AZ

İran millisi ABŞ-a getməyəcək – Onu əvəzləyəcək ölkə

“İran 2026-cı il Futbol üzrə Dünya Çempionatında iştirakdan imtina edib”.

Bu barədə İran KİV-i məlumat yayıb. Turnirin ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılsa da, İran millisinin qrup mərhələsindəki hər üç oyunu məhz ABŞ-də baş tutmalı idi. Bu səbəbdən rəsmi Tehran ölkəni hədəf alan tərəflərdən birinin ev sahibliyi etdiyi yarışa yollanmağı qeyri-mümkün hesab edib.

İran Futbol Federasiyasının sədri hələ ötən həftəsonu verdiyi açıqlamada "son hadisələrdən sonra milli komandanın belə bir turnirdə çıxış etməsi inandırıcı görünmür" deyə bildirmişdi. Məlumatlara görə, rəsmi imtina qərarı artıq verilib və ictimaiyyətə bəyan ediləcəyi gözlənilir. Bundan əlavə, İranda daxili futbol çempionatı da növbəti bildirişə qədər qeyri-müəyyən müddətə dayandırılıb.
DÇ-26-da İranı hansı ölkə əvəzləyə bilər?

İdman yazarı Natiq Muxtarlı Musavat.com-a cənub qonşumuz getməzsə, yerini tuta biləcək ən şanslı ölkəni açıqlayıb: “İran yığması DÇ-2026-dan imtina edərsə, bu vəsiqə Asiya təmsilçisinə veriləcək. Çünki hər qitəyə verilən vəsiqələr əvvəlcədən müəyyənləşdirilib. İran DÇ-yə birbaşa vəsiqə qazanıb. İranın qrupunda sonrakı pillədə qərarlaşan milli bu şansdan istifadə edir. Bu da BƏƏ yığmasıdır. Ancaq burda başqa bir nüans da var. Məsələ burasındadır ki, BƏƏ regional pley-ofda İraqa məğlub olub. İraq isə qitələrarası pley-of oyunlarında iştirak edəcək.

Ola bilsin ki, İraq pley-ofda məğlub olsun və onda İranın vəsiqəsi elə bu ölkəyə verilsin. Yox, İraq pley-of vasitəsilə DÇ-yə getsə, onda BƏƏ-nin şansı yüksək olacaq. Amma bütün hallarda bununla bağlı qərarı FİFA verəcək. Ola bilsin ki, FİFA-nın reqlamentində başqa nüanslar da olsun və bundan yararlansınlar. Ancaq bütün hallarda İranın yerini Asiya təmsilçisi tutmalıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr