AZ

“Atamı erməni cərrah 42 yaşında Kreml xəstəxanasında öldürdü” - Novella Cəfəroğludan ŞOK AÇIQLAMA

Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun doğum günüdür. Hüquq müdafiəçisi 85 yaşını qeyd edir.

Musavat.com-un əməkdaşı Novella xanımla əlaqə saxlayıb və onun özəl günündə təəssüratlarını öyrənib:

- Novella xanım, adətən kişilər haqqında “yaş kişinin var-dövlətidir” deyirlər. Bəs sizin üçün yaş nə deməkdir?

- Yaş mənim üçün qürur deməkdir. Həyatımı boş-boşuna yaşamamışam. Daima insanlara lazım olmuşam və həmişə məni seviblər. Ən böyük xoşbəxtlik ev, pul, maşın deyil, millətin sevgisidir. Bax, mən bu qüruru yaşayıram və sevgini görürəm. Yaşımla qürur duyuram və ona görə utanmıram.Yaş rəqəmlər deməkdir, ən vacibi isə ürəyində insanlara, dövlətə, xalqa məhəbbət olmalıdır. Adamı cavan saxlayan budur. Mənim sözlərimi bu millətə çatdıran jurnalistlərə də təşəkkür edirəm.

- “85”dən geri boylananda ən çox hansı illərinizi xatırlayıb kövrəlirsiniz?

- Hər gün üçün təsirlənirəm, çünki hər günün öz ləzzəti var. Mənim üçün ən böyük dərd atamın ölümü idi. O zaman 10-cu sinifdə oxuyurdum və 16 yaşım var idi. O, Moskvada rəhmətə getmişdi, meyitini təyyarə ilə gətirdilər. O səhnə mənim üçün çox ağır idi. Mən atamı dünyalar qədər sevirdim. Anam həmişə deyirdi, “sən atanı məndən çox istəyirsən”. Atam mənim üçün çox böyük dayaq və dostum idi.

Mənim üçün ən qürurlu gün isə Azərbaycanın müstəqillik qazandığı və Vətən müharibəsində qələbə çaldığımız günlərdir. Mən bu günlərlə qürur duyuram.

- Siz dövlətə, Vətənə bağlı adamsınız. Bu gün dövlət adamlarından, məmurlardan sizi təbrik edən oldumu?

- Bəli. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yubileyimi təbrik etdi. O, mənə qəşəng gül buketi və bir çamadan dolu şokolad göndərdi. Bundan gözəl nə ola bilər. Bu, onların mənə diqqətidir. Bilirlər ki, vətən üçün çalışan insanam.

- Siz həm də minlərlə insanın hüququnu müdafiə etmisiniz. Onlardan da təbrik aldınızmı?

- Əlbəttə. Həbsdən çıxanların çoxusu zəng edib və məni təbrik ediblər. Kimə dəstək olmuşamsa, məni yada salıblar. Etdiyim yaxşılıqlar yerdə qalmayıb. Hətta yanıma gəlib, məni ziyarət etmək istəyirdilər. Ancaq İsraildəki hadisələrlə bağlı yaxınlarıma görə narahatam deyə bunu istəmədim. Oğlanlarım və ailələri İsraildədirlər.

- Bəs deyirlər ki, yaxşılıq “cəzasız” qalmır? Heç olubmu ki, etdiyiniz yaxşılığa yamanlıqla cavab versinlər?

- Əlbəttə, olub. Amma mən yenə də yaxşılıq etməyə davam etmişəm. Yaxşılığı Allah və Quran buyurub. Əgər sən namaz qılırsansansa və yanındakı kasıba gücün çatan qədər kömək etmirsənsə, bu namazın nə faydası var? Və ya 10 dəfə Həccə gedib, bir kasıb ailəyə, tələbəyə əl tutmursansa, o Həccin nə mənası var? Mənim həyat devizim budur. Mən pisliyi bacarmıram, pislik edəni isə dostluq siyahımdan çıxarıram.

- İsraildəki hadisələrə gələk. Ailə üzvlərinizlə əlaqə saxlaya bilirsinizmi? Orada vəziyyət necədir?

- Vəziyyət gərgindir, çox narahatam. Bu gün səhər gəlinim zəng vurdu və danışdıq. Dedi ki, salamatlıqdır, amma hər kəs özünü qorumaq üçün zirzəmilərdə daldalanır.

- Səhv etmirəmsə, bir neçə il öncə də doğum gününüzdə İsrail-İran gərginliyi yaşanırdı.

- Görünür, bu, bəxt, taledir, mən nə edə bilərəm ki?! Allah bütün dünyaya ağıl versin.

