kimi bu konfransda iştirakın mənim üçün həm elmi məsuliyyət, həm də mənəvi borc olduğunu söyləyə bilərəm”,- deyə professor İlkin Qulusoy vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
1
1
azertag.az

2Mənbələr