AZ

Rembrandtın nadir tablosu 65 ilik fasilədən sonra yenidən ictimaiyyətə təqdim olunub

Bakı, 3 mart, AZƏRTAC

“Rijksmuseum” muzeyinin tədqiqatçıları belə bir nəticəyə gəliblər ki, 1633-cü ilə aid “Zəkəriyyənin məbəddə görünüşü” tablosu 65 il ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra Rembrandtın orijinal əsəri kimi tanınıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, əsərdə “Bibliya”da yer alan səhnə təsvir olunur: məbəddə baş kahin Zəkəriyyə baş mələk Cəbrayıldan onun və həyat yoldaşının gələcək baptist Yəhya adlı bir oğlu olacağı xəbərini alır. Rəssam tabloda heyrət və şübhə anını əks etdirir. Cəbrayıl birbaşa göstərilmir, onun varlığı yalnız eyham edilir ki, bu da XVII əsr üçün innovativ bir yanaşma idi.

Rəsm 1898-ci ildə Amsterdamdakı Stedelijk Muzeyində keçirilən böyük bir sərgidə nümayiş etdirilib. Lakin 1960-cı ildə bu tablo Rembrandtın əsərləri siyahısından çıxarılıb və bir il sonra şəxsi kolleksiyaçıya satılıb, beləliklə ictimaiyyətin gözündən itib. Onun hazırkı sahibi bu yaxınlarda “Rijksmuseum” ilə əlaqə saxlayıb və mütəxəssislərə rəsmin yeni bir araşdırmasını aparmağa imkan verib.

Tədqiqat göstərib ki, istifadə edilən piqmentlər rəssamın erkən dövrünə aid olanlara uyğundur. Rəsm XVII əsrdə geniş istifadə edilən və cənub-şərqi Litvadan gətirilən palıd panellər üzərində çəkilib. Dendroxronoloji analiz rəsmin 1633-cü il tarixinin mümkünlüyünü təsdiqləyib. Makrorentgen flüoresans skanlaması ustaya xas olan piqmentləri, o cümlədən qurğuşun ağ, oxra, sümük qarası və qurğuşun-qalay sarısını aşkar edib. Mütəxəssislər, həmçinin rəssamın yaradıcılığının inkişafını göstərən rəsm prosesi zamanı edilən kompozisiya dəyişikliklərini də müəyyən ediblər. “Rembrandt f. 1633” imzası yaş boyaya tətbiq edilib və qismən arxa plana inteqrasiya olunub. Bu, onun orijinallığını təsdiqləyib.

Əsər stilistik baxımdan 1630-cu ildə çəkilmiş “Yeremya Yerusəlimin dağıdılmasından kədərlənir” tablosu ilə sıx bağlıdır. Qaranlıq fon, işığın dramatik istifadəsi və intensiv üz ifadəsi gənc Rembrandtın tərzinə uyğundur.

Seçilən
17
1
azertag.az

2Mənbələr