300-dən çox Rusiya vətəndaşı ABŞ və İsrailin İrana qarşı hücumları fonunda yarımçıq qalan reyslər səbəbindən Bakıda qalır və Dubaya uçmaqdan imtina edir.
Musavat.com xəbər verir ki, söhbət 28 fevral tarixində Moskvanın Vnukovo hava limanından Dubaya yola düşən FZ 970 və FZ 968 reyslərindən gedir. Flydubai aviaşirkətinə məxsus təyyarələr hərbi əməliyyatların başlanmasından sonra marşrutu dəyişərək Bakıya eniş edib.
Məlumata görə, sərnişinlər Bakıda yerləşən Qafqaz Baku City Hotel & Residences mehmanxanasında yerləşdirilib. Onlar üç gün ərzində aviaşirkətdən vəziyyətlə bağlı aydın izahat ala bilmədiklərini bildirirlər.
Sonradan sərnişinlərə Dubaya uçuşun bərpa olunacağı barədə məlumat verilib. Lakin onların bir qismi Yaxın Şərqdəki gərgin təhlükəsizlik vəziyyətini əsas gətirərək Dubaya getməkdən imtina edib və Rusiyaya geri qaytarılmalarını tələb edir.
Musavat.com