AZ

AzMİU və bu institut arasında memorandum imzalandı FOTOLAR

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Martın 2-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, sənədi AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və İnstitutun baş direktoru, akademik Vaqif Abbasov imzalayıblar. Görüşdə hər iki qurumun rəhbər şəxsləri ilə yanaşı, nümayəndə heyətləri də iştirak ediblər.

Memorandum kadr hazırlığı və elmi-tədqiqat sahəsində bərabərlik və qarşılıqlı maraqlar prinsipi əsasında əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən tərəflər:

•    İnşaat materiallarının təkmilləşdirilməsi və yeni nəsil kimyəvi tərkiblərin hazırlanması (izolyasiyaedici bitumlar, xüsusi müdafiə boyaqları, yapışdırıcılar, superplastifikatorlar və s.);

•    Yol tikintisi və beton texnologiyalarında innovativ aşqar və aktivləşdiricilərin işlənməsi;

•    İnşaat materiallarında radiasiya və kimyəvi risklərin qiymətləndirilməsi;

•    Ətraf mühit və işçi zonalarda təhlükə yaradan amillərin ölçülməsi və idarə olunması;

•    Birgə elmi simpozium, seminar və konfransların təşkili;

•    Professor-müəllim heyəti və elmi işçilər üçün ixtisasartırma proqramlarının həyata keçirilməsi;

•    Tələbələrin istehsalat təcrübələrinin təşkili və birgə elmi nəşrlərin hazırlanması kimi istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimindən sonra çıxış edən rektor professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyev tərəfindən ali təhsil ilə elmin inteqrasiyalı inkişafına dair səsləndirilən konseptual fikirlərə diqqət çəkib.

Rektor bildirib ki, AzMİU son illər elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib və universitetin tədqiqat universitetinə çevrilməsi istiqamətində sistemli addımlar atılır. O, qlobal reytinqlərdə əldə olunan mühüm irəliləyişlərin, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və innovativ layihələrin bu strategiyanın nəticəsi olduğunu vurğulayıb.

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Neft-kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq xüsusilə inşaat mühəndisliyi və materialşünaslıq sahələrində tətbiqi elmin gücləndirilməsinə, sənaye ilə əlaqələrin dərinləşdirilməsinə və rəqabətqabiliyyətli kadr hazırlığına mühüm töhfə verəcək.

Akademik Vaqif Abbasov çıxışında rəhbərlik etdiyi institutun fundamental və tətbiqi kimya sahəsində zəngin elmi potensialından bəhs edib. O bildirib ki, inşaat materialları, korroziyaya qarşı müdafiə, yeni nəsil polimer və kompozitlərin işlənməsi kimi istiqamətlərdə AzMİU ilə birgə tədqiqatların aparılması innovativ və praktik nəticələr verəcək.

Akademik vurğulayıb ki, elm və təhsilin inteqrasiyası yalnız nəzəri deyil, real sektorun ehtiyaclarına cavab verən konkret məhsul və texnologiyaların yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr aparılıb, əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib, mövcud elmi və texniki imkanlar gözdən keçirilib.

Memorandum 5 il müddətinə qüvvədədir və tərəflərin qarşılıqlı razılığı əsasında konkret layihə və proqramlar üzrə əlavə protokollar və müqavilələr imzalanacaq.

Bu əməkdaşlıq AzMİU-nun elmi-tədqiqat universiteti modelinə keçid strategiyası çərçivəsində sənaye və elmi müəssisələrlə inteqrasiyanı gücləndirən növbəti mühüm addım kimi qiymətləndirilir.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
unikal.az

4Mənbələr