AZ

ATF-nin vitse-prezidenti: Məqsədimiz hər bölgədən yeni çempionlar yetişdirməkdir – MÜSAHİBƏ

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Ötən il Azərbaycan taekvondosu üçün necə yadda qaldı və yeni mövsümə hansı prioritetlərlə başlamısınız?

- Ötən ili Azərbaycan taekvondosu üçün uğurlu hesab etmək olar. 2025-ci ildə təmsilçilərimiz ümumilikdə 156 medal qazanıblar ki, onlardan 53-ü qızıl, 30-u gümüş, 73-ü isə bürünc medaldır. Xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında əldə olunan nəticələr ölkədə bu idman növünün davamlı inkişaf etdiyini və taekvondoya marağın artdığını nümayiş etdirir. Ölkə üzrə 92 klub fəaliyyət göstərir və 3000-ə yaxın idmançı taekvondo ilə məşğul olur. Yeni mövsümdə əsas məqsədimiz bu dinamikanı qorumaqla yanaşı, nəticələrimizi daha da artırmaq və bu idman növü üzrə ehtiyat qüvvəni genişləndirməkdir.

- Yığma komandanı yeni mövsümdə hansı əsas beynəlxalq yarışlar gözləyir?

- Mövsümə “Belgian Open” turniri ilə start veriləcək. Bu yarışda həm gənclərdən, həm də böyüklərdən ibarət milli komandamızın üzvləri iştirak edəcəklər. Bu ilin əsas yarışlarından biri aprel ayında gənclər arasında keçiriləcək dünya çempionatı olacaq. Böyüklər üçün isə ilin ən vacib yarışı may ayında təşkil olunacaq Avropa çempionatıdır. Bundan başqa, böyüklərdən ibarət milli komandamızı həmçinin elit seriyaya daxil olan Qran-Pri turnirləri gözləyir. Bu yarışlarda idmançılarımız dəvət əsasında iştirak edəcəklər. Qeyd edim ki, bu yarışlar “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üçün əhəmiyyətli yarışlardan hesab olunur. Noyabr ayında isə yeniyetmə və kiçikyaşlı yeniyetmələrimizin Avropa birinciliklərində iştirakı planlaşdırılır.

- Milli komandaların qarşıdakı yarışlara hazırlıq prosesi hansı formada təşkil olunur?

- İlin əvvəlindən böyüklərdən və gənclərdən ibarət yığmalarımızın üzvləri Şəkidə təlim-məşq toplanışı keçiblər. Böyüklərdən ibarət komandamızın 18 üzvü fevralın 16-dan 28-dək Daşkənd şəhərində Özbəkistan milli komandası ilə birgə hazırlıq prosesində iştirak edib. Bildiyiniz kimi, Özbəkistan komandası aparıcı taekvondo ölkələrindən biridir. Komandanın heyətində Olimpiya və dünya çempionlarının, eləcə də mükafatçıların olması məşqlərin yüksək səviyyəli təcrübə mübadiləsi şəraitində keçməsinə imkan yaradıb.

- Daxili yarışlar təqvimi barədə məlumat verərdiniz.

- Bu il bir sıra ölkədaxili yarışların keçirilməsi planlaşdırılır. İlin ilk yarışı apreldə yeniyetmələr arasında keçiriləcək ölkə birinciliyi olacaq. Sentyabr ayında uşaqlar arasında ölkə birinciliyi, pumse üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, eləcə də böyüklər arasında ölkə çempionatı təşkil olunacaq. İlin sonunda isə milli komandanın növbəti il üçün heyətini müəyyənləşdirmək məqsədilə gənclər arasında ölkə birinciliyi, böyüklər arasında ölkə çempionatı keçiriləcək. Bu yarışlar həm seçim prosesinin aparılması, həm də idmançıların peşəkar səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

- Regionlarda taekvondonun inkişafı ilə bağlı hansı işlər görülür?

- Regionlarda taekvondonun inkişaf etdirilməsi strategiyamızın əsas prioritetlərindəndir. Bir çox bölgələrdə klublar və bölmələr fəaliyyət göstərir, məşqçi-müəllimlərlə sıx koordinasiya qurulub. Federasiyanın mütəxəssisləri və tanınmış idmançılar mütəmadi olaraq bölgələrdə seminarlar və master-klasslar keçirirlər. Ölkə çempionatı və birinciliklərində fərqlənən idmançılar milli komandalara cəlb olunurlar. Bu yanaşma regionlarda kütləviliyin əhəmiyyətli dərəcədə artmasına şərait yaradır.

- ATF tərəfindən gənclərin və uşaqların taekvondoya cəlb olunması üçün hansı işlər görülür?

- Uzunmüddətli inkişaf planımızın əsas xətti məhz gənc nəslin idmana cəlb olunmasıdır. Biz yalnız döyüş növünə deyil, eləcə də paralimpiya, deflimpiya, pumse və nümunəvi çıxış komandalarının formalaşdırılmasına xüsusi diqqət yetiririk. Bu sahələr seçim imkanlarını genişləndirir və müxtəlif bacarıqlara malik idmançıların yetişməsinə əlverişli şərait yaradır.

- Parataekvondo üzrə idmançıların aşkarlanması, hazırlanması və beynəlxalq arenaya çıxarılması üçün hansı tədbirlər həyata keçirilir?

- Bu günlərdə ATF ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, parataekvondonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq federasiyanın dəstəyi ilə Deflimpiya və Paralimpiya milli komandalarının birgə təlim-məşq toplanışı başlayıb və martın 15-dək Abşeron Olimpiya İdman Kompleksinin bazasında davam edəcək. Uğurlu fəaliyyətimizin nəticəsi olaraq idmançılarımız həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatları kimi mötəbər yarışlarda bir sıra nailiyyətlər qazanıblar. Məqsədimiz beynəlxalq arenada mövqeyimizi möhkəmləndirmək, ölkə daxilində sistemli inkişafı sürətləndirmək və Azərbaycan taekvondosunun davamlı inkişafını təmin etməkdir.

Cavid Əliyev - müxbir

Seçilən
2
1
azertag.az

2Mənbələr