AZ

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

Xəzərin mavi sularının sahilində mirvari kimi parlayan Bakı yalnız coğrafi məkan deyil, zamanın qatlarını öz sinəsində yaşadan daş tarixdir. Gözəl və yaraşıqlı küçələri ilə addımladıqca adam qəribə hisslər keçirir. Sanki insan əsrlər arasında yol gedir - bir tərəfdə qədim Şərqin isti nəfəsi, digər tərəfdə Avropa memarlığının təkrarsız nümunələri.

Qədim qala divarları ilə əhatələnmiş İçərişəhər, əzəməti ilə seçilən Qız qalası, daş yaddaşın möhtəşəm nümunəsi olan Şirvanşahlar sarayı... Bunlar, sadəcə, memarlıq abidələri deyil, xalqımızın milli yaddaşının daşlaşmış salnaməsidir. Mübaliğəsiz deyə bilərik ki, Bakı həm qədim bir muzeyi xatırladır, həm də yaşayan bir sənət əsərinə bənzəyir. Burada hər bina bir tarix, hər daş bir xatirə, hər küçə bir dəyər dastanıdır. Şərqlə Qərbin estetik harmoniyasını özündə birləşdirən bu nadir şəhər Azərbaycan xalqının ruhunu, irsini və kimliyini qoruyan müqəddəs məkan kimi zamanın sınağından alnıaçıq çıxaraq bu gün də öz möhtəşəmliyini qoruyur.

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması düşünülmüş, zamanın çağırışlarına cavab verən qərardır. Bu, yalnız bir təqvim ili ilə məhdudlaşan qərar deyil, həm də ölkənin şəhərsalma siyasətində yeni mərhələnin - sistemli, elmi əsaslara söykənən və beynəlxalq standartlara inteqrasiya olunan inkişaf modelinin başlanğıcıdır.

Son illər paytaxtda və regionlarda genişmiqyaslı infrastruktur və quruculuq layihələri həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə şəhərlərin və kəndlərin yenidən salınması müasir memarlıq tariximizdə nadir hadisələrdəndir. Görülən işlər ölkəmizin dayanıqlı inkişaf modelinin təqdimatı olmaqla bəzi zərurətləri ortaya çıxarır. Ekoloji balansı qoruyan, enerjiyə qənaət edən "ağıllı idarəetmə sistemləri", rəqəmsal texnologiyalar yeni şəhər nümunəsini yaradır.

Sözsüz ki, "Şəhərsalma və Memarlıq İli" bu çağırışların vahid proqram çərçivəsində reallaşdırılmasına xidmət edir. Diqqət etsək görərik ki, son illər Bakının memarlıq siması köklü şəkildə dəyişib. Bir vaxtlar sənaye tullantıları ilə tanınan Qara şəhər bu gün Ağ şəhər olaraq müasir yaşayış və biznes məkanına çevrilib. Bulvarın genişləndirilməsi, yeni parkların salınması, ictimai istirahət zonalarının yaradılması paytaxtın inkişaf fəlsəfəsində insan faktorunun önə çəkildiyini göstərir.

Bu gün Bakının müasir simasını formalaşdıran memarlıq nümunələri artıq qlobal tanıtım elementinə çevrilib. Qürurla qeyd edə bilərik ki, şəhərin rəmzinə çevrilmiş müasir memarlıq ansamblı - "Alov qüllələri", dünya memarlıq xəritəsində xüsusi yer tutan, forması ilə seçilən Heydər Əliyev Mərkəzi, beynəlxalq tədbirlərin keçirildiyi əsas ünvanlardan biri Bakı Konqres Mərkəzi, qlobal miqyaslı tədbirlərə evsahibliyi edən Bakı Kristal Zalı, milli musiqi irsini müasir memarlıq dili ilə təqdim edən   Beynəlxalq Muğam Mərkəzi yalnız estetik layihələr deyil, həm də Azərbaycanın modern memarlıq imicinin ifadəsidir.

Son illər paytaxtın bir sıra qədim məkanlarında aparılan yenidənqurma və əsaslı təmir işləri paytaxtın memarlıq simasına xüsusi məna və yeni nəfəs bəxş edib. Xüsusilə Ramana və Balaxanı kimi tarixi yaşayış məntəqələrində küçələrin abadlaşdırılması, fasadların bərpası, daş evlərin ilkin memarlıq üslubuna uyğun yenilənməsi qədimliklə müasirliyi uzlaşdıran nümunəvi yanaşmadır. Bu ərazilərdə görülən işlər təkcə infrastrukturun yaxşılaşdırılması deyil, həm də mədəni irsin dirçəldilməsi, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi missiyasını daşıyır. Nəticədə Bakı yalnız göydələnlərlə deyil, öz köklərinə sədaqəti ilə də seçilən şəhər obrazı formalaşdırır. Burada hər bərpaolunan küçə keçmişlə bu gün arasında qurulan möhkəm bir körpüyə çevrilir.

Gündən-günə gözəlləşən və abadlaşan Bakı bu gün artıq təkcə tarixi irsi ilə deyil, həm də cəsarətli urban layihələri ilə dünyanın diqqətini cəlb edir. Xəzər sahilində salınan "Sea Breeze" bunun bariz nümunəsidir. Müasir seqmentlərə uyğun müxtəlif təyinatlı binalar, mükəmməl infrastruktur, geniş yaşıllıq zolaqları, sosial və əyləncə məkanları ilə bu layihə yeni nəsil şəhər həyatının modelini təqdim edir. "Sea Breeze", sadəcə, yaşayış, biznes və istirahət kompleksi deyil. Burada şəhərsalma baxımından konseptual yanaşmanın ifadəsi olaraq rahatlıq, estetika və funksionallıq vəhdət təşkil edir. 

Bakıda tramvay xətlərinin bərpası təşəbbüsü isə həm ekoloji nəqliyyatın təşviqi, həm də paytaxtın tarixi nəqliyyat ənənəsinin müasir formatda dirçəldilməsidir. 

Bu məqamda vacib bir faktı qeyd etmək yerinə düşər. BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir. Şübhəsiz ki, BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. Həmçinin 2026-cı ildə World Urban Forum 13-ün Bakıda keçirilməsi barədə qərar ölkənin artan beynəlxalq nüfuzunun və dayanıqlı şəhərsalma siyasətinin təsdiqidir. Eyni zamanda bu forum Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması üçün böyük imkanlar açır. Bakı yalnız ev sahibi deyil, eyni zamanda yeni urban inkişaf ideyalarının təşəbbüskarı kimi də çıxış edir.

Azərbaycan artıq şəhərlərini, sadəcə, genişləndirmir, onları düşünərək, planlayaraq və gələcəyə hesablanmış şəkildə qurur. 2026-cı ili isə bu strateji baxışın rəsmi manifesti hesab etmək olar.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr