Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Muhamet Malo” beynəlxalq turnirinin qalibi Ziya Babaşov (63 kq) qələbə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandamızın üzvü reytinq xarakterli yarışın gərgin rəqabət şəraitində keçdiyini qeyd edib:
“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Çox güclü rəqiblərin qatıldığı və yüksək səviyyəli bir turnir idi. Şəxsən mənim üçün bu yarış böyük əhəmiyyət kəsb edirdi.
Finala gedən yolda inamlı görüşlər keçirdim. Həlledici mərhələdə komanda yoldaşım Sakit Quliyevlə üz-üzə gəldim. Biz dost olsaq da, xalça üzərində hər birimiz qələbə üçün maksimum gücümüzü qoyduq. Düşünürəm ki, final adına layiq mübarizə alındı. Bu uğur həm də məşqçilər heyətinin və bütün komandamızın zəhmətinin bəhrəsidir. Reytinq turnirlərində ilk medalımı qazanmaq mənə xüsusi qürur verir. Bu uğurların davamlı olacağına inanıram”.