AZ

“Ermənistan konstitusiya islahatlarına getməlidir, bunun başqa alternativi yoxdur” – İrəvana mesaj

Yeni Konstitusiyanın layihəsi demək olar ki, hazırdır, lakin onun preambulası və birinci fəsli, eləcə də baş nazirlə bağlı bir sıra məsələlər hələ müzakirə olunmayıb. Musavat.com-un məlumatına görə, bunu parlamentdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib. O xatırladıb ki, yeni Konstitusiya layihəsi martda ictimai müzakirəyə çıxarılacaq. Şöbə müdiri əlavə edib ki, mətn sırf ilkin xarakter daşıyacaq və hökumət istənilən təklifə açıq olacaq. Hökumətin preambuladan Dağlıq Qarabağa istinadların çıxarılmasını zəruri hesab edib-etməməsi ilə bağlı suala nazir belə cavab verib: “Hökumətin məqsədi Ermənistanın sülhü və ərazi bütövlüyünün təhdid edilməməsini təmin etməkdir”, o qeyd edib.

Nazir əlavə edib ki, Konstitusiyaya dəyişikliklərin edilməsi proseduru ilə bağlı maddələr, o cümlədən hökumət başçısı ilə bağlı bir sıra müddəalar da müzakirə olunmayıb. Bundan əlavə, mətn ikinci və üçüncü fəsilləri birləşdirir ki, bu da dövlətin sosial təminatlarla (o cümlədən səhiyyə) öhdəliklərini daha konkret şəkildə ifadə edir. Erməni mediası xatırladır ki, 2025-ci il martın sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını bəyan edib. Baş nazir əlavə edib ki, onun komandası referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsini nəzərdən keçirir. O zaman Paşinyan iddia edirdi ki, Konstitusiyaya düzəlişlər sırf daxili siyasətlə bağlı məsələdir, lakin bunun “regional və beynəlxalq təsirə” malik olmaya bilməzdi. Hələ 2025-ci ilin aprelində o, parlamentdə bəyan etmişdi ki, yeni Konstitusiya Bəyannaməyə istinad etməməlidir. Materialda vurğulanır ki, “öz növbəsində Azərbaycan da inadla Ermənistanın Konstitusiyaya düzəlişlər etməsində israr edir və əsas qanunda Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşdirilməsi ilə bağlı birbaşa çağırışların yer aldığını əsas gətirir”.

Musavat.com xatırladıq ki, bu ilin fevralında Münhendə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının konkret şərtini açıqlayıb. Dövlətimizin başçısı bildirib ki, proses Bakının deyil, İrəvanın atacağı addımdan asılıdır. Prezident vurğulayıb ki, Azərbaycanın mövqeyi artıq Ermənistan tərəfinə açıq şəkildə çatdırılıb: “Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməlidir. Bu dəyişikliklər edilən kimi sülh müqaviləsini növbəti gün imzalaya bilərik”. İlham Əliyev qeyd edib ki, əslində iki ölkə arasında artıq faktiki sülh mövcuddur və əldə olunan razılaşmalar bunu təsdiqləyir: “Vaşinqton razılaşmaları və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Sülhün rəsmiləşdirilməsi Ermənistan tərəfdən asılıdır”. Prezident əlavə edib ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra müqavilənin imzalanması dərhal mümkün olacaq.

Göründüyü kimi, Ermənistan həm sülh sazişini imzalamağa hazır olduğunu bildirir, həm də əsas ev tapşırığını icra etməkdən yayınır. Mövcud situasiya nədən xəbər verir: Ermənistan Azərbaycanın tələbinə əməl edib, əsas qanunundan ölkəmizə qarşı ərazi iddialarını çıxaracaqmı?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın qüvvədə olan qanunvericiliyinə görə, parlament seçkilərindən 6 ay sonra ölkədə referendumun keçirilməsi mümkündür: “Yəni bu o deməkdir ki, referendum bu ilin dekabr ayında keçirilə bilər. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın layihənin preambulası, birinci fəsli və hökumət başçısı ilə bağlı müddəaların müzakirə olunmadığı barədə fikirlərinə gəldikdə isə, ola bilsin ki, bu ölkənin ictimai rəyinə hesablanmış yanaşmadır və rəsmi İrəvan parlament seçkilərinədək konstitusiya dəyişikliyi ətrafında qeyri-müəyyənliyi qoruyub-saxlamağa, diqqəti fundamental dəyişikliklərdən yayındırmağa çalışır. Çünki istənilən sənədin, o cümlədən konstitusiyanın və ya hər hansı bir qanunun preamblua hissəsi onun strukturunu və ana xəttini müəyyənləşdirir. Bu baxımdan, preamblua və birinci fəsillə bağlı, ən azı vahid baxış bucağı olmadan digər bəndlər üzərində iş aparmaq mümkün deyil. Çünki mahiyyət preamblua və birinci fəasildə ifadə olunur, digər fəsillər isə mahiyyətə uyğunlaşdırılır. Qalyanın dedikləri təxminən ona bənzəyir ki, yazıçı öncə hekayənin sonunu yazır, sonra isə əvvələni”.

