Buxarest, 3 mart, AZƏRTAC
Rumıniyanın “Ziarul Națiunea” nəşrində dərc olunmuş geniş tarixi məqalədə XV əsrdə yaşamış Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Moldova knyazı Ştefan Çel Mare arasında formalaşmış siyasi və diplomatik münasibətlər ətraflı təhlil olunur.
AZƏRTAC xəbər verir ki, məqalədə həmin dövrdə Avropa və Yaxın Şərqdə güc balansının dəyişdiyi, yeni siyasi ittifaqların yarandığı vurğulanır. Bu şəraitdə Uzun Həsən təkcə regionun güclü hökmdarlarından biri deyil, həm də geniş diplomatik əlaqələr quran strateji düşüncəli lider kimi çıxış edirdi. Ştefan Çel Mare isə Mosldovanın müstəqilliyini qorumaqla yanaşı, xarici siyasətdə fəal və çevik xətt yürüdən dövlət başçısı idi.
Nəşrin təhlilinə görə, iki lider arasında qurulan əlaqələr sırf formal münasibət deyil, qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlıq idi. Diplomatik yazışmalar, elçilərin qarşılıqlı səfərləri və siyasi koordinasiya bu tərəfdaşlığın əsas elementləri kimi göstərilir. Məqsəd regionda qüvvələr balansını qorumaq və hər iki dövlətin mövqeyini möhkəmləndirmək idi.
Məqalədə qeyd olunur ki, Uzun Həsənin beynəlxalq diplomatiyada fəal iştirakı onu dövrünün mühüm geosiyasi fiqurlarından birinə çevirmişdi. O, Qafqazdan Anadoluya qədər uzanan geniş ərazilərdə siyasi nüfuz sahibi idi və Avropa hökmdarları ilə əlaqələr qurmağa xüsusi önəm verirdi. Ştefan Çel Mare ilə əməkdaşlıq da bu geniş diplomatik strategiyanın tərkib hissəsi kimi təqdim edilir.
Tədqiqat müəllifi bildirir ki, Ştefan Çel Mare öz dövründə müxtəlif dövlətlərlə münasibətlər quraraq Moldovanın beynəlxalq mövqeyini gücləndirməyə çalışıb. Uzun Həsənlə əlaqələr isə Şərq və Qərb arasında siyasi körpü rolunu oynayıb. Bu əməkdaşlıq müxtəlif mədəni və siyasi mühitlər arasında qarşılıqlı anlaşma və ortaq maraqların formalaşdırılması baxımından əhəmiyyətli idi.
Məqalədə, həmçinin vurğulanır ki, XV əsr diplomatiyası müasir anlamda institusional mexanizmlərə malik olmasa da, hökmdarların şəxsi təşəbbüsü və strateji baxışı böyük rol oynayırdı. Uzun Həsən və Ştefan Çel Mare arasındakı münasibətlər də məhz bu çərçivədə fərqli coğrafiyalarda yerləşən iki siyasi mərkəz arasında məqsədyönlü və düşünülmüş əməkdaşlıq kimi qiymətləndirilir.
Tarixçilər qeyd edirlər ki, bu münasibətlər yalnız regional hadisə deyil, daha geniş geosiyasi kontekstin bir hissəsi idi. Şərqi Avropa ilə Qafqaz-Anadolu bölgəsi arasında diplomatik təmaslar XV əsrdə siyasi dinamikanın mühüm komponentinə çevrilmişdi.
Dərc edilən məqalə Uzun Həsən və Ştefan Çel Mare arasındakı əməkdaşlığı tarixi yaddaşın vacib elementi kimi təqdim edir və bu münasibətlərin həm Rumıniya, həm də Azərbaycan tarixi kontekstində araşdırılmasının əhəmiyyətini vurğulayır.
Qeyd edək ki, Uzun Həsən və Ştefan Çel Mare arasındakı əlaqələr bu gün də tarixçilər tərəfindən orta əsr diplomatiyasının uğurlu nümunəsi kimi qiymətləndirilir və Şərq-Qərb münasibətlərinin formalaşmasında mühüm mərhələ hesab olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest