AZ

Məhkəmə məmurun evindən 340 min manat oğurlayan qadın və əmisi oğlu ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

 

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.

 

Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. Qadın qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.

 

Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynovaya və əmisi oğlunun hər birinə 5 il həbs cəzası verilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 3 Mart 2026, 08:20   
Seçilən
14
2
pravda.az

3Mənbələr