AZ

"M-Gaz": SOCAR-la birgə hibrid qazlaşma layihəsi digər Balkan ölkələrini də əhatə edəcək - MÜSAHİBƏ

Avropanın enerji sektorunda gedən köklü dəyişikliklər davam etməkdədir və bu prosesdə çevik təchizat sxemləri, regional diversifikasiya, həmçinin əsas infrastruktur şəbəkəsindən kənarda qalan bölgələrin enerji təminatını həyata keçirən təşəbbüslər əsas rol oynayır. Bu tendensiya xüsusilə Balkan dövlətləri üçün böyük əhəmiyyət kəsb edir, çünki burada davamlı və ekoloji təmiz yanacaq resurslarına əlçatanlıq iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, enerji sahəsindəki bərabərsizliyinin aradan qaldırılmasına birbaşa təsir göstərir.

Bunun fonunda Bolqarıstanın "M-Gaz" şirkəti Azərbaycan qazının "virtual boru kəməri" üsulu ilə nəqlinə əsaslanan hibrid qazlaşdırma modelini təkmilləşdirməkdə davam edir. 2025-ci il ərzində sözügedən layihə Bolqarıstan ərazisində uğurlu nəticələr nümayiş etdirib, dekabr ayından etibarən isə Şimali Makedoniyada tətbiq olunmağa başlanılıb. Şirkətin strateji hədəfləri sırasına Albaniya bazarına daxil olmaq və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mövcud tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirmək planları daxildir.

"M-Gaz" şirkətinin beynəlxalq əməkdaşlıq və biznes əlaqələri üzrə direktoru Qerqana Manolova "Report"a müsahibəsində əldə olunan cari göstəricilərdən bəhs edib. O, eyni zamanda Qərbi Balkan regionunda fəaliyyətin genişləndirilməsi strategiyası, infrastruktura yönəldilən investisiyalar və Avropanın enerji təhlükəsizliyinin qorunmasında kiçik və orta həcmli qaz biznesinin əhəmiyyəti mövzularına toxunub.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bolqarıstanda hibrid qazlaşdırma layihəsi elə həyata keçirildiyi birinci ildən etibarən nəzərəçarpacaq nəticələr nümayiş etdirdi. 2025-ci ilin yekunlarını açıqlaya bilərsinizmi: bu model çərçivəsində hansı həcmdə Azərbaycan qazı tədarük edilib və sənaye sektoru ilə sosial müəssisələr arasında bölgü balansını qorumaq mümkün olubmu?

- Cari ildə "M-Gaz" şirkəti bazarda fəaliyyətinin 20 illik yubileyini qeyd edir və 2025-ci ilin göstəriciləri regional enerji təhlükəsizliyinin təmin edilməsi üzrə uzunmüddətli strategiyamızı əyani şəkildə təsdiqləyir.

Dekabr ayının sonuna qədər hibrid qazlaşdırma modelinin səmərəliliyi tam təsdiqləndi: "M-Gaz" 46 sənaye və 5 sosial müəssisə üçün Azərbaycandan 89 milyon kubmetr təbii qaz tədarük edib. Biz iqtisadiyyatın aparıcı sektorlarını, o cümlədən mədən, metallurgiya, qida və əczaçılıq sahələrini enerji, sosial obyektləri isə ekoloji cəhətdən təmiz yanacaqla təchiz edərək balansı qoruya bildik. Bu obyektlər arasında Nikolovodakı "Müqəddəs Kiril və Mefodi" ibtidai məktəbi, Çervena-Vodada "Prolyot" uşaq bağçası, rayon xəstəxanası, həmçinin Dve-Moqili yaşayış məntəqəsindəki "Müqəddəs Üçlük" kilsəsi və yerli məscid də var.

- Şimali Makedoniyada layihələrin həyata keçirilməsini və Albaniya bazarına mümkün çıxışı nəzərə alaraq, "M-Gaz" şirkətinin 2026-cı il üçün planlaşdırdığı tədarük həcmləri nə qədərdir?

- "M-Gaz" şirkəti 2026-cı il üçün tədarükün hədəf səviyyəsini 100 milyon kubmetr həcmində müəyyən edib. Bu həcm Bolqarıstanda sosial və sənaye istehlakçılarının artan tələbatının ödənilməsi, həmçinin Şimali Makedoniyada bu yaxınlarda başladığımız əməliyyatların dəstəklənməsi üçün planlaşdırılıb.

Ötən ilin dekabrında bu ölkədə uğurla fəaliyyətə başladıqdan sonra bu hədəflər regionda mövcudluğumuzun genişlənməsinin davam etməsi şəraitində sabit enerji təchizatını təmin etməyə hazır olduğumuzu nümayiş etdirir.

- Strumitsa (Şimali Makedoniya) layihəsinə 2025-ci ilin dekabrında rəsmi qaydada start verilib. Bolqarıstanın "hibrid qazlaşdırma" konsepsiyasının yerli qanunvericiliyin və infrastrukturun xüsusiyyətlərinə uyğunlaşdırılması prosesi nə dərəcədə əməktutumlu oldu? İş prosesində hansı əsas nəticələr əldə edilib?

