Yaxın Şərqdə artan gərginlik fonunda region ölkələri ilə iqtisadi əlaqələr və xüsusilə idxal məhsullarının qiymətləri ilə bağlı narahatlıqlar gündəmə gəlib.
Maraqlıdır, İrandan idxal olunan mallarda yaxın aylarda qiymət artımı gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, mövcud münaqişə təbii olaraq regiona müəyyən mənfi təsirlər göstərsə də, bu təsir daha çox siyasi və hərbi müstəvidə hiss olunur.

Onun sözlərinə görə, iqtisadi baxımdan ciddi nəticələrin yaranması üçün prosesin uzunmüddətli xarakter alması vacibdir:
“Hazırkı vəziyyətdə münaqişənin davamlı olması real görünmür. Azərbaycanın xarici ticarət dövriyyəsində İranın payı cəmi 1,3 faiz təşkil edir. İranla ticarət ümumi dövriyyədə kiçik paya malikdir. Alternativ istiqamətlərdən Azərbaycana məhsul idxal etmək imkanları mövcuddur.”
İqtisadçı qeyd edib ki, gərginliyin bir neçə həftə davam etməsi halında belə, bunun Azərbaycan bazarında ciddi qiymət artımına səbəb olacağı gözlənilmir. Onun fikrincə, idxal kanallarının şaxələndirilməsi mümkün riskləri minimuma endirir.
Beləliklə, hazırkı mərhələdə İrandan idxal olunan məhsullar üzrə kəskin bahalaşma ehtimalı aşağı qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az