AZ

"Pensiya yaşını qaldırmaqla təhsilin problemlərini həll etmək doğru deyil" - Əməkdar müəllim

Deputat Arzuxan Əlizadə bildirib ki, müəllimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. O, fikrini regionlarda müəllim çatışmazlığının olması ilə əsaslandırıb.

Bəs müəllimlərin təqaüdə çıxma yaşını artırmaq problemin həlli hesab edilirmi?

Redaktor.az-a danışan keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva qeyd etdi ki, müəllimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsi sistemli yanaşma tələb edən mövzudur:

"Regionlarda müəllim çatışmazlığı reallıqdır və bu, uzun illərdir düzgün qurulmayan kadr siyasətinin nəticəsidir. Problemi isə pensiya yaşını artırmaqla həll etmək mümkün deyil. Arzuxan Əlizadənin qaldırdığı məsələ diqqətə layiqdir. Lakin yanaşma mexaniki olmamalıdır. Sadəcə pensiya yaşını qaldırmaqla təhsilin problemlərini həll etmək doğru deyil, ümumiyyətlə pensiya yaşının artırılması nəhayətində başqa problemləri də labüd edəcəkdir".

Müsahibimiz vurğuladı ki, müəllimlik fiziki yox, intellektual sahədir və ciddi psixoloji, emosional yük tələb edir:

"Hər müəllim 65 yaşdan sonra eyni templə işləyə bilmir. Düşünürəm ki, əsas meyar yaş deyil, peşəkarlıq, fiziki sağlamlıq və yüksək motivasiya olmalıdır. İstəyən və uyğun olan müəllimlər üçün 65 yaşdan sonra müqavilə əsasında fəaliyyət imkanı yaradıla bilər. Bununla yanaşı, regionlara gənc müəllimləri cəlb etmək üçün real sosial və maliyyə stimulları gücləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Seçilən
21
2
redaktor.az

3Mənbələr