AZ

Bir qubar qonmasın üzünə, Təbriz... - ZəncanlıXalq şairinin şeirləri

Bu gün Xalq şairi Hökumə Billurinin doğum günüdür.

Kulis.az onun şeirlərinitəqdim edir.

YARALI ÇİNAR


Ərk qalası,
Tənha bir çinar.
Yaralı gövdəsi cadar-cadardır.
Susar, için-için kövrəlib, ağlar.
Onun da nisgili, həsrəti vardır.
Boylanar yollara hər axşam, səhər,
Fikri pərişandır, saçı pərişan,
Nədir varlığını çulğalayan kədər
Omun da, mənim tək ürəyi şan-şan.
Övlad həsrəti var, qoca çinarın,

O uzaq yollara dalğın baxsa da,
Əyilməz qaməti uca çinarın,
Başının üstündə şimşək çaxsa da.
Yüz yerdən ürəyi paralansa da,
Arzular onu da yaşadır hələ.
Budaqlar güllədən yaralansa da,
Bircə dərdini də gətirmir dilə.

Hanı
kölgəsində oynayan o qız?
Nənəmdir, anamdır yaralı çinar.
Bir görüş diləyər dünyada yalnız,
Öz şair qızından aralı çinar.
Min dastan söyləyir pərişanlığı,
Dağlar bərabəri ucalmış başı.
Tufanlı keçmişdir gur cavanlığı,
Axmışdır qəlbinə acı göz yaşı.

Təbriz, Ərk qalası, tənha bir çinar,
Gələni qarşılar, gedəni izlər.
Qalbində, köksündə sonsuz intizar,
Boylanar yollara yolumu gözlər.

TƏBRİZ

Qollarım dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.

Bulanlıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz.

Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni.
Sosləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz.

Gülüstan bağının seyrinə gəlim,
Lalə yamacında bir də dincəlim,
Ötən günlərimə yetişməz əlim,
Düşüm heç olmasa izinə, Təbriz.

Ana təbəssümün ay işığıdır,
Qolum qamətinin sarmaşığıdır.
Şeirin bu dünyanın yaraşığıdır,
İncisi tükənməz xəzinə, Təbriz.

Sən şair ömrümə vüqar vermisən,
Solub-saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.

Səttarxan bayrağın göylərə ucalt!
Qara buludları od ağzına at.
Şair qızının da sözlərini qat
Şirin söhbətinə, sözünə, Təbriz.

NƏ TEZ UNUTDUN MƏNİ...

(Nəğmə)

Yadındamı, gözəl yar,
Dedin mənə bir bahar

- Qəlbim səni arzular.
Sonra, ey gözəl mələk,
Nə tez unutdun məni?
Sənin eşqinə hər an
Qəlbim olmuş aşiyan.

Söylə, sevimli canan,
Sən ey ətirli çiçək,
Nə tez unutdun məni?
Qəlbindədir ürəyim,
Diləyində diləyim.
İstəyimdir, istəyin.
Həyat səndədir demək,
Nə tez unutdun məni?
Əhdinə bel bağladım,
Dəniz kimi çağladım,
Fəraqında ağladım.
Axan bir göz yaşı tək
Nə tez unutdun məni?

Sənin eşqinə hər an
Qəlbim olmuş aşiyan.
Söylə, sevimli canan,
Səni unutmaz ürək,
Nə tez unutdun məni?

***

Hər səhər, hər axşam kəsib yolumu,
Deyirsən, sevirəm, könül ver mənə,
Neçin soruşmursan, könlüm varmı heç?
Bir də ki, ürəyim sənin üzünü,
Sənin söhbətini, sənin sözünü
Görüb eşitməyi arzularmı heç?
Baxıram üzünə cavan deyilsən,
Sevməmiş olmazsan inanıram mən.
Bəs sənin ilk eşqin, ilk sevgin hanı?
Kim bilir, gəzmisən bəlkə dünyanı,
Gəzmisən bəlkə də sən qarış-qarış...
Söylə, ey tanınmaz insan, bir danış,
Budaqdan-budağa qonan quşmusan?
Həyatda beləmi ömr edər insan?
Elə bil duyursan baxışlarımdan
Qəlbimdə dolaşan sualları sən.

- Nə deyim, dolaşıq ömür, həyatdı...
Mən onu atmadım, o məni atdı...

