Mərhum ayətullah Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni dini elita daxilində aparılan müzakirələrdə ayətullah Əli Xameneinin yerinə Ali Rəhbər seçilə biləcək şəxslər sırasında əsas fiqurlardan biridir.
Həsən, Xomeyninin 15 nəvəsi arasında ən məşhuru sayılır və dini elitanın nisbətən mülayim qanadına mənsubdur. O, islahatçılarla, o cümlədən sabiq prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani ilə yaxın münasibətlər saxlayıb. 53 yaşlı ruhani Tehranda babasının məqbərəsinin qoruyucusudur və indiyədək dövlət vəzifəsi tutmayıb.
Bəzi siyasətçilər onu Xameneinin sərt xətt tərəfdarlarına, o cümlədən onun oğlu Müctəbaya alternativ namizəd kimi görürdülər. Yanvar iğtişaşları fonunda da bir qrup siyasətçi İran İslam Respublikasının maraqlarını möhkəmlətmək üçün daha mülayim varisin təyin edilməsini təklif etmişdilər.
Həsən Xomeyni islahat çağırışları ilə tanınır və hakimiyyətin bəzi addımlarını tənqid edir. 2021‑ci ildə Konstitusiyanın Mühafizəçiləri Şurasını islahatçıların seçkilərə buraxılmamasına görə sərt şəkildə qınayıb ki, bu da İbrahim Rəisinin qələbəsinə yol açmışdı.O, həmçinin 2022‑ci ildə Məhsa Əmininin qətlinə şəffaf araşdırma tələb edib.
Bununla yanaşı, Həsən Xomeyni mövcud sistemə sadiqliyini də nümayiş etdirib. Etirazlar zamanı anti‑hökumət şüarlarını pisləyib, hökumətyönlü tədbirlərdə iştirak edib və iğtişaşlarda iştirak edənləri xarici qüvvələrlə əlaqədə ittiham edib.
Ona yaxın mənbələr Həsən Xomeynini “proqressiv teoloq” adlandırır, qadın hüquqları, sosial azadlıq, Qərb fəlsəfəsi və İslam düşüncəsinə marağını vurğulayırlar. O, Həsən Ruhani hökumətini və 2015‑ci il nüvə sazişini dəstəkləyib, ABŞ‑ın 2018‑ci ildə bu sazişdən çıxmasının və sanksiyaların iranlılara yaratdığı iqtisadi çətinlikləri açıq şəkildə qeyd edib.
Röya Əliyeva
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta