AZ

Yaxın Şərqdə müharibə qızılı rekord həddə çatdırdı: Azərbaycanı NƏ GÖZLƏYİR? 

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra qlobal maliyyə bazarlarında ciddi dalğalanma müşahidə olunur. Geosiyasi risklərin artması fonunda investorlar ənənəvi “təhlükəsiz liman” hesab edilən aktivlərə, xüsusilə qızıl və gümüşə yönəlirlər. Bazar məlumatlarına görə, ons qızıl erkən saatlarda 5 393 dollara qədər yüksəlib. Hazırda isə qiymət cümə günü ilə müqayisədə 1,9 faiz artaraq 5 363 dollar/ons səviyyəsində ticarət olunur.

Analitiklər bunu riskli aktivlərdən – səhmlərdən və bəzi valyutalardan – kütləvi çıxış və qoruyucu investisiya alətlərinə yönəlmə ilə izah edirlər. Qlobal qeyri-müəyyənlik şəraitində investorlar kapitalı daha sabit hesab edilən alətlərdə saxlamağa üstünlük verirlər.

Gümüş bazarında da artım qeydə alınıb. Gümüşün unsiyası 0,7 faiz bahalaşaraq 94,49 dollar səviyyəsinə yüksəlib. Mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdəki hərbi gərginlik qısa müddətdə maliyyə bazarlarında sərt dalğalanmalara səbəb ola bilər. Xüsusilə enerji qiymətləri, valyuta bazarları və fond indekslərində qeyri-sabitliyin artacağı istisna edilmir.

Məsələni NOCOMMENT.az-a şərh edən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qızılın qlobal bazarda bahalaşması birbaşa olaraq Azərbaycan bazarına da təsir göstərir.

Əkrəm Həsənov

Onun sözlərinə görə, Azərbaycan qızıl istehsal edən ölkə olsa da, daxili bazarda formalaşan qiymətlər əsasən dünya birjalarındakı kotirovkalar və dollar məzənnəsi əsasında müəyyənləşir:

“Əgər qlobal bazarda ons qiyməti bu səviyyədə qalarsa və ya daha da yüksələrsə, ölkə daxilində qızıl məmulatlarının qiymətində 5–15 faiz arası əlavə artım müşahidə oluna bilər. Bu, xüsusilə zinət əşyaları bazarında daha qabarıq hiss edilə bilər”.

Əkrəm Həsənovun fikrincə, bahalaşma yalnız xammal qiymətindən deyil, həm də psixoloji faktor və tələb artımından asılı olacaq:

“Hazırda əhali arasında da “təhlükəsiz aktiv” kimi qızıla maraq arta bilər. Bu isə lombard bazarında, bankların investisiya qızılı satışında və zərgərlik sektorunda qiymətləri əlavə olaraq yüksəldə bilər. Lakin uzunmüddətli perspektivdə qiymətlərin sabitləşməsi hərbi əməliyyatların miqyasından və davametmə müddətindən asılı olacaq”.

Əkrəm Həsənov əlavə edib ki, gərginlik dərinləşərsə, qızılın qiymətində yeni rekordlar mümkündür:

“Əks halda, risklərin azalması fonunda qiymətlərdə korreksiya baş verə bilər. Mövcud vəziyyət bir daha göstərir ki, geosiyasi risklər qlobal maliyyə sisteminə birbaşa təsir göstərir və investor davranışını qısa müddətdə dəyişdirə bilir”.

Tunar

NOCOMMENT.az

Seçilən
11
nocomment.az

1Mənbələr