- Bəlkə də doğrudur sözlərin sənin,
Nurunu itirmiş gözlərin sənin,
Bir təzə qar kimi ağarmış başın,
Qırx beşi yəqin ki, ötmüşdür yaşın...
Əgər bu yaşında yalqızsansa sən
Müqəssir yenə də demək özünsən.
Həyat yollarında dolaşan insan
Eşqin yolunda da dolaşar, inan.

İndisə yolumdan çəkil əbədi,
Qara kölgə kimi gəzmə dalımca.
Döymə pəncərəmi başsız külək tək,
Olma çağrılmamış bir qonaq bunca.

Yolumun üstündə bir də görünmə,
Ardımca kölgətək gəlmə, sürünmə!
Mən öz ilk eşqimə sadiqəm, inan.
Yalnız vəfasızlar çıxar yolundan!

DANIŞACAĞAM

Bir qadın dərdi qalana qədər dünyada,
Danışacağam.
Uzaqlarda, ucqarlarda olan ana dərdinə
Yanıb alışacağam.
Danışacağam,
Dünyada bir qadın, bir ana dərdi qalana qədər!

Nəsildən-nəsilə çəkmişik nələr!
Sənə layiq əsərim olmamış,
Ey ellər sonası
Ana!
Ey ülvi varlıq,
Bütün varlığımla bağlıyam sana.
Yazıb yaratmamışam, əsil surətini mən,
Danışmamışam dözümündən, mətanətindən.

Ey vəfalı, mehriban,
Ey müdrik insan,
Danışmamışam böyük arzularından.
Ey özündən başqa hamıya yanan,
Sinəndə necə də böyükdür ürək,
Göz yaşların mirvaritək.

Qəlbin bir ümmandır,
Hər dərdə, hər qəmə yer tapılar,
Qəlbin bir dənizdir,
Ey ana,
Araz havalı.
Həyatın qaynar bir ümmandır, -
Tufanlı, qadalı.

Görkəmin dağ vüqarlı çinar.
Ey vəfalı, mehriban,
Ey əvəzsiz insan.
Sən duyursan hər dərdi ürəkdən,
Qarşında baş əymişəm,
Baş əyirəm mən.
Sevinirəm, fəxr edirəm,
Ana!
Ağ olmamışam sənə.

Səni xatırlayıram hər saat, hər an
Gözlərin qaynardı bulaqlar kimi,
Dərdin ağırdı bu dağlar kimi.
Sənsiz başımda od qaladı zaman,
Sənsiz həyatın dadı qaçmış ağzımdan...
Sən susardın dərdlər önündə,
Haqsızlığa sən susardın ana,
Mən danışardım,
Yenə danışıram.
Mən hər işə qarışardım,
Ana!
Yenə qarışıram.
Sənin ağır, dözülməz həyatına,
Taleyinə, ey böyük insan,
Məşəl kimi alışardım,
Yenə alışıram.

ATAMIN DƏRDİ

Atamın böyükdü dərdi,
Deyərdi:
İnsanın anası gərək olsun,
Yaxud bacısı.
Onda tez çıxar canından
Hər dərdin acısı.
Biz o zaman
İnciyardik atamdan, - Niyə belə taleyindən
Şikayətlənir müdam?
Bəs biz, bəs anam?
Bu dərdin ağırlığını sonralar
Duydum, heyhat!
Anamı, bacımı məndən alanda həyat.

BAYATILAR

Gözəlim ana Təbriz,
Yaralı sona Təbriz,
Sənsiz keçən günlərim
Gələrmi sana, Təbriz?

***

Ağzımızın dadısan,
Qəlbimizin odusan,
Bisütunlar uçuran
Azalıq Fərhadısan.

***
Vüqarındır Savalan,
Yaramızdan hov alan,
Səttarxanı yada sal,
Tərlan kimi havalan.

***

Al qanın Araz oldu,
Qəlbin yanar saz oldu.
Buludların dağıldı,
Göylərin ayaz oldu.

***

Təbriz, Zəncan, Marağa,
Salmış məni sorağa.
Yaxınlıq arzuladım,
Niyə düşdüm uzağa.

***

Bizi yada salan var,
Qara gözü dolan var,
Açıl, vətən yolları,
Gözü yolda qalan var...

Seçilən
9
2
kulis.az

3Mənbələr