İraq şiələrinin lideri Ali əl-Sistani İranın ali dini rəhbəri Əli Xameneinin öldürülməsindən sonra gözlənilən mövqeni sərgiləməməsi diqqət çəkib. Bir müddət əvvəl İranın ali dini rəhbərinə qarşı mümkün sui-qəsd və ya öldürülmə halında “cihad” elan edə biləcəyi ilə bağlı fikirləri gündəmə gələn Sistani, son proseslərdə yalnız başsağlığı verib və hücumları pisləməklə kifayətlənib. Bu isə regionda və xüsusilə şiə dünyasında müxtəlif suallar doğurub.
Müşahidəçilər hesab edirlər ki, Sistaninin mövqeyi ilk baxışdan gözləntilərlə ziddiyyət təşkil etsə də, əslində onun uzun illərdir apardığı siyasi-dini xəttə uyğundur. Nəcəfdə formalaşmış dini məktəbin əsas xüsusiyyətlərindən biri ruhaniliyin birbaşa siyasi idarəetmədə iştirak etməməsi, daha çox mənəvi və ictimai təsir mexanizmləri ilə kifayətlənməsidir. Bu yanaşma Qum məktəbində formalaşmış və İran İslam Respublikasında tətbiq edilən “vilayəti-fəqih” modelindən fərqlənir.
Məsələni NOCOMMENT.az-a şərh edən ekspert Kənan Rövşənoğlu bildirir ki, Sistaninin cihad elan etməməsi emosional yox, strateji qərardır.

Onun sözlərinə görə, “cihad” çağırışı yalnız dini məsələ deyil, həm də siyasi və hərbi nəticələri olan ciddi addımdır.
“Sistani yaxşı anlayır ki, belə bir çağırış İraqı birbaşa regional müharibənin tərəfinə çevirə bilərdi. Halbuki İraq onsuz da həssas balans üzərində dayanır və ölkə daxilində müxtəlif silahlı qruplar mövcuddur”, – deyə ekspert vurğulayıb.
Kənan Rövşənoğlunun fikrincə, Sistani ilə Xamenei arasında dini yaxınlıq olsa da, onların təmsil etdiyi siyasi-dini model fərqlidir:
“Sistani daha çox milli çərçivədə düşünən və İraqın daxili sabitliyini prioritet sayan ruhani liderdir. O, regionda genişmiqyaslı şiə-sünni və ya İran-Qərb qarşıdurmasının dərinləşməsində maraqlı deyil”.
Ekspert əlavə edib ki, Sistani 2014-cü ildə İŞİD-in İraqa hücumu zamanı müdafiə xarakterli fətva vermişdi:
“Lakin həmin çağırış konkret olaraq ölkənin ərazi bütövlüyünün qorunmasına yönəlmişdi. Mövcud vəziyyətdə isə məsələ başqa dövlətin ali rəhbəri ətrafında formalaşmış geosiyasi qarşıdurmadır və bu, İraqın birbaşa müdafiə vəziyyəti deyil. Bu baxımdan, cihad elan etməmək onun əvvəlki mövqeyi ilə ziddiyyət təşkil etmir”
Kənan Rövşənoğlunun qənaətinə görə, Sistaninin başsağlığı verməsi və hücumları qınaması simvolik həmrəylik mesajıdır, lakin hərbi-siyasi eskalasiyaya çağırış deyil:
“Bu, həm də İraqın İran və Qərb arasında balans siyasətini qorumaq cəhdi kimi qiymətləndirilə bilər. Əgər Sistani açıq şəkildə cihad elan etsəydi, bu, regionda şiə silahlı qruplarının aktivləşməsinə və qarşıdurmanın daha da genişlənməsinə səbəb ola bilərdi. Beləliklə, Sistaninin mövqeyi emosional gözləntilərdən fərqli olaraq daha çox praqmatik və sabitlik yönümlü yanaşma kimi dəyərləndirilir. Onun addımı regionda dini liderlərin hərbi-siyasi proseslərə birbaşa müdaxiləsinin nə qədər həssas məsələ olduğunu bir daha göstərir”.
Tunar
NOCOMMENT.az