“Çox sevincliyəm”

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Nigar Mirzəliyeva deyib. Milli komandanın üzvü Almaniyanın Hamburger klubuna transferi barədə danışıb.

“Bu, mənim üçün böyük sevinc olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Artıq bir aydır ki, transfer olmuşam. Əvvəlcə həm komandaya adaptasiya, həm də dil baxımından müəyyən çətinliklərim oldu. Amma çalışıram ki, bunu çox hiss etdirməyim və komandaya tez bir zamanda uyğunlaşım. Fikrimcə, çətinliklər hər zaman olur və bu, normaldır.

Komanda yoldaşlarım çox yaxşı qızlardır. Mənə özümü yad hiss etdirmədilər, əksinə, daim dəstək olurlar. Lakin dil baxımından hələ də müəyyən çətinliklərim var. İngilis dilini müəyyən qədər bildiyim üçün əsasən bu dildə ünsiyyət qurmağa çalışıram. Nəyisə başa düşməyəndə isə izah edirlər. Çox mehriban qızlardır, məşqçi heyəti də həmçinin. Belə bir kollektivə düşdüyüm üçün özümü çox şanslı hesab edirəm.

Yeni transfer olanda Mahir Emreli sosial şəbəkədə mənə uğurlar arzuladı. Qısa bir yazışmamız oldu. Mən də ona karyerasında uğurlar arzuladım.”