- Şimali Makedoniya Respublikasının cənub-şərqinin əsas ticarət, siyasi və mədəni mərkəzi olan Strumitsada fəaliyyət operativ və uğurlu şəkildə genişləndirildi. Bu, sıxılmış təbii qaz (CNG) sahəsində yerli normativ bazanın Bolqarıstandakı fəaliyyətimizdə istinad etdiyimiz Avropa standartlarına tam uyğunluğu sayəsində mümkün oldu.

Yerli hakimiyyət orqanlarının böyük dəstəyi ən qısa müddətdə modelimizin ekoloji cəhətdən effektivliyini təsdiqləməyə imkan verdi. Ənənəvi neft məhsullarının əvəz edilməsi atmosferdə dispers toz hissəciklərinin miqdarının kəskin azalmasına səbəb oldu.

Təbii qaz ekoloji cəhətdən təmiz yanacaq kimi üstün xüsusiyyətlər nümayiş etdirir: onun istifadəsi zamanı CO₂ emissiyalarının səviyyəsi kömürlə müqayisədə təxminən 50 %, benzinlə müqayisədə isə 30 % azdır. Eyni zamanda kükürd dioksidi emissiyaları demək olar ki, yox səviyyəsindədir, azot oksidlərinin həcmi isə əhəmiyyətli dərəcədə azaldılıb.

- Əvvəllər siz bu konsepsiyanı Albaniya ərazisində tətbiq etmək niyyətində olduğunuzu bildirmişdiniz. Albaniya nümayəndələri və "SOCAR Balkans" şirkəti ilə dialoq necə irəliləyir? "M-Gaz" biznesin daha da genişləndirilməsi üçün digər Qərbi Balkan bazarlarına, məsələn, Monteneqro və ya Serbiyaya çıxış imkanlarını təhlil edirmi?

- Albaniyadakı inkişafımızla bağlı onu deyə bilərəm ki, bu yaxınlarda "SOCAR Balkans" və Albaniyanın müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində layihənin birgə texniki-kommersiya ekspertizasına başlamışıq. Təfərrüatları açıqlamaq hələ tez olsa da, prioritet vəzifəmiz 2026-cı ilin sonuna qədər Korça şəhərinin qaz təchizatına başlamaqdır.

Bundan başqa, biz təcrübə mübadiləsinə açığıq və Gürcüstan və Azərbaycan ərazisində, o cümlədən azad edilmiş torpaqlarda və ya mürəkkəb relyefli dağlıq ərazilərdə hibrid qazlaşdırma layihələrinin həyata keçirilməsi üçün təcrübəmizi və praktiki həll yollarımızı SOCAR-la bölüşməyə hazırıq. Hibrid qazlaşdırma metodu belə mürəkkəb zonalar üçün ənənəvi yerli qazpaylama şəbəkələrinin çəkilməsində yüksək xərclərlə müqayisədə son dərəcə daha səmərəli iqtisadi həllər təqdim edə bilər.

- Hibrid qazlaşdırma texnologiyasının boru kəməri bağlantısı olmayan ərazilərdə sıxılmış təbii qazın istifadəsinə əsaslandığını nəzərə alsaq, "M-Gaz" şirkəti qonşu dövlətlərdə artan tələbatı ödəmək üçün əlavə kompressor qurğularının tikintisini maliyyələşdirməyi və ya özünün qaz daşıyıcıları parkını genişləndirməyi planlaşdırırmı?

- Artmaqda olan transsərhəd tələbatı təmin etmək məqsədilə "M-Gaz" öz infrastrukturunun geniş miqyasda modernləşdirilməsinə investisiya qoyur. Biz artıq Ruse yaxınlığında yeni stansiyanın tikintisi üçün rəsmi icazə almışıq: tikinti işlərinin 2026-cı ilin mart ayında başlanması və obyektin ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. Bu obyekt standart qazpaylama şəbəkələrindən kənarda yerləşən istehlakçılara xidmət göstərəcək iki güclü kompressorla təchiz ediləcək.

Bundan başqa, planlarımıza Bolqarıstanın cənub-qərbindəki Petriç şəhəri yaxınlığında daha bir stansiyanın inkişafı daxildir. Bu layihə Albaniya, Şimali Makedoniya və Şimali Yunanıstana tədarükü təmin edə bilən strateji regional hab kimi mövqeləndirilir ki, bu da logistik imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa və Balkan yarımadasında artan bazar payımızı möhkəmləndirməyə imkan verəcək.

- İyun ayında keçiriləcək Bakı Enerji Forumunda iştirak etməyi planlaşdırırsınızmı? Qaz sənayesinin kiçik və orta müəssisələrinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfəsi ilə bağlı hansı əsas mesajları beynəlxalq ictimaiyyətə çatdırmağı nəzərdə tutursunuz?

- Bəli, iyun ayında Bakı Enerji Forumunda iştirak etməyi planlaşdırıram. Məqsəd qaz sahəsində kiçik və orta biznes seqmentinin Avropanın sabit enerji təchizatı üçün vacibliyinə diqqəti cəlb etməkdir.

