AZ

Deputat: Dövlət büdcəsi yeni sosial xərclərlə qarşılaşa bilər

Yazını böyüt
Yazını kiçilt

“İran-ABŞ müharibəsi enerji qiymətlərinin artımına səbəb olarsa, bu, Azərbaycanın iqtisadiyyatına qısamüddətli və uzunmüddətli təsir göstərə bilər".

Bu istiqamətdə Hafta.az-a şərh verən Milli Məclisin deputatı Azər Badamov bir çox məqamlara diqqət çəkib.

O, qeyd edib ki, Azərbaycan enerji resurslarını ixrac edən ölkədir. Bu baxımdan neft və qaz qiymətlərinin beynəlxalq bazarlarda artması ölkəmizin gəlirlərinin artmasına birbaşa müsbət təsir göstərəcək:

“Neftin və qazın qiymətinin baha olması dövlət büdcəsinin gəlirlərini artıracaq. Amma bu özü-özü ilə müəyyən qədər bahalaşmanı da gətirəcəkdir. Çünki Azərbaycan daxili bazarı idxaldan müəyyən qədər asılı ölkədir. Qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərinin artması bazarlara təqdim olunan malların maya dəyərinin baha olmasına da öz təsirini göstərir. Bu baxımdan neft qiymətinin artmasının idxal etdiyimiz malların qiymətlərində də artımların olmasına təsiri gözləniləndir”.

Deputat regionda nəqliyyat və ticarət marşrutlarının pozulmasının Azərbaycanın ixrac və tranzit potensialına necə təsir etməsi məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, İranda müharibənin davam etməsi Şimal-Cənub nəqliyyat dəhlizində fasilələrin əmələ gəlməsinə yol açacaq. Çünki bu dəhlizin bir tərəfi Rusiyaya olsa da, digər tərəfi İran ərazisindən Fars körfəzinə qədər uzanır:

“Belə ki, bir neçə gündür ki, Hörmüz boğazında yüklərin daşınması təhlükəli olmuşdur. O cümlədən bu gün körfəzdə çoxlu sayda yük və enerji daşıyan gəmilər hərəkətsiz qalmışdır. Cənub-Şimal dəhlizi Hindistandan Rusiyaya qədər uzanır. Bu zəncirin İran həlqəsində dayanmanın baş verməsi nəinki Azərbaycan, həm də böyük bir coğrafiya üçün daşımada fasilələr yaradır. Təbii ki, bu müharibə uzun çəkərsə, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə tranzit logistik daşımalar azalacaqdır”.

Deputat o cümlədən miqrasiya ehtimalının dövlət büdcəsi və sosial xərclər baxımından əlavə yüklər yarada biləcəyini istisna etməyib. Onun sözlərinə görə İranda müharibə dərinləşərsə, əhalinin kütləvi miqrasiyası qaçılmaz olacaqdır:

“İnsanlar canlarını qurtarmaq üçün qonşu ölkələr olan Türkiyə, Azərbaycan və Ermənistana kütləvi şəkildə axın edə bilər. Təbii ki, ölkəmizə də qaçqın kütləsinin gəlməsi gözləniləndir. Qaçqınların qəbul edilməsi dövlət qarşısında yeni vəzifələr meydana gətirir. Bu, dövlət büdcəsini yeni sosial xərclərlə qarşılaşdıra bilər.Qaçqınların yerləşdirilməsi, onların sosial ehtiyaclarının ödənilməsi böyük maliyyə tələb edir. Ona görə də müharibənin tez başa çatması və münaqişənin diplomatik müstəvidə həll olunması üçün bütün imkanlar səfərbər olunmalıdır”.

A.Badamov bildirib ki, qaçqınlar müvəqqəti miqrantlardır və onların iqtisadi sistemə inteqrasiyası uzun bir prosesdir. Deputat vurğulayıb ki, hər bir miqrant ölkəmizdə fəaliyyət göstərməsi üçün qanunvericilik prosedurlarından keçməlidir:

"Azərbaycan çox da böyük ölkə deyil ki, işçi çatışmasın və miqrantların əməyinə ehtiyac duyulsun. Ölkəmizdə demoqrafik artım dinamikası da sabitdir. Bu baxımdan müharibə ilə bağlı ölkəmizə kimsə gəlməli olarsa, onlar daimi yaşamaq üçün yox, müvəqqəti sığınacaq üçün gələcəklər. Hələ ki, hər hansı miqrasiya dalğası yoxdur. Bu baxımdan qanunvericilik səviyyəsində təşəbbüslərin irəli sürülməsi tezdir. Amma reallıqda elə bir vəziyyətlə rastlaşsaq, əlbəttə ki, qanunvericilik səviyyəsində də müəyyən addımlar atılacaq və təşəbbüslərlə çıxış edəcəyik".

Deputat həmçinin inflyasiya, ərzaq təhlükəsizliyi və daxili bazarın sabitliyi baxımından yarana biləcək risklərə də diqqət çəkib:

“Qısamüddətli qaçqın dalğası olarsa, çoxlu fəsadlar yaratmayacaq. Amma uzunmüddətli insan kütləsi ölkəyə axın edərsə, onda böyük həcmdə ərzaq ehtiyacları yaranacaq. Bu da özü-özündə müəyyən bir dövr üçün bazarlarda bahalığa gətirəcək”.

Tahirə Qafarlı

Seçilən
22
hafta.az

1Mənbələr