- Bu günlərdə İsrailə getmək və övladlarınızın yanında olmaq istərdinizmi?

- Sözsüz.

- Bu gün özəl gününüzdür. Kim sizə zəng edib təbrik etsə, ürəyinizin sarı simi tərpənər?

- Oğlum zəng etsəydi, ürəyim əsərdi. Amerikada və İspaniyada yaşayan nəvələrim zəng edib təbrik ediblər. Amma İsraildə yaşayan oğlumdan narahatam deyə ondan zəng gəlsəydi, çox həyəcanlanardım.

- Yuxarıda qeyd etdiyim kimi illər ərzində xeyli sayda insanın hüququnu müdafiə etmisiniz. Bu proseslərdən ən çox hansı xatirənizdə dərin iz buraxıb?

– Mən adam seçmirdim, hər kəsə insani münasibət göstərirdim. Hamısının azadlığa çıxması mənim üçün böyük bir bayram idi.

- Mübariz xanımsınız. Bu xarakterinizi kimə bənzətmək olar?

- Anama və atama bənzəyirəm. Onların hər ikisi cəsarətli və ziyalı insanlar olublar. Atam sovet hökuməti zamanı öz vəzifəsini itirməsi hesabına Naxçıvandan ermənilərin çıxarılmasına nail olub. Buna cəsarət lazım idi. Ermənilər təbii ki, bunu unutmadılar. Atamı erməni cərrah 42 yaşında Kreml xəstəxanasında öldürdü. O, əməliyyatdan sağ çıxmadı.

- Sizi xoşbəxt qadın hesab etmək olarmı?

- Təbii ki, xoşbəxtəm. Çünki bacım, qardaşım, övladlarım, nəvələrim sağ-salamatdırlar və yanımdadırlar. Bundan böyük xoşbəxtlik var?! Allah onları qorusun. Nəyinki, nəvəm, hətta nəticəm var.

- Deyirlər, “dövlətdə dəvə, övladda nəvə”. Bir yandan da nəticə araya girib. Hansı şirindir?

- Nəvə şirindir, övladdan ötəri də ürəyim gedir. Amma indi ən çox nəticəmi sevirəm. Bir görsəniz, nə gözəl uşaqdır. Adı da Aslandır.

- Nə əcəb sizin adınızı daşıyan nəvə yoxdur?

- Oğlum qoymur, deyir ki, anamın adı heç kimdə olmasın. Mən 30 il onlardan ayrı qalmışam. Çünki mən öz vətənimi, onlar isə öz vətənlərini seçiblər. Buna baxmayaraq, bizim bir-birimizə olan məhəbbətimiz və hörmətimiz çox yüksək vəziyyətdə olub. Sevgi də bundan yaranıb. İldə iki dəfə uşağımın yanına gedirdim, o məni həsrətlə gözləyirdi. Amma övladlarım Azərbaycanı sevirlər. Onların hər biri Azərbaycanda yaşamaq istəyir və bu ölkəni sevirlər. Çünki yoldaşım da, mən də Azərbaycanı sevən insan kimi onları böyütmüşük. Oğlumun biri professordur, hər bir elmi adı var, amma Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ona “Fəxri professor”luq verəndə sevincindən yerə-göyə sığmırdı. Dedi, “mənim üçün ən vacibi bu idi”. Biz onlara belə tərbiyyə vermişik.

- İsrail-Azərbaycan dostluğu həmişə olub. Biz Vətən müharibəsində də bu dəstəyi gördük. Bu haqda nə deyə bilərsiniz?

- Mən bunu yüksək qiymətləndirirəm. Kim bizə dostdursa, biz də ona dostuq, düşmən kimi davrananan isə düşmənik. Məsələn, İran heç vaxt bizə dəstək göstərməyib, əksinə erməniləri dəstəkləyib. Azərbaycan-Ermənistan münaqişəsi zamanı biz hər şeyi gördük. Onlar indiyə kimi erməniləri dəstəkləyirlər. İsrail isə həmişə bizi dəstəkləyib. Hətta erməniyə pulu ilə silah da satmadı.

- Azərbaycanın ən faciəli günlərindən tutmuş Zəfər günümüzə kimi bir tarixi yaşamısınız, görmüsünüz. Hansı dövr ürəyinizdə dərin iz qoydu?

- Dediyim kimi müstəqillik illərimizi və Zəfər çaldığımız son qələbəni göstərə bilərəm. 20 Yanvarda yaşananları da unutmaram. Qadınlarımız da meydana girmişdi. Azərbaycanın hər tarixi dövrü mənim üçün həssas və əzizdir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
107
30
musavat.com

10Mənbələr