AZ

“Valideynlər uşaqları taekvondoya sadəcə telefondan uzaqlaşdırmaq üçün gətirirlər” - Səbuhi Zülfüqarovun İDMAN.BİZ-in MÜSAHİBƏSİ

Dünən Baku Kristal Zalında keçirilən Birinci Məşqçilər Forumunda uşaq idmanının inkişafı əsas müzakirə mövzularından biri olub. Çünki gələcək qələbələrin təməli məhz erkən yaşlarda qoyulur. Gələcəyin çempionunu necə müəyyənləşdirmək olar və hazırda döyüş növlərində vəziyyət nə yerdədir?

Bu sualları İdman.Biz-ə DİN İdman Cəmiyyətinin və Azərbaycanın U12–U14 taekvondo millisinin baş məşqçisi Səbuhi Zülfüqarov cavablandırıb.

- İyirmi ildən artıqdır məşqçilik edirsiniz, müxtəlif yaş qruplarında çalışmısınız. Bu müddətdə uşaqların taekvondoya marağı necə dəyişib?

- Etiraf edim ki, məşq üçün şərait xeyli yaxşılaşsa da, idman məqsədi ilə gələn uşaqların sayı dəfələrlə azalıb. Əvvəllər valideyn övladını çempion olması, yüksək nəticə qazanması üçün gətirirdi. İndi isə məqsədlər tamamilə fərqlidir.

- Ən çox hansı məqsədlər üstünlük təşkil edir?

- Əksəriyyət uşaqları telefon və kompüter asılılığından uzaqlaşdırmaq istəyir. Valideynlər açıq deyirlər: “Məşqçi, bezmişik, ekrandan ayrılmır”. Ən yaxşı halda isə uşağı bölməyə güclü olması və özünü müdafiə etməyi bacarması üçün yazdırırlar. Bölməyə gələnlərin cəmi beş faizi yüksək idman nəticəsi hədəfləyir.

- Bəs istedad və gələcəkdə ölkə taekvondosunun simasına çevrilə biləcək potensial görsəniz, valideynləri medal yolunu davam etdirməyə inandırmaq mümkün deyilmi?

- 10–12 yaşda gələcəyin dünya fəthçisini görmək mümkün deyil. Yol uzundur – yeniyetmə, gənclər, böyüklər səviyyəsi var. Bizdə yeniyetmələrin yarısı hələ yeniyetmə turnirlərinə çatmadan idmanı buraxır. Bu, bir çox fərdi idman növlərinin ümumi problemidir. “Oğlum dərs oxumalıdır” söhbətləri başlayır və seçim təhsilin xeyrinə olur. On nəfərdən heç olmasa ikisi gənclər səviyyəsinə çatırsa, bu, məşqçi üçün böyük uğurdur.

Bundan başqa, məşqçilər hazırda valideynlərin ciddi təzyiqi altındadır. Nəticə qazanmaq üçün məşqçi tələbkar olmalıdır. O, daim xahiş edə bilməz – tələb etməli, “bacarmıram”ın üzərindən işlətməlidir. Əks halda böyük qələbələrdən söhbət gedə bilməz. Amma səsini bir qədər qaldıran kimi şikayətlər başlayır: “Niyə uşağımın üstünə qışqırırsunuz?”, “O incidi, bir də gəlməyəcək”. Qeyd edirəm: məşqçi sərt olmalıdır, amma qəddar yox. Nizam-intizam olmadan nəticə yoxdur.

- Hazırkı vəziyyət necədir?

- Elə olur ki, hətta ölkə çempionatı üçün kifayət qədər iştirakçı toplamaq çətinləşir. Bəzilərini dərsdən buraxmırlar, bəziləri harasa gedir. Ən üzücüsü budur ki, federasiya işləmək üçün bütün şəraiti yaradır, amma nəticə qazanacaq idmançı tapmaq getdikcə çətinləşir.

İdman.Biz
Seçilən
0
1
idman.biz

2Mənbələr