AZ

Azərbaycanda dəbi bu klublar müəyyənləşdirir - Mərkəzi oyunda daha nə görmədik kİ?!

Təki çempionatda hər oyun belə keçsin. Çox güman dünənki “Qarabağ” – “Sabah” oyununu izləyənlərin ağlından bu fikir keçdi. Amma təəssüf ki bu gün Azərbaycanda bu futbolu oynaya bilən 2 komanda var – “Qarabağ” və “Sabah”. Elə çempionluq uğrunda da bu iki komanda mübarizə aparır.

Oyuna hər iki komanda yaxşı hazırlaşmışdı. İtkilər çox az idi. “Qarabağ” cəzalı Kadi Borqes və zədəli Bəhlul Mustafazadənin xidmətindən məhrum idisə, “Sabah”da mövcud məhsuldarlığın fonunda demək olar artıq yaddan çıxmaqda olan Pavol Şafrankonun zədəsi davam edirdi.
Oyun gözlənildiyi kimi başladı. Amma gözlənilməz ssenaridə davam etdi. “Qarabağ” bu oyundan bir neçə gün öncə “Nyukasl”la oynasa da, bu matçın komandadan çox güc aldığını deməzdim. Çünki onsuz da Ağdam təmsilçisi İngiltərəyə yollananda artıq cütün taleyi həll edilmişdi. Bu baxımdan, Nyukalsdakı matç “Qarabağ” üçün çətin ÇL oyunundan daha çox keyfiyyətli rəqiblə yoxlama oyunu xarakteri daşıyırdı. “Qarabağ” “Sabah”la oyunun çempionluğun taleyini həll edə biləcək görüş olduğunu yaxşı bildiyindən, matça maksimum köklənmişdi. Bu cür köklənmə şəraitində 60-cı dəqiqədə tabloda hesabın 0:3 olması hər kəs üçün gözlənilməz oldu. Hətta ən nikbin “Sabah” azarkeşləri belə çox güman matçdan öncə bu cür ssenari gözləmirdi. Elə bundan sonra baş verəcək ssenarini də. “Qarabağ” oyunun ilk bir saatında qapısında 3 qol görsə də, 73-84-cü dəqiqə aralığında, cəmi 11 dəqiqədə bu qolların əvəzini çıxmağa nail oldu. Bunda isə çox güman “Sabah” futbolçularının rahatlığı böyük rol oynadı. Sona yarım saat qalmış hesabda 3 topluq üstünlük oyunçuları psixoloji olaraq rahatlatdı. “Qarabağ” kimi təcrübəli rəqib isə bu cür boşluqları bağışlamır, bağışlamadı da. Matçın ilk bir saatı daha yaxşı hazırlıqlı komandanın qələbəsi idisə, son 20 dəqiqə təcrübənin qələbəsi oldu. Nəticə isə sülh.

Oyunda diqqət çəkən başqa bir məqam da “Sabah”ın məşqçisinin “Qarabağ” tərəfə göstərdiyi etik olmayan jesti oldu. Bu hərəkət hər iki komandanın ehtiyat oyunçular skamyasında gərginliyə səbəb oldu. Lakin yaxşı ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas məsələyə anında müdaxilə edib rəqib məşqçilər korpusundan köməkçisinin lazımsız hərəkətinə görə üzrxahlıq etdi. Oyundan dərhal sonra həmin məşqçi özü də etdiyi hərəkətə görə üzr istədi ki, bu da hadisələrin böyüməsinin qarşısını aldı.

Bir neçə kəlmə də hakimlik barədə. Fikrimcə, oyunun baş hakimi Tural Qurbanov bu matçın yükünü qaldıra bildi. Bəzi epizodlarda meydan sahiblərinin xeyrinə bəzi foullara və sarı vərəqələrə göz yuman FİFA referisi, ümumilikdə oyunun nəticəsinə təsir edən səhvə yol vermədi. Referi oyuna əlavə olunmuş dəqiqələrdə Coy Lens Mikelsə qəribə qırmızı vərəqə versə də, yaxşı ki VAR epizoda müdaxilə edib baş hakimin kobud səhvinin qarşısını aldı. Tural Qurbanovun bir neçə dəfə dayanmış oyuna cəmi 6 dəqiqə əlavə etməsi müəyyən narazılıq yaratsa da, matçın son dəqiqələrinin (xüsusilə ehtiyat oyunçular skamyasında yaranan gərginliyin) çox gərgin keçdiyini nəzərə alsaq, bəlkə də sonradan yarana biləcək çox böyük qalmaqalın qarşısını almağın ən yaxşı yolu bu idi.

Bu gün Azərbaycan futbolunda dəbi müəyyənləşdirən iki komandanın – “Qarabağ” və “Sabah”ın oyununda hər şey var idi – bol qol, qalmaqal, gərginlik və möhtəşəm atmosfer. Yerli futbol həvəskarları nəhayət, daşı ətəyindən tökərək Azərbaycan çempiontının oyununa təşvir buyurdular, soyuq havaya rəğmən. Yaxşı ki də gəldilər. Çempionatda bu rəqabət davam etsə, apreldə bu komandalar arasında baş tutacaq matçda daha çox azarkeş və daha möhtəşəm atmosfer görə bilərik. Təki belə də olsun...

Xəlil Sadıq

Seçilən
18
sportinfo.az

1Mənbələr