İranın ali dini lideri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldürülməsindən sonra qonşu ölkədə ali hakimiyyətin gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu istiqamətdə yayılan məlumatlar həm ölkə daxilində, həm də regionda ciddi suallar doğurur. Xameneinin ölümündən öncə varisliklə bağlı konkret adların müəyyənləşdirildiyi iddia olunur.
Mümkün namizədlər sırasında Xameneinin oğlu Müctəba Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani və İslam İnqilabının banisinin nəvəsi Seyid Həsən Xomeyninin adları çəkilir.
Bu arada qeyd edək ki, Prezident Donald Tramp İranın lideri postuna üç namizədinin olduğunu bəyan edib. Bu barədə "The New York Times" məlumat verib. Nəşrin yazdığına görə, jurnalistlərlə söhbət zamanı Ağ EV rəhbəri qeyd edib ki, İrana kimin rəhbərlik edə biləcəyi ilə bağlı onun çox yaxşı üç seçimi var. Amma Tramp həmin şəxslərin adlarını açıqlamaqdan imtina edib.
Məsələ ilə bağlı Musvat.com-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, hazırda məlum olan bir neçə məqam var. Onun sözlərinə görə, İranın dini lideri Əli Xameneinin ölümündən öncə Laricani və digər şəxslərlə görüşdə varisin kimliyi barədə konkret adlar çəkib: “Məlumatlarda qeyd edilir ki, o ölümündən öncə varislərin kimliyi barədə konkret adlar verib. Həmin adlar isə Laricani tərəfindən Məclise Xubriqana təqdim olunub. Orada kimlərin adı ola bilər sualına birmənalı cavab vermək mümkün deyil. Lakin təxminlərlə bəzi qənaətlərə gəlmək olar.
Laricani Xameneinin ən yaxın adamlarından biridir. Onun varis olma ehtimal əvvəldən də var idi. Düzdür, rejim mənsubları ilə müəyyən fikir ayrılıqlarına malikdir. Bu səbəbdən islahatçılara qoşulub. Lakin bu, onun İrandakı rejimə müxalif olması anlamına gəlməməlidir. Elə bu səbəbdəndir ki, qısa müddətdə əvvəlcə Xameneinin müşaviri, daha sonra isə Ali Təhlükəsizlik Şurasının rəhbəri təyin olunub”.

Fəraməzoğlu vurğulayıb ki, siyahıda Xameneinin oğlu Müctəba Xamaeinin də adı ola bilər. “Amma son gələn xəbərlərdən anlaşılan odur ki, Müctəba da atası ilə birlikdə bombardmanda həlak olub. Əgər məlumat təsdiqlənərsə, o zaman siyahıdakıların sayı ikiyə düşmüş olacaq”.
O daha sonra deyib ki, Həsən Xomeyninin də müəyyən şansları var. “Həsən Xomeyni İraq şiələrinin lideri Əli Sistaninin kürəkəni sayılır. Onun nəvəsi ilə evlidir. Bir ara onun da rejim mənsubları ilə fikir ayrılıqları var idi. Amma kritik anlarda birləşə bildilər”.
Fəraməzoğlu bildirib ki, İran cəmiyyətinin fikrində rejim daxilindən istənilən birinin başa keçməsi məqbul deyil: “Çünki insanlar rejimin getməsini və respublikanın qurulmasını tələb edirlər. Hər üç namizəd də iqnor edilən şəxslərdir. Xüsusən zərurət olarsa, Laricaniyə daha çox üstünlük verilər, nəinki Müctəba Xamenei və Həsən Xomeyniyə”.
Siyasi şərhçi ABŞ prezidenti Donald Trampın məsələdə rəyinin nəzərə alınıb-alınmayacağı barədə suala cavab olaraq deyib ki, bu, o qədər də real deyil. “İran Venesuela deyil. İrandakı rejimin Trampın diqtəsi və ya təklifi ilə rəhbər seçməsi də inandırıcı görünmür. Bu, o halda ola bilər ki, rejim təslim bayrağı qaldırsın”.
Müsahibimiz hazırkı məqamda İran üçün məqbul namizəd məsələsinə də toxunub: “İran cəmiyyəti hər üç namizədi eyni gözdə görür. Əslində, durum belədir ki, İran cəmiyyəti molla rejiminin qalmasını istəmir. İndiyə qədər keçirilən etiraz aksiyalarının da əsas tələbi bu olub. Bunun fonunda hansısa namizədin dini lider olması onların marağında deyil. Əgər cəmiyyət rejimin qalmasında maraqlı olarsa, o zaman Məclise Xubriqandan başqa bir namizədə üstünlük verə bilər.
Məsələn, ayətullah Cavad Amuli və ya bir başqasını misal çəkmək olar. Düzdür, Amuli çox yaşlıdır və həmin posta iddialı deyil. Fərz edək ki, razılaşsa, cəmiyyət onu dəstəkləyə bilər. Çünki həddindən artıq mülayim biridir, sərt xəttin tərəfdarı deyil. Üstəlik, rejimə dini baxışlarına görə, müxalif biri də hesab etmək olar”.
O, hazırda İran dini liderinin vəzifəsini müvəqqəti icra edən Əlirza Ərafi barədə isə deyib: “Ərafi mühafizəkar qanadın nümayəndəsidir. Sərt xəttin tərəfdarıdır. Onun idarəçilik qabiliyyətinin yüksək olmadığı barədə fikirlər var. Düzdür, Qumdakı dini kəsimin yanında nüfuz sahibidir. O, uzun illər xarici ölkələrə “İslam İnqilabının transferi” layihəsinə başçılıq edib. Lakin Laricani və digərləri ilə rəqabət apara biləcək fiqur deyil”.
Cavanşir ABBASLI,
Musavat.com