Əsas mesajımız kiçik və orta biznesin normativ tənzimləmə sahəsində dərin biliklər və yüksək əməliyyat çevikliyinin unikal kombinasiyasını təklif etməsidir. Enerji bazarının ən böyük oyunçuları ilə əməkdaşlıq çərçivəsində biz səmərəli layihələrin tətbiqini əhəmiyyətli dərəcədə sürətləndirə bilərik. Biz mobil əlaqələndirici həlqə kimi çıxış edir, magistral şəbəkələrin əlçatanlıq zonasından kənarda yerləşən yerli bazarlarda son istehlakçılara enerji resurslarının çatdırılmasını təmin edirik.

- Sizin statistik məlumatlarınıza əsasən, sosial müəssisələrdə qazdan istifadəyə keçid emissiyaların səviyyəsini təxminən 30 % azaltmağa imkan verib. "M-Gaz" şirkəti SOCAR və fəaliyyət göstərdiyiniz ölkələrin dövlət orqanları ilə əməkdaşlıq kontekstində dekarbonizasiya üzrə konkret hədəflər müəyyən edibmi?

- "M-Gaz" hibrid qazlaşdırmanı regional səviyyədə dekarbonizasiya üçün təsirli mexanizm kimi mövqeləndirir. Sənaye və sosial müəssisələrdə kömür, odun və dizeli təbii qazla əvəz edərək, fəaliyyət göstərdiyimiz ərazilərdə karbon izini əhəmiyyətli dərəcədə azaldırıq.

SOCAR və dövlət strukturları ilə strateji əməkdaşliq zamanı CO₂ emissiyalarının təxminən 20 000 ton azaldılmasına nail olmağı hədəfləmişik ki, bu da havanın keyfiyyətinin yaxşılaşmasına və daha sabit enerji sisteminin formalaşdırılmasına töhfə verir.

- Yaxın perspektivdə "M-Gaz"ın fəaliyyəti çərçivəsində bərpa olunan enerji mənbələrinin (BOEM), xüsusilə də kompressorlara xidmət üçün günəş qurğularının və ya hibrid sistemlərin tətbiqi imkanlarını nəzərdən keçirirsinizmi?

- Şirkət BOEM-in mövcud sənaye obyektlərinə inteqrasiya edilməsi istiqamətində fəal iş aparır. Xüsusilə Rusedəki yeni kompleks günəş panelləri və batareya saxlanc sistemlərinin birgə istifadəsi sayəsində 100 % bərpa olunan enerji təminatı nəzərə alınmaqla hazırlanıb.

Bundan başqa, İxtimandakı bazada məhz "yaşıl enerji" sahəsində layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan torpaq sahəsi alınıb ki, bu da ortamüddətli perspektivdə kompressor stansiyalarımızın ətraf mühitə minimum təsirlə fəaliyyət göstərməsini təmin edəcək.

- Hibrid qazlaşdırma layihələrinin Avropanın mərkəzi hissəsi ilə ətraf əraziləri arasında enerji bərabərsizliyinin azaldılmasında, eləcə də regional enerji sistemlərinin etibarlılığının artırılmasında əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Hibrid qazlaşdırma konsepsiyası Balkan ölkələri üçün kritik əhəmiyyətə malikdir, çünki burada qazpaylama şəbəkələri çox vaxt Mərkəzi Avropadakı analoqlarına nisbətən daha az inkişaf edib. Tətbiq etdiyimiz metod Bolqarıstan, Serbiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya daxil olmaqla bir sıra dövlətlər üçün "virtual boru kəməri"nin fəaliyyət göstərməsini təmin edərək enerji fərqini aradan qaldırır.

Bu regional sistemləri gücləndirməklə, biz Avropanın periferiyasının mərkəzi regionların imkanları ilə müqayisə oluna bilən səmərəli və etibarlı enerji həllərinə çıxışını təmin edirik. Nəticə etibarilə, "M-Gaz" şirkəti strateji tərəfdaşı SOCAR ilə əməkdaşlıq çərçivəsində yalnız enerji resurslarının tədarükü ilə məşğul olmur - biz bütün Balkan yarımadası üçün daha inteqrasiya olunmuş və sabit enerji gələcəyinə yol açırıq.

- Siz Serbiya, Monteneqro, Bosniya və Herseqovinanı, həmçinin Yunanıstanın şimal rayonlarını qeyd etdiniz. Hazırda hibrid qazlaşdırma təşəbbüsünün adıçəkilən ərazilərə genişləndirilməsi potensialı ilə bağlı hər hansı danışıqlar aparılırmı?

- Hazırda adıçəkilən ölkələr üçün texniki-iqtisadi əsaslandırma aparırıq və ya aparmağı planlaşdırırıq. Bu, təklif olunan sxemin tətbiqi imkanlarını və məqsədəuyğunluğunu qiymətləndirmək üçün vacibdir.

Bununla belə, hazırda komandamızın əsas səyləri Albaniyadakı layihənin həyata keçirilməsinə yönəldilib.

Seçilən
113
far.az

1Mənbələr