AZ

"Həbsxana, yoxsa tabut?": Xameneinin öldürülməsi Putinin iki əsas instinktini oyatdı" - "Politico"

"İranda baş verənlər Kreml rəhbərinin paranoyasını və Ukraynada qələbə əzmini daha da gücləndirib..."

ABŞ-ın İrana endirdiyi zərbələr və İranın ali dini lideri Ali Xameneinin öldürülməsi Rusiya prezidenti Vladimir Putinə ciddi təsir göstərib.

Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.

Nəşrin yazdığına görə, bu hadisə Putinin iki əsas instinktini - şəxsi təhlükəsizliyi ilə bağlı dərin paranoyanı və Ukraynada istənilən qiymətə qələbə qazanmaq istəyini daha da gücləndirib.

Nəşr qeyd edir ki, Kreml saytında yayımlanan qısa bəyanatda Putin Xameneinin qətlini "bütün insanlıq və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması" adlandırıb. Bu reaksiya əvvəlki oxşar hadisələrlə müqayisədə daha sərt olub. Lakin diqqətçəkən məqam odur ki, Putin qətlin arxasında hansı ölkələrin dayandığını açıq şəkildə deməyib.

Qəzzafidən başlayan qorxu

"Politico" Putinin bugünkü paranoyasını anlamaq üçün keçmişə qısa ekskurs edir. Nəşr xatırladır ki, 2011-ci ildə Liviyada Muəmmər Qəzzafinin devrilməsi və öldürülməsi Putini qəzəbləndirmişdi. Rusiyalı jurnalist Mixail Zıgarın sözlərinə görə, həmin hadisə Kreml rəhbəri üçün dönüş nöqtəsi olub.

Karnegi Mərkəzinin əməkdaşı Aleksandr Baunov hesab edir ki, Qəzzafinin aqibəti Rusiya siyasətində - həm daxili, həm də xarici kursda kəskin dəyişikliklərə səbəb oldu. Putinin Qərblə açıq qarşıdurma xəttinə keçməsi və ölkə daxilində fərqli fikirlərə qarşı sərt mövqe tutması məhz həmin dövrdən gücləndi. Nəşr yazır ki, illər keçdikcə Putin daha çox təcrid olunub və son hadisələr onun şübhələrini daha da artırıb.

Kremlin təbliğatı və "növbəti kimdir?" sualı

Rəsmi Moskva Vaşinqtonu açıq şəkildə ittiham etməkdən çəkinir. Kremlin sözçüsü Dmitri Peskov İranla bağlı vəziyyətdən "dərin məyusluq" ifadə etsə də, eyni zamanda ABŞ-ın Ukrayna məsələsindəki səylərinə görə təşəkkür edib və Rusiyanın ilk növbədə öz maraqlarını qoruduğunu vurğulayıb.

Bununla yanaşı, Kremlin təbliğatçıları daha sərt ritorika sərgiləyir. Rusiyalı aparıcı Vladimir Solovyov bildirib ki, "İran haqqında danışarkən, əslində Rusiya haqqında danışırıq". İdeoloq Aleksandr Dugin isə Vaşinqtonun növbəti hədəfinin Rusiya ola biləcəyini eyhamla vurğulayıb.

Putin nə edəcək?

London Kral Kollecinin professoru, Londonda çalışan Sem Qrinin fikrincə, Putinin əsas alətlərindən biri ABŞ administrasiyasının Kiyev və Avropaya təzyiq imkanları olub və Kremlin bundan imtina etməsi üçün səbəb yoxdur.

Analitik hesab edir ki, Putin praqmatikdir və şəxsi təhlükəsizliyini, rejimin sabitliyini riskə ataraq İran və ya digər müttəfiqlər naminə açıq qarşıdurmaya getməyəcək. Onun sözlərinə görə, avtoritar liderlər adətən iki yoldan biri ilə hakimiyyətdən gedirlər - "ya həbsxanaya, ya da tabuta".

İran böhranının Kreml üçün mümkün üstünlükləri

Nəşr vurğulayır ki, İran ətrafındakı böhran Moskva üçün müəyyən dividendlər vəd edir: neft qiymətlərinin artması ehtimalı, Avropa ilə ABŞ arasında fikir ayrılıqları və Vaşinqtonun diqqətinin Ukraynadan yayınması. Bundan əlavə, Putinin əlində Qəzzafi və Xameneidə olmayan bir amil - dünyanın ən böyük nüvə arsenalı var.

Lakin "Politico" qeyd edir ki, nüvə silahı daxili təhlükələrə qarşı zəmanət deyil. Əgər müttəfiq diktatorların süqutu Putinin qorxularını artırırsa, bu qorxu daha çox xarici raketlərdən deyil, daxildəki saray intriqalarından qaynaqlana bilər.

Seçilən
23
1
moderator.az

2Mənbələr