AZ

Ekspert: Azərbaycan da bu təsirlərdən kənarda deyil

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın xarici siyasəti hər zaman milli maraqlara söykənən, praqmatik və çoxvektorlu yanaşma üzərində qurulub. Bu siyasətin əsas məqsədi ölkənin təhlükəsizliyini, iqtisadi inkişafını və regional sabitliyə töhfəsini təmin etməkdir. İran-ABŞ qarşıdurması kimi böyük geosiyasi gərginliklər fonunda Azərbaycan çox həssas bir coğrafiyada yerləşdiyini nəzərə alaraq balansı qorumaq məcburiyyətindədir. Burada əsas sınaq tərəflərdən birinin təsir dairəsinə çəkilməmək, eyni zamanda milli təhlükəsizlik risklərini minimuma endirməkdir”.

Bunu Hafta.az-a siyasi şərhçi Bəhruz Quliyev İran-ABŞ müharibəsi fonunda Azərbaycanın çoxvektorlu xarici siyasətinin üzləşə biləcəyi snaqlara diqqət çəkərkən qeyd edib. O, bildirib ki, enerji layihələri, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq platformaları bu balansın əsas sütunlarıdır.

"Azərbaycan bu prosesdə nə emosional, nə də situativ qərarlar qəbul edir. Əsas prinsip dəyişməzdir ki, dövlət maraqları hər şeydən üstündür. Bu isə o deməkdir ki, Bakı həm Qərblə, həm də region ölkələri ilə münasibətlərini qoruyaraq müstəqil siyasət kursunu davam etdirəcək", - ekspert deyib.

B.Quliyev vurğulayıb ki, xarici risklər artdıqca daxili sabitlik məsələsi daha da strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət burada yalnız təhlükəsizlik tədbirləri ilə kifayətlənməməlidir:

"Əlavə işlərin görülməsi, çox ciddi qərarlar verilməsi önəmlidir. Ən vacib məqamlardan biri sosial ədalətin təmin olunması, vətəndaş məmnunluğunun artırılması və idarəetmədə şəffaflığın gücləndirilməsidir. Preventiv addımlar dedikdə biz ilk növbədə cəmiyyətin bütün təbəqələrinin dövlət siyasətinə inteqrasiyasını nəzərdə tutmalıyıq. Sosial narazılıqların vaxtında aşkar edilməsi, regional inkişafın təmin olunması və xüsusilə gənclərlə ideoloji işin gücləndirilməsi bu baxımdan mühüm rol oynayır. Sabitlik yalnız güc amili ilə yox, həm də ictimai razılaşma ilə təmin olunur”.

B.Quliyev müharibələrin baş verdiyi mərhələlərdə kənar güclərin informasiya və ideoloji təsir cəhdlərinin aktivləşdiyini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə müharibələr təkcə cəbhədə aparılmır:

"İnformasiya müstəvisi artıq əsas qarşıdurma sahələrindən biridir. Böyük güclər regional ölkələrə təsir etmək üçün informasiya manipulyasiyalarından, sosial şəbəkələrdən və müxtəlif ideoloji alətlərdən istifadə edirlər. Azərbaycan da bu təsirlərdən kənarda deyil. Xüsusilə gərgin beynəlxalq vəziyyətlərdə dezinformasiya kampaniyaları, ictimai rəyə təsir cəhdləri və daxili parçalanma yaratmaq istəyən qüvvələrin aktivləşməsi mümkündür. Buna qarşı əsas cavab güclü milli informasiya siyasəti, media savadlılığının artırılması və milli dəyərlərə əsaslanan ideoloji platformanın möhkəmləndirilməsidir”.

Ekspert bildirib ki, etimad dövlətin ən böyük strateji resursudur. Əgər vətəndaş dövlətə inanırsa, ən çətin dövrlər belə idarəolunan olur:

"Bu etimadın qorunması üçün ilk növbədə açıq kommunikasiya vacibdir. Dövlət qərarlarını izah etməli, cəmiyyətlə dialoq qurmalı və şəffaflığı təmin etməlidir. Digər mühüm mexanizm ədalətli idarəçilikdir. Qanunun aliliyi, sosial ədalət və korrupsiyaya qarşı mübarizə etimadın əsas sütunlarıdır. Eyni zamanda vətəndaşların qərar qəbul etmə prosesində iştirak imkanlarının genişləndirilməsi, ictimai nəzarət institutlarının gücləndirilməsi də mühüm rol oynayır. Düşünürəm ki, güclü dövlət yalnız sərt idarəçiliklə deyil, cəmiyyətlə qurduğu etimad körpüsü ilə möhkəmlənir.Azərbaycanın qarşısında duran əsas vəzifə də məhz bu balansı qorumaqdır”.

Tahirə Qafarlı

Seçilən
30
hafta.az

1Mənbələr