AZ

Od çərşənbəsi gəldi: Minillik inancların gizli mənası nədir?

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Xatırladaq ki, bu il Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Qədim türk dünyagörüşündə od adi alov kimi deyil, müqəddəs varlıq kimi qəbul edilir. O, yalnız yandıran və istilik verən ünsür deyil, həm də insanı mənəvi çirklərdən təmizləyən, görünməz ağırlıqları yox edən güc hesab olunur. El arasında tez-tez işlədilən “Suyun yumadığını od təmizlər” deyimi də məhz bu qədim inancdan qaynaqlanır. Araşdırmalar göstərir ki, türk etnosu odu zərdüştlükdən və atəşpərəstlikdən də əvvəl müqəddəs sayıb, onu qoruyucu və təmizləyici qüvvə kimi qəbul edib.

Beləliklə, Od çərşənbəsi xalq yaddaşında əsasən “ağırlığın məhv olduğu gün” kimi yaşayır. İnanca görə, insanın üzərinə qonan uğursuzluqlar, pis niyyətlər və görünməz mənfi enerjilər məhz od vasitəsilə yox edilir. Buna görə də tonqal təsadüfi yerdə deyil, adətən həyət qapısının sonunda qalanardı. Məqsəd sadə idi: evə daxil olan hər kəs pis niyyətini, dərdini, ağırlığını odda qoyub içəri keçsin. Tonqalın üzərindən atlanan hər kəs isı bu arzunu pıçıldayır: köhnə dərdlər odda qalsın, yeni il isə işıqla başlasın.

Tarixi mənbələrdə Od çərşənbəsi “Üskü çərşənbə” və ya “Üskü gecəsi” adları ilə də tanınıb. Qədim Azərbaycan inanclarına görə od işıqlı sabahın, bolluğun və xeyir-bərəkətin rəmzi idi. Buna görə də bu çərşənbədə tonqallar digər günlərlə müqayisədə daha möhtəşəm qalanardı.
Keçmişdə insanlar tonqalı kəndin ən hündür nöqtəsində - dağ və ya təpə başında yandırar, bütün el həmin alovun ətrafına toplaşardı. Maraqlı adətlərdən biri də yas mərasimləri ilə bağlı olub. Qohum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar, bununla həmin ailənin kədərdən çıxmasına simvolik şəkildə kömək edərdilər. Yəni od burada həyatın davam etdiyini xatırladan ümid işığı idi.

Qeyd edək ki, bu gün ölkə üzrə ikinci çərşənbə rəsmi olaraq Od çərşənbəsi kimi qəbul edilsə də, bölgələr arasında fərqli ənənələr də yaşayır. Məsələn, Naxçıvanda bu gün Torpaq çərşənbəsi kimi qeyd olunur və Od çərşənbəsi sonuncu, yəni dördüncü çərşənbəyə təsadüf edir. Bəzi bölgələrdə isə ikinci çərşənbə Yel çərşənbəsi kimi tanınır. Bu fərqliliklər əsrlər boyu formalaşmış lokal inancların və mədəni yaddaşın zənginliyindən xəbər verir.

Tonqal Od çərşənbəsinin əsas rəmzi olsa da, xalq arasında şam yandırmaq ənənəsi də geniş yayılıb. Bəzi evlərdə hər ailə üzvünün adına ayrıca şam yandırılır, bəzilərində isə bir ümumi şam ailə birliyinin rəmzi kimi alışdırılır.

Od çərşənbəniz mübarək!

 

Xalidə Gəray
Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr