AZ

Qızıl kəskin bahalaşacaq: "Mart ayında..."

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. 

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,34% artaraq 5 370,65 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,97 % artaraq 94,198 ABŞ dolları olub.

Qeyd edək ki, son günlər Yaxın Şərqdə ABŞ, İsrail və İran  arasındakı münaqişə dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Belə ki, ekspertlər yaxın müddətdə mövcud vəziyyətin əmtəə bazarında özünü göstərəcəyini deyirlər.

Belə olduğu təqdirdə son zamanlar qiyməti artmaqda davam edən qızılın taleyi necə olacaq?  

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, hazırda dünyada baş verən hərbi münaqişələr, İran-İsrail-Amerika arasındakı toqquşmalar qeyri-müəyyənlik yaradıb: 

“Bu qeyri-müəyyənlik də birbaşa olaraq dünya bazarlarında dalğalanmalara  səbəb olub.  ABŞ Prezidenti Doland Trampın açıqlamalarına görə, İrandakı hərbi əməliyyatlar  4 həftədən daha uzun müddətə davam edəcək. Bu da onu göstərir ki, mart ayında da birjalarda daha təhlükəsiz yatırım olaraq qızıla tələb artacaq.  

Tələb artdıqda da qiymətlərin yüksələcəyini indidən proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, beynəlxalq ticarətdə logistik bağların qırılması, ciddi texniki problemlərin yaranması, enerji təminatında da müəyyən tərəddüdlər yaradır. Təsadüfi deyil ki, son 8 ayda ilk dəfə olaraq “Brent” markalı neftin qiyməti  10 faizdən çox bahalaşdı və  bahalaşmaqda davam edəcək.

Neftin bahalaşması prosesi həm də dünya neft təminatının 20 faizini həyata keçirən Hörmüz boğazı vasitəsilə təmin olunur. Boğaz ətrafı ölkələrdə,  Körfəz  dövlətlərinin ərazilərində də hazırda münaqişə yaşanmaqdadır. İran iri neft hasilatçısı olan ölkələrin ərazilərini bombalayıb. Böyük bir coğrafiyanı əhatə etdiyinə görə də çox ciddi qeyri-müəyyənlik var". 

Bu qeyri-müəyyənlik fonunda da həm qızılın, həm neftin, hətta qazın qiymətində  bahalaşmanın olacağını proqnozlaşdırmaq mümkündür: 

"Konkretləşdirsək, qızılın qiymətində mart ayında  çox ciddi şəkildə, ən azı 10 faizdən çox bahalaşmanın şahidi ola bilərik. Qeyri-müəyyənliyin də nə qədər davam edəcəyi hələlik məlum deyil. Bu səbəbdən də investorlar daha təhlükəsiz sərmayələrə yönəldiyinə görə, bahalaşma hər gün davam edir və edəcək”.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr