Bakı, 3 mart, AZƏRTAC
Son günlər müşahidə olunan turbulentlik fonunda enerji daşıyıcılarının, o cümlədən neftin dünya bazarında bahalaşması tendensiyası izlənilir və bu, Azərbaycan iqtisadiyyatına ümumilikdə müsbət təsir edir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin artmasının ilk və birbaşa təsiri dövlət büdcəsinin gəlirlərinin yüksəlməsi ilə ifadə olunur: “Azərbaycanın başlıca ixrac məhsulu olan neftin qiymətinin artması dövlət büdcəsinə daxilolmaları artırır. Eyni zamanda, Dövlət Neft Fondunun gəlirləri yüksəlir ki, bu da uzunmüddətli perspektivdə büdcə kəsirinin azalmasına, hətta müəyyən hallarda profisitin formalaşmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, formalaşan fiskal yastıq sosial xərclərin və investisiya layihələrinin maliyyələşdirilməsini asanlaşdırır. “Tədiyyə balansı baxımından neft ixracından ölkəyə daha çox dollar daxil olur. Bu kapital axını xarici ticarət balansını yaxşılaşdırır, manata olan təzyiqi azaldır və nəticə etibarilə Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına şərait yaradır”, - deyə o vurğulayıb.
Aslan Əzimzadə diqqətə çatdırıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində əsas istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq işlərinin sürətləndirilməsidir: “Bu istiqamət ciddi maliyyələşmə tələb edir. Neftin qiymətinin artması dövlət investisiya proqramlarının həcmini genişləndirir, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin maliyyələşməsini sürətləndirir və Azərbaycanın uzunmüddətli, dayanıqlı və preventiv inkişafı üçün əlavə imkanlar yaradır”.
Bununla yanaşı, iqtisadçı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı yalnız neft üzərində fokuslaşan model deyil. Qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində kifayət qədər strateji addımlar atılır:”Neftdən əldə olunan gəlirlərin formalaşdırdığı fiskal imkanların əlavə dəyər tutumlu istehsal sahələrinə yönəldilməsi istehsal gücünün və potensialının inkişafına xidmət edəcək. Bu isə əhalinin alıcılıq qabiliyyətinin qorunmasına və istehlak bazarının daha effektiv inkişafına müsbət təsir göstərəcək”.
Ekspertin fikrincə, mövcud şəraitdə əsas istiqamətlər məhz sadalanan faktorlarla bağlıdır və artan enerji gəlirlərinin səmərəli idarəolunması Azərbaycanın dayanıqlı inkişaf strategiyasında mühüm rol oynayır.