Ekspertin sözlərinə görə, yeni sistemin effektivliyi həm də bir neçə amildən asılıdır: “Birincisi, şəhərin ümumi yol infrastrukturu və alternativ marşrutların mövcudluğudur. Əgər yol şəbəkəsi fiziki olaraq məhduddursa və avtomobil sayı sürətlə artırsa, təkcə işıqfor optimizasiyası bütün problemi aradan qaldıra bilməz. İkincisi, sistemin düzgün kalibrlənməsi və daimi monitorinqidir. Süni intellekt alqoritmləri real məlumatlarla qidalanmalı və mütəmadi olaraq yenilənməlidir ki, səhv qərarlar minimuma ensin. Digər mühüm məqam isə sürücü intizamıdır. Qaydaların pozulması, sarı və qırmızı işıqda keçid, kəsişmədə dayanma kimi hallar ən müasir sistemi belə səmərəsiz edə bilər. Ağıllı işıqforlar intizamlı və planlı hərəkət şəraitində maksimum nəticə verir”. A.Nəbiyev qeyd edib ki, bu sistem tətbiq olunduğu ərazilərdə lokal səviyyədə tıxacların azalmasına real təsir göstərə bilər: “Xüsusilə intensiv kəsişmələrdə hərəkətin daha balanslı paylanması, gözləmə müddətinin qısalması və yanacaq sərfiyyatının azalması kimi müsbət nəticələr gözləniləndir. Lakin uzunmüddətli və şəhər miqyasında ciddi dəyişiklik üçün paralel olaraq yol infrastrukturunun genişləndirilməsi, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması və nəqliyyatın rəqəmsal idarəetmə sistemlərinin inteqrasiyası da vacibdir”. Sevinc İbrahimzadə / Metbuat.az