AZ

Məktəblərdə mobil telefondan istifadə hansı qaydada olacaq? AÇIQLAMA

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev ötən həftənin cümə günü təhsillə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən məktəblərdə telefonlardan istifadə ilə bağlı qaydalar hazırlanacaq.

Bəs bu qaydalarda nələr nəzərdə tutulmalıdır?

Təhsil eksperti Elçin Süleymanov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ artıq bir çox ölkədə müzakirə olunur:

"Şagirdlərin tədris prosesində telefonla məşğul olması həm onların diqqətini dağıdır, dərsə konsentrasiyasında müəyyən problemlər yaradır və eyni zamanda mobil telefon aludəçiliyi, oyun aludəçiliyi onların şəxsiyyətində aqressiya, müxtəlif depressiv və digər xoşagəlməz xarakter xüsusiyyətləri formalaşdırır. Artıq bir çox ölkə tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə dərs vaxtı mobil telefondan istifadəyə məhdudiyyətlə bağlı qərarlar qəbul edir. Düşünürəm ki, bizdə də orta məktəblərdə bu faydalı olar".

Onun fikrincə, burada iki metod ola bilər:

"İlk olaraq, smart tipli telefonlardan istifadə qadağan oluna bilər. Çünki bu halda internetə daxil ola bilməməsi və sair, yəni telefonun digər funksionallıqlarından məhdudlaşdırılması düşünürəm ki, faydalı olar. Necə ki, hərbidə və sair sahələrdə smart tipli telefonların istifadəsi qadağandır. Yəni həm internet, həm də telefonun digər xüsusiyyətləri bəzən əleyhinə istifadə oluna bilər. Bənzər hallar məktəblərdə də baş verə bilər. Burada məqsəd, qeyd etdiyim kimi, internetə, oyuna və sairə girişin qarşısını almaqdır.

İkinci yol isə məktəbdə şagirdlər üçün kilidli dolabların və ya telefon qutularının olmasıdır. Yəni bu kiçik qutular dəhlizin bir hissəsində, qeyd etdiyim kimi, siniflərə yaxın yerləşdirilə bilər ki, dərs başlayanda şagirdlər telefonlarını səssiz rejimə alıb ora yerləşdirsinlər. Necə ki, ali təhsil müəssisələrində imtahan prosesi zamanı hər kəs telefonunu təhvil verir və imtahan bitəndə götürür. Bənzər bir tətbiq orta məktəblərdə də ola bilər".

E.Süleymanov hesab edir ki, tədris prosesində telefonun məhdudlaşdırılması tədrisin keyfiyyətini artırar.

"Amma valideynlərin övladları ilə əlaqə saxlaması və sair narahatlıqların aradan qaldırılması üçün mobil əlaqə də lazımdır. Məktəbdə ümumiyyətlə telefonun olmaması və ya telefonla danışılmasının tam qadağan edilməsi praktik baxımdan çətin tətbiq olunan bir məsələdir. Ona görə tövsiyəm belə ola bilər ki, əlaqə məqsədilə daha çox smart xüsusiyyətləri olmayan telefonlardan istifadə edilsin. Onun xaricində, şagirdlərin həm şəxsi əşyalarını, kitablarını, eyni zamanda mobil telefonlarını yerləşdirə biləcəkləri kilidli dolablar ola bilər. Dərs başlayanda şagird telefonu ora qoyar, kitablarını götürər, dərs bitəndə isə kitabları qoyub telefonu götürər. Bu şəkildə həm çantada olan yük hər gün aparılıb-gətirilmə baxımından azala bilər, həm də şagird tədris prosesindən yayınmaz", - deyə ekspert vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
43
redaktor.az

10Mənbələr