AZ

Starmer: Böyük Britaniya Yaxın Şərqdə yalnız müdafiə əməliyyatlarında iştirak edir

Böyük Britaniya İrana qarşı ABŞ-İsrail birgə hərbi əməliyyatına qoşulmaq niyyətində deyil, çünki belə müdaxilə krallığın milli maraqlarına uyğun gəlmir.

“İki sahil” BBC-yə istinadən xəbər verir ki, bunu baş nazir Kir Starmer parlamentdəki çıxışında bəyan edib.

Onun sözlərinə görə, ABŞ İranın raketlərinin saxlama anbarlarında və ya buraxılış qurğularında məhv edilməsi məqsədilə müdafiə zərbələri endirmək üçün Britaniyanın hərbi bazalarından istifadəyə icazə verilməsini xahiş edib.

Starmerin sözlərinə görə, o, İranın dinc sakinlərin həlakına səbəb ola biləcək raketlər buraxmasının qarşısını almaq üçün bu müraciətlə razılaşıb.

Bununla yanaşı, hökumət başçısı vurğulayıb ki, Böyük Britaniya ABŞ və İsrailin hücum əməliyyatlarına qoşulmaq niyyətində deyil. O əlavə edib ki, Fransa və Almaniya da ABŞ-yə İranın raket potensialının məhv edilməsi üçün öz bazalarından istifadə imkanı verməyə hazırdır.

Baş nazir vurğulayıb ki, Kiprdəki Britaniya bazalarından Amerika bombardmançıları istifadə etmir və İranın bazaya zərbəsi London tərəfindən qəbul edilmiş hər hansı bir qərara cavab olmayıb.

Strarmer bəyan edib ki, İran regionun ona hücum etməyən ölkələrinə yüzlərlə raket və minlərlə pilotsuz uçuş aparatı buraxıb. Onun sözlərinə görə, regionda daimi yaşayan, məzuniyyətdə olan və ya tranzit kimi istifadə edən təxminən 300 min Britaniya vətəndaşı var.

Hökumət başçısı etiraf edib ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın əməliyyatlarda iştirak etməmək barədə ilkin qərarına narazılığını ifadə edib. "Lakin mənim vəzifəm Böyük Britaniyanın milli maraqlarına nəyin uyğun gəldiyini qiymətləndirməkdir", - Starmer qərarlarına sadiq qaldığını bəyan edərək vurğulayıb.

Eyni zamanda, Starmer bəyan edib ki, münaqişənin həllinin ən yaxşı yolu İranın nüvə silahı yaratmağa yönəlmiş istənilən iddialarından imtina edəcəyi dialoqdur.

Seçilən
23
2
ikisahil.az

3Mənbələr