Yaxın Şərqdə gərginliyin artması eyni sualı yenidən gündəmə gətirir: Neft nə qədər bahalaşacaq? Lakin məsələ artıq təkcə neft qiyməti deyil. İran ətrafında baş verən hərbi eskalasiya qlobal maliyyə sistemində risklərin yenidən qiymətləndirilməsinə, kapital axınlarının istiqamət dəyişməsinə və enerji bazarında struktur gözləntilərinin formalaşmasına səbəb olur.
İran təkcə böyük neft istehsalçısı deyil, həm də dünyanın ən kritik enerji boğazı olan Hörmüz boğazı üzərində strateji təsir imkanına malikdir. Qlobal neft ticarətinin təxminən 20%-i bu boğazdan keçir. Gündəlik milyonlarla barel xam neft Asiya və Avropa bazarlarına buradan daşınır. Hərbi risklər sığorta haqlarını və logistika xərclərini dərhal artırır. Bu isə bazarda neftin qiymətlərinə təsir göstərir. Brent markalı neftin qiymətlərində sürətli artım baş verir. Neftin 1 barelinin dəyəri 80 dolları keçib. Treyderlərin spekulyativ mövqeləri artır, enerji şirkətlərinin səhmlərinin dəyəri qalxır. Orta müddətli dövrdə əgər digər istehsalçılar, xüsusilə Səudiyyə Ərəbistanı hasilatı artırarsa, qiymət artımı məhdudlaşa bilər. Əgər eskalasiya uzanarsa, enerji təhlükəsizliyi prioritetə çevrilə bilər. Bu zaman alternativ marşrutlara investisiya artaraq. LNG bazarında rəqabət güclənəcək.
Yaranmış vəziyyətdə geosiyasi risk artdıqca, ABŞ dolları möhkəmlənə, qızılın qiyməti yüksələ, ABŞ dövlət istiqrazlarına tələb arta bilər.
Enerji qiymətlərinin artımı öz növbəsində istehsal xərclərini yüksəldərək, logistika zəncirinə təsirsiz ötüşmür. Bütün bunlar inflyasiya gözləntilərini yenidən alovlandırır. Bu isə mərkəzi bankların faiz siyasətinə təsir edir. İndi bazarlarda fiziki təklifdən daha sürətli hərəkət edən bir amil var, bu da investorların gözləntisidir.
Bu mühitdə şirkətlər nə etməlidir? Hedcinq strategiyalarını yenidən nəzərdən keçirməli, enerji asılılığını diversifikasiya etməli, nağd pul axını planlamasını sərtləşdirməıi, risk ssenariləri üzrə stres-test aparmalıdırlar. Bu böhran eyni zamanda, enerji effektivliyi və alternativ enerji layihələri üçün fürsət yarada bilər.
Beləliklə, İran ətrafında hərbi eskalasiya təkcə regional siyasi hadisə deyil. Bu, qlobal kapital axınlarının istiqamətini dəyişdirə biləcək bir amildir. Əgər münaqişə məhdud qalarsa bazarlar şoku həzm edəcək. Əgər genişlənərsə enerji qiymətləri, inflyasiya və monetar siyasət yeni mərhələyə keçə bilər. Neft bazarı həmişə fiziki barellərdən ibarət olmayıb. O, həm də qorxu, gözlənti və strategiya bazarıdır. İran ətrafında baş verənlər bir daha göstərir ki, geosiyasət artıq iqtisadiyyatın kənar faktoru deyil onun mərkəzi dəyişəninə çevrilib.
Çinarə Ağayeva
Biznes məsləhətçi