E.Mirzəbəyli hesab edir ki, nazirin dedikləri tipik erməni manipulyasiyasıdır: “Çünki digər məsələlərə yanaşmada olduğu kimi, burada da məntiqi əsaslandırma yoxdur. Bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, Ermənistanın Ədliyyə nazirinin açıqlamasında bu ölkənin müstəqillik bəyannaməsinə istindən konstitusiyada yer alan iddiaların çıxarılması perspektivinə də diqqət çəkilir. Doğrudur, Qalyan bunu hüquqi kontekstdən daha çox təhlükəsizlik müstəvisində təqdim etməyə çalışır və qeyd edir ki, “hökumətin məqsədi Ermənistanın sülhü və ərazi bütövlüyünün təhdid edilməməsini təmin etməkdir.” Qeyd edim ki, Ermənistan hakimiyyətinin Konstitusiya dəyişiklikləri ilə bağlı istəklərində yer alan əsas məqamlardan biri də kilsə və diaporla bağlı müddəaların konstitusiyadan çıxarılmasıdır. Söhbət Ermənistan konstitusiyasının 18-ci və 19-cu maddələrindən gedir. 18-ci maddədə qeyd olunur ki, “Ermənistan Respublikası Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafı və milli özünəməxsusluğunun qorunub-saxlanılması baxımından milli kilsə kimi müstəsna missiyasını tanıyır”. Təxmini yanaşma, diasporla bağlı 19-cu müddəada da öz əksini tapıb. Burada da diasporun “erməni kimliyinin qorunması, “milli mədəniyyət” və digər bu kimi anlayışlar üzərindən ideoloji aspektdən Ermənistan cəmiyyətinə emosional təsir imkanları konstitusiya səviyyəsində tanınır. Bu isə, mahiyyət üzrə hüquqi dövlətçilik ənənələrinə və prinsiplərinə zidd anlayışlardır”. 

Milli Məclisin üzvü detalları da aşağıdakı kimi açıqlayıb: “Ermənistan Konstusiyasının 1-ci maddəsində qeyd olunur: “Ermənistan Respublikası suveren, demokratik, sosial, hüquqi dövlətdir”. Amma göründüyü kimi, burada Ermənistan dövlətinin quruluşundan, yəni hansı dövlət formasına aidliyindən heç bir söhbət açılmır. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.

Amma Ermənistan konstitusiyasındakı kilsə ilə bağlı müddəaya görə, sözügedən sənəddə dünyəvilik anlayışı yer almayıb və bu o deməkdir ki, bu ölkənin siyasətində hüquqla yanaşı, dini ehkamlar da yer ala bilər. Bu isə, mahiyyət etibarilə hüququn fəlsəfəsinə, klassik dövlətçilik anlayışına ziddir. Ermənistan konstitusiyasında unitarlıqla bağlı anlayışın yer almaması isə, çox güman ki, diasporla bağlıdır və bu yanaşma ermənilərin yaşadığı bütün ölkələr üçün de-yure təhdid yaradan amil kimi də dəyərləndirilə bilər. Yəni bu, o deməkdir ki, Ermənistan ermənilərin yaşadıqları bütün ərziləri de-fakto özününkü hesab edir və yaxud nə zamansa bu ərazilərə iddia etmək üçün zəmin yaradılmasına çalışır. Konstitusiyada Ermənistanın dövlət quruluşu, yəni unitarlığı, federallığı və ya konfederallığı ilə bağlı məqamın yer almamasının səbəbi də, çox güman ki ənənəvi erməni nağıllarından qaynaqlanan amillərlə bağlıdır. Ermənsitanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə uyğun bir konstitusiyaya sahib olması zəruridir, əks təqdirdə bu ölkənin ana qanunu təkcə qonşu ölkələr üçün deyil, Ermənistan dövlətçiliyi üçün də təhlükə yaratmaqda davam edəcək. Referenduma qarşı çıxış edənlərin arasında fərqli və bir-biri ilə ziddiyyətdə olan maraqları ifadə edənlərin yer alması isə sübuta yetirir ki, Ermənistan konstitusiyasından ərazi iddiaları, kilsə və diaspor ilə bağlı məqamların çıxarılmasını arzulamayanların spektri zəngindir. Bəzi ölkələr Ermənistanın qonşu ölkələrə ərazi iddialarının davam etdirilməsində, Ermənistanın daxili və xarici siyasətinə diaspor və kilsənin müdaxiləsi üçün hüquqi imkanların qorunub-saxlanılmasında maraqlı görünürlər”. E.Mirzəbəyli bildirib ki, yəni məsələ, yalnız Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən yer alan ərazi iddiaları ilə bağlı deyil: “Bu səbəbdən, Paşinyan və komandası seçkidən sonra təkcə Ermənistan cəmiyyətini deyil, Ermənistanın özünü də buxovlardan və kənar təsirlərdən azad etmək, həmçinin bölgədə sülhə, təhlükəsizliyə təhdid yaratmadığını təsdiqləmək üçün Konstitusiya islahatlarına getməlidir. Bunun başqa alternativi yoxdur”.

E.Paşasoy,

Musavat.com

 

Seçilən
289
9
musavat.com

10Mənbələr